Çörək gündəlik qida rasionunda ən çox istifadə olunan məhsuldur. Ona görə də çörəyin keyfiyyətinin qorunması üçün onun düzgün saxlanması və qoyulmuş müddət ərzində satılması vacibdir.
Bakupost.az Bizim.Media-ya istinadən xəbər verir ki, dünya təcrübəsində çörək məmulatlarının vitrində saxlanılması əksər ölkələrdə 24 saatdır. Təkcə Rusiya yaxın günlərdə bu müddəti 12 saata endirib. Qoyulmuş müddət ərzində satılmadıqda zavoda geri, təkrar emala göndərilir.
Burada hələ keyfiyyəti itməmiş çörəkdən suxarılar hazırlanır, nisbətən tərkibi dəyişmiş olanlar isə yemlik olaraq ayrılır.
Azərbaycanda çörəyin rəf ömrü 72 saat nəzərdə tutulub. Açıq, paketsiz halda isə bir gündən artıq saxlanılması qadağandır. Çünki hava ilə, eləcə də müştərilərin əllərindən mikrob çirklənməsi ola bilər.
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən qəbul edilmiş “Çörək məhsullarına dair sanitariya norma və qaydaları”na görə, çörəyin saxlama müddəti laborator testlə təyin edilməlidir. Bəzi növ (qatqılı, kəpəkli, çovdar və s.) çörəklərin saxlanma müddəti buna görə təyin olunur. Üzərindəki etiketində istehsal və son istifadə tarixi mütləq göstərilməlidir.
Ev şəraitində isə çörəyi otaq temperaturunda 20-25°-də 2-3 gün saxlamaq olar. Soyuduca çörəyin ömrü uzansa da dadı qaçar, ona görə də mütəxəssislər çörəyi soyuducuda saxlamağı məsləhət görmürlər.
Bəs bayat və ya xarab çörək yemək dərəcədə təhlükəlidir?
Dietoloq Elnarə Fərəcova bildirib ki, bu, çörəyin nə dərəcədə bayat və xarab olub-olmamasından asılıdır.
“Sadəcə bayat çörəkdirsə, yəni çörək quruyub və bərkiyibsə, sağlamlıq üçün ciddi problem yaratmır. Amma həzm etmək bir az çətin ola bilər. Əgər çörəyin üzərində kif (yaşıl, ağ təbəqə) varsa, qəti yemək olmaz. Kifli çörək ürəkbulanma, qarın ağrısı, qusma, allergik reaksiyalar yarada bilər. Uzun müddət qalmış çörəkdə bakteriya inkişaf edə, mədə-bağırsaq xəstəliyi yarada bilər”.