"Cəmiyyətin gələcəyi uşaqların əlindədir. Övladın təhsil və tərbiyəsində atılan hər addım onun gələcək həyat yolunu müəyyənləşdirir. Amma bəzən valideynlər bu həssas məsələni şəxsi eqolarının, ailədaxili ziddiyyətlərin və ya “haqlı çıxmaq” ehtirasının girovuna çevirirlər. Nəticədə həm vaxt itirilir, həm də övladın psixoloji və akademik inkişafı əngəllənir".
Bakupost.az xəbər verir ki, bu fikirləri təhsil mütəxəssisi, dosent Şəmil Sadiq bildirib.
O qeyd edib ki, uzun illərin müşahidəsi və yaşadığı bir hadisə bu fikri bir daha təsdiqləyib:
" Yaxın qohumum övladını 11-ci sinifdə kursdan çıxarmaq qərarına gəlmişdi. Halbuki uşaq 9-cu sinifdən etibarən həmin kursda sistemli oxuyurdu. İrad bildirdim ki, bu, səhvdir, etməyin, amma dinləmədilər. Kursdan çıxarıb elə həmin kursa dəvət etdiyimiz müəllimlərin yanına – repetitor kimi – göndərdilər. Halbuki kursa ödədikləri məbləğlə repetitorlara ödədikləri məbləğ arasında ən azı ikiqat fərq vardı.
Nəticələr açıqlananda məlum oldu ki, uşaq valideynlərinin gözləntilərinin çox altında bal toplayıb. Onunla eyni kursda çalışan şagirdlərin əksəriyyəti isə daha yüksək nəticələr göstəriblər. Beləliklə, valideyn həm artıq xərc çəkdi, həm də övladının zamanını itirdi. Soruşanda qohumum belə cavab verdi:
– Uşaq da, anası da istəyirdi, mən də razılaşdım. İndi isə hər fürsətdə onları danlayıram. Kursda oxusaydı və nəticə pis olsaydı, məni günahlandıracaqdılar. İndi isə mən haqlı çıxdım.
Bu cavabın özü göstərir ki, məqsəd övladın təhsil uğuru deyil, valideynin “haqlı çıxmaq” hissidir. Halbuki uşaqlar valideynin eqosu üçün yox, öz gələcəklərini qurmaq üçün yaşayırlar.
Psixoloqların fikrinə görə, uşaqların sağlam psixoloji və akademik inkişafında ata və ananın ortaq mövqeyi həlledici amildir. Amerikalı ailə terapevti doktor Virciniya Satir deyirdi: “Uşaqlar valideynlərin münasibət güzgüsündə özlərini görürlər. Əgər bu güzgü parçalanıbsa, uşaq da parçalanmış kimliklə böyüyür”.
Lalə, BakuPost