Hələ də unuda bilmirəm: niyə 2019-cu ildə “Qarabağ Ermənistandır və nöqtə” demişəm?” Bu bəyanat üzərində düşünmək üçün çox vaxtım olub.
Bakupost.az Teleqraf-a istinadla xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.
“Bəs niyə bu gün sülhə sevinən biri 2019-cu ildə o bəyanatı vermişdi? Bunun çox konkret səbəbi və izahı olmalıdır. İzahat həqiqətən çox konkretdir. Mən bu bəyanatı sadə səbəbə görə vermişdim - “vətənpərvər” idim. Sual yaranır: indi nə oldu, mən “vətənpərvər” deyiləm, buna görə indi daha az “vətənpərvərəm”, onu deyəndə çox? Bəs bu dilemmanı necə həll edək, bu, aşkar ziddiyyətin səbəbi nədir?
İndi mən Ermənistanın (sülh istəyən) analarının müəyyən etdiyi vətənpərvərlik modeli ilə vətənpərvərəm. 2019-cu ildə, o dövrdə Ermənistanda mövcud olan “yeganə vətənpərvərlik modeli” ilə (qonşu ölkələrə qarşı ərazi iddiaları ilə) vətənpərvər idim.
Bəs o vətənpərvərlik modelini kim müəyyən etmişdi, o model necə formalaşmışdı? Həmin model sovet imperiyasının, daha dəqiq desək, həmin imperiyanın rəhbərləri Stalin, Xruşşov, Brejnev tərəfindən verilən vətənpərvərlik modeli idi. “Real Ermənistan” ideologiyasından əvvəl Ermənistanda mövcud olan vətənpərvərlik modelinin 1940-cı illərdən 1980-ci illərə qədər formalaşan kitablar, mahnılar, şeirlər, bədii əsərlər, tamaşalar üzərində qurulduğunun fərqinə varmamışıq”, - Baş nazir qeyd edib.
Paşinyan bildirib ki, Sovet İttifaqının ermənilər üçün formalaşdırdığı “vətənpərvərlik modeli” İkinci Dünya müharibəsində qalib gələrək NATO ilə münaqişəyə girmiş SSRİ-nin ambisiyalarının cənub-qərb istiqamətini ifadə edib:
“Bu model isə Ermənistan SSR-də mövcud olan vətənpərvərlik hislərinin respublika ərazisindən kənara çıxarılmasını (qonşu ölkələrə ərazi iddialarını) təmin etmək məqsədi daşıyırdı. Bu ideologiya onilliklər ərzində kitablar, filmlər, tamaşalar vasitəsilə aşılanıb və (separatçı) “Qarabağ Hərəkatı”nın yaranmasına məhz bu şəkildə formalaşan sosial psixologiyamız səbəb olub. Məndən başlayaraq hamımız o sosial psixologiyanın daşıyıcıları idik. SSRİ-nin formalaşdırdığı həmin sosial psixologiya 90-cı illərdə Ermənistanda formalaşmış nəsillərə ötürüldü və həmin sosial psixologiyanın dərin və şüuraltı məqsədi müstəqil Ermənistan dövlətinin mövcudluğunu strateji cəhətdən mümkünsüz etmək idi, çünki münaqişə kontekstində olan ölkə real müstəqillik qura bilməz”.