Füzuli şəhəri Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin qrant dəstəyi ilə “Türk Dünyası Mədəniyyəti” İctimai Birliyi tərəfindən həyata keçirilən “Türk törəsi - Füzulidə beynəlxalq yay məktəbi” layihəsinin son təlim günü böyük coşqu və ruh yüksəkliyi ilə keçib. Üç gün davam edən layihə çərçivəsində həm şagirdlər, həm müəllimlər üçün yaradıcı, sosial-emosional və mədəni inkişafı dəstəkləyən çoxsaylı təlimlər və fəaliyyətlər təşkil olunub.
Layihənin əsas məqsədi işğaldan azad edilən ərazilərdə yaşayan məktəblilərin yaradıcılıq, sosial və intellektual potensialının inkişafına dəstək olmaq, Türk dünyası ölkələrinin mədəniyyətini və ortaq dəyərlərini gənc nəslə tanıtmaqdır. Füzuli məktəbliləri bu günlər ərzində həm yeni dünyagörüşü bilikləri qazanıb, həm də komanda ruhunu, əməkdaşlıq və liderlik bacarıqlarını inkişaf etdiriblər.
Son təlim günündə səhər saatlarında məktəblilər üçün idman-estafet yarışları keçirilib. Uşaqlar yarışlarda böyük həvəslə iştirak edib, birlikdə çalışmaq, komanda ruhu, çeviklik və bir-birinə dəstək olmaq bacarıqlarını nümayiş etdiriblər.
Daha sonra şagirdlər rəssam, “FZ Academy” Tədris Mərkəzinin qurucusu və rəhbəri Fəzail Zəkəriyyənin “Məktəblilərin yaradıcı inkişafı və media savadlılığının artırılması” mövzusunda təşkil etdiyi interaktiv təlimdə böyük maraqla iştirak ediblər. Yüksək əhval ruhiyyədə keçən təlimdə məktəblilər rəssamın “Qarabağ trilogiyası” seriyasına daxil olan rəsmləri ilə, rəsmlərin çəkilməsi və ümumi məzmunun yaradılması texnikası ilə tanış olublar, yaradıcılığın müasir media alətləri ilə vəhdətini, yeni nəsil media texnologiyaları, rəqəmsal yaradıcılıq alətlərindən düzgün və məsuliyyətli istifadə, yaradıcılığın tədrisdə tətbiqi və innovativ düşünmə yolları haqqında yeni məlumatlar əldə ediblər. Sessiyada Fəzail Zəkəriyyə moderatorluğunda təşkil olunan interaktiv onlayn yarışda böyük coşqu ilə iştirak edən uşaqlar həm əylənərək öyrənib, həm də bilik və yaradıcılıqlarını nümayiş etdirmək imkanı qazanıblar.
Günün növbəti hissəsində Türkiyə Respublikasının Milli Eğitim Bakanlığı Adana Çukurova Bilim və Sanat Mərkəzinin baş müəllimi Dr.Çiğdem Şahin “İstedadlı şagirdlərlə işin təşkili” mövzusunda müəllimlərlə görüş keçirib. Sessiyada istedadlı uşaqlarla fərdi yanaşma, sosial-emosional dəstək və pedaqoji innovasiyalar müzakirə olunub, müəllimlərlə bu mövzularda fikir mübadiləsi aparılıb, şəxsi metodologiyanın formalaşdırılması üçün praktik tapşırıqlar icra olunub. Bu sessiya müəllimlər üçün yeni təcrübə və peşəkar inkişaf baxımından faydalı bir öyrənmə mühiti olub.
Günün sonunda keçirilən “Beynəlxalq məktəb təəssüratları” adlı qiymətləndirmə sessiyasında həm şagirdlər, həm də müəllimlər layihə çərçivəsində qazandıqları bilik və təcrübələri bölüşərək rəy anketləri vasitəsilə fikirlərini bildiriblər. 
Layihə müddətində keçirilən təlimlərdə formalaşan xoş əhval-ruhiyyə və öyrənmə mühiti, uşaqların parlayan gözləri, təbəssüm və gülüşləri, onların müxtəlif sessiyalarda maraq və sevinclə iştirakı, həmyaşıdları ilə birgə öyrənməkdən zövq alması “Türk törəsi” layihəsinin əsas uğuru kimi dəyərləndirilə bilər. Bu təşəbbüs həm Füzuli məktəblilərinin yaradıcılıq və sosial bacarıqlarını inkişaf etdirib, həm də Türk dünyası dövlətləri arasında mədəni və təhsil əməkdaşlığının möhkəmlənməsinə töhfə verib.
“Türk törəsi - Füzulidə beynəlxalq yay məktəbi” layihəsi Böyük Qayıdışın ilk məktəblərində həyata keçirilən, dayanıqlı, maarifləndirici və ruhlandırıcı bir platforma kimi gələcəkdə azad olunan digər bölgələrdə də davam etdiriləcək.