Son günlər İranda da yağan intensiv yağışlardan sonra Urmiya gölündə su səviyyəsinin artması qeydə alınıb.
Bakupost.az Güney Azərbaycan kanallarına istinadən xəbər verir ki, paylaşılan yeni görüntülər gölün bir hissəsində canlanmanın başladığını göstərir. Bu hadisə quruma təhlükəsi ilə üz-üzə qalan ekosistemin dirçəlməsi ilə bağlı ümidləri artırıb.
Güney Azərbaycanlı fəal Məhəmməd Dərviş vəziyyətlə bağlı bildirib ki, gölə axan 14 çay üzərində 105 bəndin tikilməsi təbii su balansını pozub. Onun sözlərinə görə, bu bəndlərin ümumi su tutumu 4,7 milyard kubmetr, Urmu gölünün normal fəaliyyəti üçün tələb olunan minimum su həcmi isə 3,4 milyard kubmetrdir.
Aktivist əlavə edib ki, məşğulluq və kənd təsərrüfatı ixracı bəhanəsi ilə edilən yanlış qərarlar nəticəsində Güney Azərbaycanın simvollarından biri sayılan göl kritik quruma səviyyəsinə çatdırılıb.
Cavid, BakuPost