Ru
11:55 / 13 Sentyabr 2019

Xalalarsız bir həyat...

5826


Günel MUSA
Başlıqdan yəqin anlamısınız mövzunu. İndi deyəcəksiniz ki, bu boyda dərdin-sərin arasında bu qız niyə bu mövzuya toxunub. Amma dərinə getsək, görərik ki, elə bizim ən böyük dərdlərimizin qaynağı burdan başlayır. Vecsizlik, duyarsızlıq, riyakarlıq, eqo, cinsi ayrı-seçkilik, şiddət və sair və ilaxır.


Öz dövrünü artıq yüz ildir, başa vurmuş mövzulardakı bitmək bilməyən məsləhətləri, yersiz iradları ilə gənclik dövrü yaşamamış kimi bir təəssürat sərgiləyən, adətən klimaks dövrünün ən qaynar çağını yaşayan bu xalalara hər yerdə rast gəlmək mümkündür. Məhəllədə, küçədə, marketdə, idarələrdə, xəstəxanalarda. Amma ən çox performanslarını ictimai nəqliyyatlarda görmək mümkündür.

Bu xalaların avtobusa, metroya minməkləri də, enməkləri də rəsmi keçiş mərasimi ağırlığı daşıyır. Gözlə təcavüz mövzusunda çox istedadlı olan bu xalalar adamın üzünə elə pis-pis baxarlar ki, özünüzü iyrənc bir böcək kimi hiss edərsiniz.


Həftənin sonuncu iş (yaxud dərs) gün, yorğun, halsız, ac, tükənmiş şəkildə işdən çıxıb özünü metroya, avtobusa güclə salan biz gənclər boş yerlərdə oturmaqla həyatımızın səhvini etmiş oluruq. O saat əlində bir torba, yaxud da ayaq üstdə duracaq qədər enerjili, qaynayan bir uşaqla təpənizin üzərini qara bulud kimi alırlar. Gözlərini bəbəkləri yerindən çıxacaq qədər bərəldib, zilləyərlər gözlərimizə və başlayar o “ahlar, offlar”. Yanında həmən an özü tipli bir “şikayətçi” tapıb gənclərin mədəniyyətsizliyindən, hörmətsizliyindən, ailə tərbiyəsi görməməsindən uzun-uzun, səsli-səsli leksiya söyləməyə başlayarlar. Sakit gedən avtobusda sürücü tormoz vermədən belə özünü səndələyərmiş kimi üstünüzə yıxma potensialı yüksək olan bu xalalara axırda yer də versəniz səsləri, nifrət saçan baxışları, məntiqsiz etirazları bitməz.

Həqiqətən yatsanız belə bu sizi onların gözündə günahsız etməz. Sırf yer verin deyə deyinərlər. Birində alınmadısa hədəf nöqtələrini dəyişərlər. Ta ki, biri təcavüzə dayana bilməyib yer verənə qədər davam edərlər. Ən qəribəsi də odur ki, qətiyyən sizin yorğun, xəstə, fikirli olacağınızı düşünmürlər. Cavab atəşi ilə susdurmaq cəhdlərimiz isə çox vaxt uğursuz olur. Qəribə bir duyğu seli ilə bütün nəqliyyatı ələ alıb, kütləni sənin üzərinə hücuma keçməyə hazır vəziyyətə gətirirlər. Bir də bu xalaların bəzək-düzəyi, makyajı yerində olan, ayağında 7 santimetrlik topuqlu ayaqqabı olanları var. Onları görəndə “Sən o ayaqqabı ilə bütün şəhəri dolaşıb, toyları yola verən adamsan, ay xala 10 dəqiqə ayaqüstdə getsən nə olacaq?” deyəsim var.


Təbii ki, istisnalar hər zaman mövcuddur. Qaş-göz hərəkəti etmədən, söz atmadan. Mədəni şəkildə “qızım, oğlum çox yorğunam, xəstəyəm mənə yer verə bilərsənmi?” deyən, insanlara hücum etməyən, ya da yer verildiyində “zəhmət çəkmə balam düşəcəm” deyən xalalara da rast gəlirik.

Amma bəxtimə çox nadir hallarda belə xalalar düşüb. Uzun sözün qısası bütün gəncliyi vaxtsız qocalmağa vadar edən bu xalaların olmadığı metro və avtobus istəyirəm...


Şərhlər
  • CAVİD Həsənquliyev

    Çox sağolun gözəl yazıdı. Mən ictimai nəqliyyatdan istifadə etmirəm, bu yazıdan sonra qətiyyən istifadə etmərəm də, ????

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər