Sosial şəbəkələrdə müştərinin aldığı pomidorun içinin ağ çıxması ilə bağlı görüntülər yayılıb. Belə ki, paylaşım edən şəxs pomidorun xaricdən yaxşı göründüyünü, kəsdikdən sonra isə içinin ağ və istehlaka yararsız olduğunu bildirib. O, belə məhsulların satışına nəzarət olunması üçün aidiyyəti qurumlara çağırış edib.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov
“Bakupost”a bildirib ki, bazar qloballaşdıqca istehlakçı hüquqları arxa planda qalır. Onun sözlərinə görə, elə məhsul növləri hazırlanır ki, uzun müddət xarab olmur, aylarla saxlanılır və xarici görünüşünü qoruyur:
“Azərbaycan da qlobal bazara inteqrasiya olduğu üçün satıcıların və istehsalçıların hamısının marağında malın uzun müddət qalması imkanlarının yaradılmasıdır. Əlbəttə, dünyada genetik modifikasiya olunmuş pomidorlar da var. Güman edirəm ki, bu cür pomidorlar da genetik modifikasiya olunmuş pomidorlardır. Bunların toxumları əksər hallarda hibrid adı ilə Azərbaycana keçirilir və sənədlərdə də hibrid göstərilir. Bəzən mən məsələni dövlət orqanlarının qarşısında qaldıranda deyirlər ki, sən bilmirsən, bunlar hibriddir. Amma mən ehtimal edirəm ki, bunlar geni dəyişdirilmiş pomidorlardır. Uzun müddət qalırlar, xarab olmurlar.
İlk baxışda tərkibində pestisidlərin, nitratların miqdarı normada olur, çünki Qida Təhlükəsizliyi Agentliyi nəzarət edir. Lakin məhsulun istehlakçının tələbatını ödəyib-ödəməməsi, ağız dadına uyğun olub-olmaması arxa planda qalır”.
E. Hüseynov qeyd edib ki, istehlakçı məhsul alarkən onu seçməli, mümkün olduqda yerində kəsib yoxlamalıdır:
“İstehlakçı nə qədər axtarsa da, qədim pomidor növünü tapa bilməyəcək. Onlar artıq sıradan çıxıb. Onlar əkiləndə digər pomidorlarla tozlanma nəticəsində öz sortlarını da dəyişiblər. Bir çox bitkilər, o cümlədən şamama adlanan kolxoz yemişi, badımcanlar sortunu tamamilə dəyişib. Biz içərisində tumu olmayan bibərlər, tumu olmayan qarpızlar görürük. Bunların hamısının mənası odur ki, bütün dünyada biznes siyasəti, istehlakçıdan pul qoparmaq siyasəti öndə istehlakçı sağlamlığı məsələsi isə arxa plandadır. İstehlakçıya yalnız məhsulu kəsib yerində yoxlamaqdan başqa çıxış yolu qalmır. Çox təəssüf ki, vəziyyət belədir. Pomidorlar evdə və ya soyuducuda aylarla xarab olmur. Elə bir şey yaradıblar ki, xarab olmasın, axırda istehlakçının boğazında tıxansın. Azad İstehlakçılar Birliyi belə məsələlərdən çox narahatdır. Biz daim iş aparırıq ki, bunlar azaldılsın”.
Lalə, BakuPost