Ru
16:56 / 10 Mart 2026

Pulumuzu sevib, özümüzü saymayanlar - Çin avtomobillərində Azərbaycan dili problemi

Pulumuzu sevib, özümüzü saymayanlar - Çin avtomobillərində  Azərbaycan dili problemi
Eye

Son illər Azərbaycanda Çin istehsalı olan avtomobillərin sayı sürətlə artır.

Statistikaya görə, ötən ilin ilk üç rübündə ölkəmiz Çindən avtomobil idxalını kəskin şəkildə artırıb. 2024-cü ilin eyni dövründə 11 214 ədəd olan idxal 2025-ci ildə 38 713 ədədə yüksəlib. Bu isə 3,4 dəfə artım deməkdir. Nəticədə Çin avtomobillərinin ümumi idxaldakı payı 18 faizdən 50 faizə çatıb.

Həmin dövrdə ölkəyə ümumilikdə 78 205 ədəd minik avtomobili gətirilib ki, bu da indiyə qədər qeydə alınan ən yüksək göstəricidir.

Lakin idxalın artması ilə yanaşı, avtomobillərin istifadəsi ilə bağlı bir problem də gündəmə gəlib. Belə ki, ölkəyə gətirilən bir çox avtomobildə istifadə qaydalarına dair təlimatların Azərbaycan dilinə tərcümə olunmaması alıcılar arasında haqlı narazılıq yaradır və avtomobillərin düzgün və təhlükəsiz istifadəsini çətinləşdirir.

Mövzu ilə bağlı Bakupost.az-a danışan Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının idarə heyətinin sədri Eyyub Əliyev bildirib ki, son illər Çindən Azərbaycana idxal olunan avtomobillərin sayı artsa da, xüsusilə 2024–2025-ci illərdə gətirilən maşınların böyük hissəsi rəsmi dilerlər tərəfindən deyil, fərdi şəxslər tərəfindən qeyri-rəsmi şəkildə idxal olunub:

“Rəsmi dilerlər tərəfindən idxal olunan avtomobillər həm proqram təminatı, həm də servis və ehtiyat hissələri ilə təmin olunur. Sözsüz ki, bəzən istisnalar olur, bir-iki markada axsamalar baş verir. El dili ilə desək, “qurunun oduna yaş da yanır”. Amma ümumi götürsək, rəsmi dilerlər tərəfindən gətirilən avtomobillərdə belə problemlər olmur.

Fərdi şəxslər tərəfindən gətirilən avtomobillərin əksəriyyəti, bəlkə də 95–99 faizi Çinin daxili bazarı üçün nəzərdə tutulmuş modellər olduğu üçün onlarda müəyyən problemlər yaranır”.

Xatırladaq ki, Baş nazir Əli Əsədovun qərarına əsasən, yalnız elektrik mühərriki ilə hərəkətə gətirilən və zavod buraxılışından üç ildən gec olmayan yük avtomobilləri 1 yanvar 2028-ci ilədək gömrük rüsumundan azaddır.

Mütəxəssislərin fikrincə, məsələ təkcə texniki rahatlıqla bağlı deyil. Bu problem həm də Azərbaycan dilinin qorunması və tətbiqi məsələsini gündəmə gətirir. Çünki ölkəyə gətirilən texniki məhsullarda istifadə təlimatlarının dövlət dilində təqdim olunması həm istehlakçı hüquqlarının qorunması, həm də dilimizin texnoloji mühitdə istifadəsi baxımından vacib hesab olunur.

Qeyd edək ki, Prezident İlham Əliyev də Azərbaycan dilinin qorunmasının vacibliyini dəfələrlə vurğulayıb. Dövlət başçısı AMEA-nın 80 illik yubileyinə həsr olunmuş tədbirdə çıxışı zamanı bildirib ki, “Azərbaycan dilinin saflığının qorunması hər bir Azərbaycan vətəndaşının işi olmalıdır.”

Ekspertlər hesab edir ki, Çin Azərbaycana bu qədər böyük həcmdə avtomobil ixrac edirsə və bu proses dövlətlərarası iqtisadi əməkdaşlıq çərçivəsində həyata keçirilirsə, həmin avtomobillərin proqram təminatı və istifadə təlimatlarının da Azərbaycan dilində təqdim olunması vacibdir. Bu, həm istehlakçıların rahatlığı, həm də dövlət dilinə hörmət baxımından mühüm məsələdir.

Lalə, BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar