Rusiya İstehlakçılara Nəzarət Federal Xidmətinin (Rospotrebnadzor) təşəbbüsü ilə "Dürüst işarə" markalanma sistemi Ermənistan istehsalı olan təqribən 1.1 milyon şüşə "Cermuk" mineral suyunun ticarətini dayandırıb.
Bakupost.az Oxu.Az-a istinadla xəbər verir ki, bu məlumatı "Rospotrebnadzor"un Mətbuat Xidməti RBK-ya təsdiqləyib.
Qadağalar 23 oktyabr 2025-ci ildən 27 mart 2026-cı ilədək olan dövrdə istehsal edilmiş yeni suların ekspertizasından sonra qüvvəyə minib. Qurumdan qeyd edilib ki, götürülmüş nümunələrdə zəruri standartlar pozulub. Satışın dayandırılması insanların həyat və sağlamlığına dəyə biləcək mümkün zərərlərin qarşısının alınması məqsədi daşıyır. Tətbiq edilən məhdudiyyət fərqli formalarda qablaşdırılmış doqquz növ məhsulun istehsal tarixlərinə şamil olunur.
"Markalanma sistemi alıcı hüquqlarını qoruyan güclü rəqəmsal vasitədir. Nəzarət orqanının müraciəti daxil olan kimi, bütün ölkə üzrə həmin malların ticarətini dərhal dondurduq - beləliklə, alıcılar potensial risk daşıyan suları əldə edə bilməyəcəklər. Bu sistem məhsulun zavoddan çıxdığı andan vitrinə gedənədək bütün mərhələlərini nəzarətdə saxlayır - bu cür yanaşma qüsurlu məhsulları dərhal dövriyyədən çıxarmağa və mağazalara yalnız yoxlanılmış, təhlükəsiz malların buraxılmasına şərait yaradır", - deyə "Dürüst işarə" sisteminin operatoru olan Perspektiv Texnologiyaların İnkişafı Mərkəzinin baş direktor müavini Revaz Yusupov bildirib.
Xatırladaq ki, daha öncə də 338 min şüşə suyun satışı qadağan edilmişdi. Bununla da müvəqqəti bloklanan məhsulların ümumi həcmi 1.4 milyon ədədə çatıb. Təkrar ekspertizalar yekunlaşana və rəsmi icazə verilənədək həmin suların satışına icazə olmayacaq.
"Rospotrebnadzor" yoxlanılan nümunələrdə normadan artıq sulfat, xlorid və bikarbonat ionları tapıldığı üçün Ermənistandan bəzi "Cermuk" partiyalarının gətirilməsini və satışını dayandırıb. Aşkar edilən fərqliliklər həm qablaşdırma məlumatlarını, həm də Avrasiya İqtisadi İttifaqının (Aİİ) texniki reqlamentlərini kobud şəkildə pozur. Federal Xidmətin rəyinə görə, bu hal müştəriləri aldatmaqla yanaşı, insan səhhətinə də ziyan vura bilər.
Qeyd edək ki, 2024-cü ildə Şimali Osetiyada bir vətəndaşın zəhərlənməsi faktından sonra markalanma sistemi vasitəsilə 2.5 milyon şüşə "Cermuk" sularının dövriyyəsi məhdudlaşdırılmışdı. O zaman yoxlanılan şüşələrdə mineral suyun deyil, sirkə turşusunun olduğu müəyyən edilmişdi.