“Mənim dükana borcum olsaydı, çəkildiyim filmin qonorarından imtina etməzdim”.
Bu sözləri Xalq artisti
Lətifə Əliyeva Bakupost.az -a verdiyi açıqlamasında bildirib.
Xalq artisti ötən ay Kulis.az saytında “Maraqlı faktlar” rubrikasında yayımlanan və başlığa çıxarılan “Dükanlara borcu qalan Xalq artistimiz” sözlərinə kəskin reaksiya bildirərək deyib:
“Allah prezidentimizin canını sağ eləsin, illərdir, mən prezident təqaüdü alıram, azdan-çoxdan filmlərə çəkilirəm. Dükana borclu qalacaq qədər əldən-ağıza qalmamışam. Neçə gündür özümə gələ bilmirəm. Xəstə, yaşlı adamam mən. Onların nə ixtiyarı var mənim haqqımda həqiqətə uyğun olmayan şeylər yazıb məni biabır edirlər. Bir neçə il bundan əvvəl Elgiz mənə zəng vurdu, verilişə dəvət etdi. O zaman da ayaqlarımın vəziyyəti yaxşı deyildi. Dedim, gələ bilməyəcəm. Dedi, mən müxbir göndərəcəm gəlib evdə çəksinlər. Razılaşdım. Çəkiliş vaxtı çox söhbətlər etdik. Onlar gedənə yaxın dedim ki, elə mən də sizinlə gedim yolüstü bankdan təqaüdümü çıxarım. Neçə vaxtdır, gedə bilmirəm dükanlara borclu qalmışam. Mənim dükanlara borclu qalmağım pulsuzluqdan olmayıb. Hətta zarafat elədim ki, lap yolda benzininizi də vuraram. Çəkilişdən sonra montajda söhbətin əvvəlini montaj edib bu sözlərimi saxlayıblar. Mən etirazımı bildirdim sonra, Elgiz də sağ olsun, bu barədə geniş açıqlama verdi ki, montajor təzə olub bilməyib. Məsələ də qapandı. İndi o məqaləni hazırlayan kimdirsə zəhmət çəkib araşdırmaq istəməyib. Baxış sayına görə bu cür ucuz yola əl atıblar. Bu jurnalistika deyil. Araşdırmadan, həmin açıqlamanı oxumadan qabağına çıxan məlumatı yazmaq qeyri-peşəkarlıq, hətta cinayətdir. Çünki mənim səhətimə ziyan vurublar bu hərəkətləri ilə.
Mən varlı adam deyiləm, amma acından da ölmürəm. Yaxşı, mən necə dükana borclu qalıram ki, ATV-yə yardım məqsədilə 1000 manat məbləğində pul köçürmüşəm. İki dəfə Elgizin, bir dəfə Zaurun verilişinə xəstə adamlar üçün ianə etmişəm. Mağazaya getməyə pul tapmayan adam bunu necə edə bilər? Bu yaxınlarda Salatın Əsgərova haqqında filmə çəkildim. Mən o film üçün mənə ayrılan qonorardan, şəhid xanımın müqəddəs adına görə imtina etdim. Özümə sığışdırmadım şəhid haqqında çəkilən film üçün qonorar almağı. Mən sizin saytın vasitəsilə Kulis.az saytının rəhbərliyinə və o məqaləni yayıma buraxan redaktora səslənirəm. Əgər həmin məqalə yayımdan qalxmasa mən məhkəməyə müraciət edəcəyəm. Buna mənim gücüm də çatır, haqqım da”.
Baku Post