Ru
15:14 / 10 Mart 2026

Zaman unudur, söz yaddaşa çevirir

Zaman unudur, söz yaddaşa çevirir
Eye

Zaman hadisələri unudur, amma söz onları yaddaşa çevirir. İnsan ömrü ötüb keçir, talelər dəyişir, nəsillər bir-birini əvəz edir. Lakin yazılmış söz yaddaşda qalır və bir dövrün mənəvi izlərini gələcəyə daşıyır.

Bəlkə də buna görə publisistika yalnız xəbər yazmaq sənəti deyil. Publisistika həm də yaddaşı qorumaq, yaddaşa çevirmək, yaddaşlaşdırmaq sənətidir. Çünki jurnalist hadisələri yazmaqla yanaşı, həmin hadisələrin içində yaşayan insan talelərini də sözlə yaddaşa yazır.

Bəzən bir müəllimin ömrü, bəzən bir alimin zəka işığı, bəzən isə bir vətən fədaisinin taleyi publisist qələmi vasitəsilə zamanın yaddaşına həkk olunur.

Müasir Azərbaycan publisistikasında insan talelərinə bu cür həssas münasibət göstərən qələm sahibləri çox deyil. Belə publisistlər üçün hadisə sadəcə informasiya deyil, insan taleyinin bir parçasıdır. Bu cür qələm sahiblərindən biri də Azərbaycan jurnalistikasının tanınmış nümayəndəsi, Lənkəran Dövlət Universitetinin İctimaiyyətlə əlaqələr və mətbuat xidmətinin rəhbəri, həmin universitetin dosenti, filologiya üzrə fəlsəfə doktoru Esmira xanım İsmayılovadır.

Jurnalistlər haqqında yazmaq asan deyil. Çünki adətən insanlar haqqında yazan onlar olur – insan talelərini danışdıran, hadisələri yaddaşa çevirən, bir dövrün mənəvi izlərini sözləri ilə gələcəyə ötürənlər jurnalistlər olsa da, özləri çox vaxt yazı müəllifi kimi o yaddaşın kölgəsində gedirlər.

Esmira xanım elə qələm sahibləri kateqoriyasına aiddir ki, yazıları ilə insan talelərinə diqqəti, müəllimə, alimə – ziyalıya ehtiramı, vətənə bağlılığı və milli yaddaşı qorumaq borcunu yüksəklərə qaldırır.

Yazılarına münasibəti də onun publisist xarakterini yaxşı göstərir. Çap olunan yazılarını müzakirə üçün həmkarlarına göndərir, müxtəlif fikirləri diqqətlə dinləyir və lazım gəldikdə mətn üzərində yenidən işləməkdən çəkinmir. Bu cür yanaşma sözə məsuliyyət hissinin və əsl publisist mədəniyyətinin göstəricisidir.

Televiziya jurnalistikası onun fəaliyyətinin mühüm istiqamətlərindən biri olub. ANS və AzTV ilə əməkdaşlıq, bölgə müxbiri kimi fəaliyyəti ona hadisələri birbaşa müşahidə etmək və onları operativ şəkildə tamaşaçıya çatdırmaq imkanı verdi. Televiziya jurnalistikası xüsusi çeviklik və məsuliyyət tələb edir: hadisəni vaxtında görmək, onu dəqiq təqdim etmək və eyni zamanda insan faktorunu unutmamaq jurnalistin əsas peşə bacarıqlarından sayılır.

Esmira İsmayılovanın televiziya reportajlarında da bu xüsusiyyətlər aydın hiss olunurdu. Onun reportajları yalnız hadisələrin quru təsviri deyildi; həmin hadisələrin arxasında duran insan talelərini göstərmək istəyi bu materialların əsas xüsusiyyətlərindən idi. Bu baxımdan onun jurnalistikası informativliklə yanaşı humanist baxışla da səciyyələnirdi. Onun yaradıcılıq yolunun ilk mərhələsi bir obrazı aydın şəkildə ortaya qoydu – jurnalist obrazını.

Jurnalistika sahəsində qazandığı bu təcrübə sonralar onun publisistik yaradıcılığının əsasını təşkil etdi. Çünki televiziya və mətbuat fəaliyyətində əldə olunan müşahidələr, qarşılaşılan insan taleləri və gördüyü həyat mənzərələri onun qələminə yeni mövzular və düşüncə istiqamətləri gətirdi.

Esmira İsmayılovanın publisistik yazılarına nəzər salanda bir məqam diqqəti cəlb edir: bu yazıların mərkəzində həmişə insan dayanır. Müəllif müxtəlif mövzulara müraciət etsə də, həmin mövzuların arxasında insan talelərini, mənəvi dəyərləri və cəmiyyət üçün əhəmiyyətli olan həyat hekayələrini görməyə çalışır.

Onun publisistik yaradıcılığında xüsusilə diqqəti çəkən istiqamətlərdən biri ziyalı portretləridir. Müxtəlif alimlər, müəllimlər və mədəniyyət xadimləri haqqında yazılarında (belə yazıların sayı xeyli çoxdur!) müəllif onların həyat yolunu və mənəvi dünyasını təqdim etməyə çalışır. Bu yazılarda təkcə faktlar deyil, həm də həmin insanların cəmiyyət üçün daşıdığı mənəvi yük, gördükləri işin ictimai əhəmiyyəti və şəxsiyyətlərinin insani tərəfləri göstərilir.

Yazılarında tez-tez rast gəlinən başqa bir mövzu isə kitab və ədəbiyyat haqqında düşüncələrdir. Çeşidli elm sahələrinə aid kitablar haqqında yazılarında müəllif oxu mədəniyyətinin əhəmiyyətini vurğulayır, ədəbiyyatın insan dünyagörüşünün formalaşmasında oynadığı rola diqqət çəkir. Bu yazılar publisistik esse xarakteri daşıyır və müəllifin ədəbi düşüncə tərzini aydın şəkildə nümayiş etdirir.

Esmira İsmayılovanın publisistikası üçün səciyyəvi olan digər bir istiqamət isə regional həyatın təsviridir. Lənkəran və ümumiyyətlə cənub bölgəsinin sosial və mədəni həyatı onun yazılarında tez-tez əks olunur. Bu yazılar yalnız regional informasiya xarakteri daşımır; onlar həm də həmin bölgənin insanlarını, adət-ənənələrini və həyat tərzini göstərən publisistik müşahidələrdir.

Onun publisistik yazılarında xüsusi yer tutan mövzulardan biri də insan taleləridir. Müəllif müxtəlif insanların həyat hekayələrini təqdim edərkən onların talelərindəki mənəvi gücü və insani dəyərləri ön plana çəkir. Bu baxımdan Esmira İsmayılovanın publisistikası humanist baxışla seçilir.

Esmira İsmayılovanın publisistik yazılarında milli yaddaş mövzusu xüsusi yer tutur. Onun müxtəlif yazı və statuslarında Azərbaycanın qəhrəman oğullarının xatirəsinə müraciət etməsi bu baxımdan diqqəti cəlb edir. Müəllif II Dünya müharibəsinin qəhrəmanı, general-mayor Həzi Aslanovdan tutmuş Qarabağ savaşının simvollarına çevrilmiş Mübariz İbrahimov, Pəncəli Teymurov və Vüsal Kazımov kimi igidlərin həyat yoluna və qəhrəmanlıq nümunələrinə dəfələrlə müraciət edir. Bu yazılarda qəhrəmanlıq yalnız tarixi fakt kimi deyil, həm də xalqın mənəvi yaddaşını formalaşdıran dəyər kimi təqdim olunur.

Belə yanaşma publisistin əsas mövqeyini də aydın göstərir: tarix yalnız arxivlərdə deyil, insanların yaddaşında və sözündə yaşayır. Qəhrəmanların talelərinə müraciət etməklə müəllif oxucunu həm keçmişin dərsləri haqqında düşünməyə, həm də milli yaddaşı qorumağın zəruriliyini dərk etməyə çağırır.

Esmira İsmayılovanın publisistikasında diqqəti cəlb edən əsas xətt müxtəlif mövzuların – ziyalı portretlərinin, müəllim və alim talelərinin, sadə insanların həyat hekayələrinin və Vətən uğrunda canından keçmiş qəhrəmanların xatirəsinin – vahid bir ideyada birləşməsidir: milli yaddaşı söz vasitəsilə yaşatmaq. Bununla da onun yaradıcılıq yolunda ikinci müəllif obrazı formalaşır – publisist obrazı.

Jurnalistika ilə yanaşı Esmira İsmayılovanın fəaliyyətində mühüm yer tutan başqa bir istiqamət də vardır: müəllimlik və maarifçilik fəaliyyəti. Lənkəran Dövlət Universitetində uzun illərdir davam edən pedaqoji fəaliyyəti, universitetin İctimaiyyətlə əlaqələr və mətbuat xidmətinə rəhbərlik etməsi və tələbələrlə işləməsi onun yaradıcılıq portretinin başqa bir tərəfini açır. Bu fəaliyyət yalnız təşkilati və inzibati vəzifələrlə məhdudlaşmır. Burada əsas məsələ gənclərlə ünsiyyət, peşə təcrübəsinin və incəliklərinin yeni nəslə çatdırılmasıdır.
Jurnalistika yalnız nəzəri biliklərlə öyrənilən bir sahə deyil; bu peşə həyat müşahidəsi, praktiki təcrübə və söz məsuliyyəti tələb edir. Uzun illər televiziya və mətbuat sahəsində çalışmış bir jurnalistin auditoriya qarşısında danışması isə tələbələr üçün yalnız dərs deyil, həm də canlı təcrübə məktəbi deməkdir. Esmira İsmayılova bu təcrübəni gənclərlə bölüşməyi müəllimlik fəaliyyətinin əsas missiyalarından biri hesab edir.

Onun publisistik yazılarında da maarifçi ton açıq hiss olunur. Təhsil, kitab, ziyalı və mədəniyyət mövzularına tez-tez müraciət etməsi təsadüfi deyil. Bu yazılarda müəllif yalnız məlumat verməklə kifayətlənmir, oxucunu düşünməyə, oxumağa və mənəvi dəyərlər haqqında düşünməyə sövq edir. Beləliklə, onun yaradıcılıq portretində daha bir tərəf aydın görünür – müəllim obrazı.

Bu portretin üçüncü mühüm tərəfi isə elmi fəaliyyətlə bağlıdır. Esmira İsmayılova filologiya üzrə fəlsəfə doktoru, dosent kimi ədəbiyyatşünaslıq sahəsində də tədqiqatlar aparır. Elmi maraq dairəsi Azərbaycan və ümumtürk poeziyası, milli yaddaş və ədəbi ənənə məsələləri əhatə edir. Onun “Məhəmmədhüseyn Şəhriyarın anadilli poeziyasında milli yaddaş və onun yaratdığı milli özünüifadə ənənəsi” mövzusunda müdafiə etdiyi dissertasiya və mövzu ilə əlaqəli onlarla elmi məqaləsi bu baxımdan diqqəti cəlb edir. Bu araşdırmada müəllif Şəhriyar poeziyasını yalnız bədii-estetik hadisə kimi deyil, həm də milli yaddaşın və milli özünüifadə düşüncəsinin poetik təcəssümü kimi təhlil edir.

Tədqiqatda Şəhriyarın anadilli poeziyasının xalqın tarixi yaddaşı, milli kimlik duyğusu və mədəni ənənələrlə bağlılığı göstərilir, Şəhriyar yaradıcılığına yalnız ədəbi fakt kimi deyil, həm də milli-mədəni fenomen kimi yanaşılır. Həmin tədqiqat Şəhriyar poeziyasının milli yaddaş kontekstində araşdırılması baxımından diqqətəlayiq elmi işlərdən biri kimi qiymətləndirilə bilər. Tədqiqatının ən mühüm nəticəsini müəllif belə yekunlaşdırır: poeziya yalnız bədii söz deyil; o, həm də bir xalqın tarixi və mənəvi yaddaşını daşıyan estetik məkandır.

Bu baxımdan Esmira İsmayılovanın elmi fəaliyyəti ilə publisistik yaradıcılığı arasında maraqlı bir əlaqə müşahidə olunur. Publisist yazılarında insan taleləri və mənəvi dəyərlər necə ön plana çıxırsa, elmi tədqiqatlarında da milli yaddaş və ədəbi ənənə məsələləri diqqət mərkəzində dayanır. Bununla da, onun yaradıcılıq portretində üçüncü bir obraz da aydın şəkildə görünür – alim obrazı.
Esmira İsmayılovanın publisistik yazıları üslub baxımından bir neçə mühüm xüsusiyyətlə seçilir. Bu xüsusiyyətlər onun müəllif qələmini fərqləndirən və oxucu ilə xüsusi ünsiyyət yaradan əsas cizgilər kimi diqqəti cəlb edir.

Bu üslub xüsusiyyətlərindən biri emosional-etik tondur. Onun yazılarında ziyalıya, müəllimə və ümumiyyətlə insana hörmət hissi açıq şəkildə duyulur. Məsələn, müəllif yazır: “... bütün həyat və fəaliyyəti ziyalılıq nümunəsidir. O, yorulmaz tədqiqatçı, istedadlı publisist, tələbələrinin yolunu həyəcanla gözlədiyi mahir pedaqoqdur…” Bu cümlələrdə yalnız faktların sadalanması deyil, həm də müəllifin təqdim etdiyi şəxsiyyətə mənəvi münasibəti hiss olunur. Bu münasibət publisistik mətndə etik və emosional ton yaradır.

Esmira İsmayılovanın publisistikasında diqqəti cəlb edən digər bir xüsusiyyət metaforik və obrazlı ifadə tərzidir. Onun yazılarında faktlar çox vaxt poetik çalarlarla təqdim olunur. Məsələn, Xocalı faciəsinə həsr olunmuş bir yazısında hadisəni sadəcə tarixi fakt kimi təqdim etmir, onu “qan yaddaşımız” kimi xarakterizə edir. Ümumiyyətlə, müəllifin publisistikasında iki əsas metaforik xətt diqqəti cəlb edir: yaddaş metaforaları (yaddaş, qan yaddaşı, xatirə) və qəhrəmanlıq metaforaları (qan, cəsarət, hünər, Vətən sevgisi). Birinci halda tarix və milli taleyin ağrılı səhifələri “qan yaddaşı”, “yaddaşın ağır səhifələri”, “qəlblərdə yaşayan xatirələr” kimi ifadələrlə təqdim olunur. İkinci halda isə qəhrəmanlıq və Vətən uğrunda mübarizə “məğlubedilməz igidlərin qanı”, “ölümü sarsıdan cəsarət”, “Vətən yanğısı”, “Vətən sevgisi” kimi metaforalar vasitəsilə təsvir edilir. Bu cür obrazlı ifadələr publisistik mətnə emosional güc verir, hadisələrin mənəvi məzmununu daha təsirli şəkildə açır və oxucunun yaddaşında daha dərin iz buraxır.

Esmira xanımın publisistik yaradıcılığında portretçilik də mühüm yer tutur. Müəllif müxtəlif alimlər, müəllimlər və ziyalılar haqqında yazılarında onların həyat yolunu yalnız faktlar vasitəsilə deyil, həm də xarakter xüsusiyyətləri və mənəvi keyfiyyətləri ilə təqdim etməyə çalışır: “Simasından, xarakterindən bir payız müdrikliyi boylanır, çoxşaxəli yaradıcılığı da payızın rəng çaları qədər rəngarəng, möhtəşəmdir, zəngindir. Xarakterində həm payız havasının ilıqlığı, mülayimliyi var, həm də sərtliyi, tələbkarlığı...” Bu cür təsvirlər publisistik portret janrının ən səciyyəvi xüsusiyyətlərindən biridir.

Yazılarında diqqət çəkən başqa bir xüsusiyyət humanist baxışdır. Müəllif insan talelərinə xüsusi həssaslıqla yanaşır. “Günah” hekayəsində təqdim olunan obrazın həyat hekayəsi buna nümunədir: “Anasını çox sevirdi və bu sevgi adi sevgi deyildi… yüksək, çox yüksək, ilahi bir hiss idi…” Bu cümlələr insanın daxili dünyasını açmağa yönəlmiş humanist baxışı nümayiş etdirir. Hətta bədii mətnlərində belə publisistik düşüncənin əsas xüsusiyyətlərindən biri – insan taleyinə diqqət açıq şəkildə hiss olunur.

Onun publisistik üslubunun başqa bir mühüm xüsusiyyəti maarifçilik istiqamətidir. Təhsil, kitab, ziyalı və mədəniyyət mövzularına tez-tez müraciət etməsi müəllifin cəmiyyətin intellektual inkişafı məsələlərinə həssas yanaşdığını göstərir. Bu yazılarda müəllif oxucuya yalnız məlumat vermir, həm də düşünmək, oxumaq və mənəvi dəyərlər haqqında düşünmək üçün stimul yaradır.

Esmira İsmayılovanın publisistik yazılarının ən səciyyəvi xüsusiyyətlərindən biri səmimi müəllif tonudur. Onun mətnlərində müəlliflə oxucu arasında sanki canlı dialoq yaranır. Yazılarında istifadə etdiyi müraciətlər, emosional ifadələr və müşahidələr publisistik mətnin canlı və oxunaqlı olmasına imkan yaradır. Məsələn, Türkmənçay müqaviləsi ilə bağlı yazılarından birində müəllif oxucuya belə müraciət edir: “Azərbaycan tarixinin ən ağrılı səhifəsidir bu gün... Görəsən bu tarix yenidən yazılacaqmı, ikiyə bölünmüş xalqın yenidən birləşmək şansı varmı?..” Bu cür ritorik suallar müəllifin oxucu ilə düşüncə mübadiləsi qurmaq istəyini göstərir və publisistik mətnə canlı dialoq xarakteri verir.Yaxud müəllimi haqqında yazılarından birində müəllif ona belə müraciət edir: “Əziz müəllim, Sizin öyrətdikləriniz yalnız auditoriya ilə bitmədi. Bu gün də o sözlər, o məsləhətlər yaddaşımızda yaşayır.” Bu cür müraciətlər publisistik mətnə səmimi ünsiyyət tonu gətirir və müəlliflə oxucu arasında mənəvi yaxınlıq yaradır.

Esmira İsmayılovanın publisistik üslubu emosional-etik ton, metaforik ifadə tərzi, portretçilik, humanist baxış, regional mədəni kontekst, maarifçi istiqamət və səmimi müəllif tonu kimi xüsusiyyətlərin vəhdəti ilə formalaşır. Məhz bu xüsusiyyətlər onun publisistikasını oxucu üçün həm informativ, həm də mənəvi baxımdan dəyərli edən əsas cəhətlərdir.

Beləliklə, Esmira İsmayılovanın yaradıcılıq portretinə nəzər salanda onun fəaliyyətində üç əsas müəllif obrazının aydın şəkildə formalaşdığını görürük: jurnalist, müəllim və alim. Bu üç istiqamət bir-birindən ayrı deyil; əksinə, onlar bir-birini tamamlayaraq vahid bir yaradıcılıq xətti yaradır. Jurnalistin müşahidə qabiliyyəti, müəllimin maarifçi mövqeyi və alimin analitik düşüncəsi onun publisistikasında üzvi şəkildə birləşir.

Esmira xanımın publisistikası yalnız hadisələri təsvir etməklə məhdudlaşmır. Bu yazılarda insan talelərinə diqqət, ziyalıya və müəllimə ehtiram, vətənə bağlılıq və milli yaddaşa münasibət xüsusi yer tutur. Məhz buna görə onun publisistik yazıları faktların sadə təqdimatı deyil, həm də zamanın mənəvi mənzərəsini göstərir.

Publisist qələminin ən böyük missiyalarından biri söz vasitəsilə yaddaşı qorumaqdır. Hadisələr zaman keçdikcə unudula bilər, amma söz onları yaddaşa çevirərək gələcək nəsillərə çatdırır. Esmira İsmayılovanın publisistik yaradıcılığında da məhz bu missiya aydın şəkildə hiss olunur. Onun yazıları insan talelərini danışdıran, ziyalı portretlərini yaddaşda yaşadan və cəmiyyətin mənəvi dəyərlərinə diqqət yönəldən publisistik mətnlərdir. Bu yazılarda söz yalnız informasiya vasitəsi deyil, həm də yaddaşı qoruyan və onu gələcəyə daşıyan mənəvi bir körpüdür.

Bəlkə də buna görə Esmira İsmayılovanın publisistikası haqqında danışarkən belə demək daha doğru olar: onun yazıları sözün yaddaşa çevrildiyi publisistikadır.


İlham TAHİROV
filologiya elmləri doktoru, professor


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar