Ru
09:27 / 19 Sentyabr 2026

Üzeyir bəyi öz qohumları öldürdü - VİDEO

Üzeyir bəyi öz qohumları öldürdü  - VİDEO
Eye

Bakupost.az yazıçı Şərif Ağayarın iştirakı ilə Bakupost TV yutub kanalında yayımlanan “Yazıçı Postu” layihəsinin 38-ci buraxılışının yazılı variantını təqdim edir.

Yeni tədris ili...

– Yeni tədris ili başaldı. Bu münasibətlə məktəbə ilk qədəm basan uşaqları, bütün müəllim və şagirdləri tədbrik edirəm. Tədrisin səviyyəsindən asılı olmayaraq bir bayram əhvalı yaşadıq. Lakin mənim diqqətimi bir məsələ çəkdi. 2025-ci illə müqayisədə bu il məktəbə yeni qədəm basan şagirlərin sayında kəskin azalma gördüm. Ötən il bu uşaqların sayı 131 min 800 nəfər idisə, bu il 124 mindir. 7 min 800 fərq. Məncə, səbəb son illər gənclərin problemlər üzündən evlənə bilməməsi, evlənənlərin isə ya az uşaq istəməsi, ya da heç uşaq istəməməsi ilə bağlıdır. Bu isə gələcəkdə demoqrafik fəlakət deməkdir. Məncə, bu məsələ ilə bağlı ciddi ölçü götürülməli, gənclərin evlənməsi və dünyaya uşaq gətirməsi üçün onlara motivasiya verilməlidir. Çünki biz nə qədər dünyəvi dövlət sayılsaq da, ailə dəyərləri üzərində təşəkkül tapan cəmiyyətik və məncə, bu dəyərləri bacardıqca qoruyub saxlamağa çalışmalıyıq.

Bloqqerlər və jurnalistlər...

– Azərbaycan hökuməti xarici diplomatların iştirakı ilə Qarabağa bir səfər təşkil etdi və bu səfərdə jurnalistlərdən çox bloqqer dəvət etdi. Bununla da sosial şəbəkələrdə və mətbuatda böyük bir qırğın başladı. Jurnalistlər etiraz etdilər: niyə bizi qoyub bloqqerləri aparırsınız, bizim səviyyəmiz daha yuxarıdır. Bir jurnalistin məqsədi heç vaxt hökumətin keçirdiyi tədbirərdə iştirak etmək olmamalıdır. Əlbəttə, dəvət edərlərsə, gedə bilər, lakin onun işi bu deyil. Kimisə dövlət tədbirlərinə çağırmayıblarsa, o bundan inciməməlidir.

Ümumilikdə dövlətlə yaradıcılıq sahələrinin əməkdaşlığında bir çox problemlər ortaya çıxır və sivil dəyərlərlə heç cür uyğunlaşmır. Bir çox media rəhbərləri əməkdaşlıq adı ilə, dövlətçilik adı ilə öz müstəqilyindən o qədər əl çəkib ki, oxucu auditoriyasını da, nüfuzunu da tamam itirib. Artıq heç kim ona inanmır, heç kim onunla maraqlanmır. Hamı bloqqerlərə tamaşa eləməyə gedir.

Hakmiyyət də kifayət qədər ağıllıdır, auditoriyası olan insanlarla hesablaşır və hesablaşmalıdır. Şəxsən mən neftin havayı pulundan alıb öz azadlığından və müstəqilliyindən könüllü şəkildə tamamilə imtina edən jurnalistlərsənsə, söykəyimi atıb Baboşa baxıram.

Real TV-nin diletant müsahibəsi...

– Müsahibəni alan rejissor dostumuz Kamran Qasımovdur, müsahibə verən isə Kinemaqrafçılar İttifaqının yenicə təyin olunmuş, məhz təyin olunmuş sədri Şəfiqə Məmmədova. Söhbət ittifaqın qurultayından dərhal sonra aparılır. Kamran bəy həm də ittifaqın idarə heyətinin üzvüdür. Sizcə jurnalist etikasına nə qədər sığır – bir insan idarə heyətində təmsil olunduğu bir qurumun sədrindən müsahibə alır. İkinci məsələ. Ona ilk sualı seçki platforması ilə bağlıdır. Seçki yoxdur, Kamran bəy platforma soruşur. Şəfiqə Məmmədova ondan daha səmimidir. Platforma sözünü eşidəndə, bir qədər fikrə gedir, deyir, platforma çox ciddi ölçüdür və mən Kino İttifaqının platformasını və sair və ilaxır... Görmüşük seçkilərdə namizdəin plattforması olar, Şəfiqə xanım isə ittifaqın platformasından danışır. Şüuraltısı onu ələ verir. Yanlış bir ifadə daha böyük yanlışı ortaya çıxaraır. O bununla ortada heç bir seçki olmadığını nümayiş etdirir.

Əlbəttə, Kamran Qasımov Şəfiqə Məmmədovanı müdafiə etmək məsqədi ilə alıb bu müsahibəni. Lakin bu bucaqdan baxanda da o qeyri-peşəkar davranır. Adam müdafiə etdiyi təzə sədrdən olmayan bir şeyi soruşarmı? Halbuki Real TV peşəkar televiziyalardan biridir və əməkdaşları həmişə bu gerçəkliyi yüksək səslə bəyan edirlər.

Misir Mərdanovun iradı və təkzibi...

– Səmimi deyim, keçmiş təhsil naziri Misir Mərdanova izahını bilmədiyim bir simpatiya bəsləyirəm. Bəlkə, yaxşı danışmaq qabiliyyətinə görədir, bəlkə, müəllimlər haqda dediyi dəyərli fikrə görədir: “Bu maaşla müəllimlərdən yüksək heç nə tələb eləmək olmaz!” Lakin bu dəfə Dövlət İmtahan Mərkəzi haqda dediklərini təkzib etməsi məndə bir balaca xəyal qırıqlığı yaratdı. Əlbəttə, biz Təhsil Nazirliyi ilə DİM arasında gedən intriqadan lap çoxdan məlumatlıyıq. Bildiyim qədər, bu qarşıdurma test üsulunun tətbiqinə görədir. Nazirlik istəyib testi lğv eləsin. Hörmətli Məleykə Abbaszadə də var gücü ilə onu saxlamağa çalışıb və buna nail olub. Şəxsən mən dəfələrlə bu addımına görə Məleykə xanıma səmimi ehtiramını ifadə edən çoxlu insan görmüşəm. Mən özüm də onlardan biriyəm. Əlbəttə, test üsulunun çatışmayan cəhətləri də çoxdur. Lakin Azərbaycan kimi anormal cəmiyyətlərdə bundan daha adekvat bir yol yoxdur.

Misir müəllim həm də bütün müsahibələrində təhsildəki problemlərdən uzun-uzadı danışır. Halbuki özü gəncliyindən Bakı Dövlət Universitetinin prorektoru, relktoru işləyib. Daha sonra on beş il təhsil naziri olub. Əgər doğrudan da təhslimizdə bu qədər problem varsa, Misir müəllim bu illər ərzində nə iş görüb? Təhslimizin bu vəziyyətə düşməsində günahkar kimdir? Əlbəttə, ermənilər!

BƏY!
– Bu gün böyük Üzeyir bəyin doğum günüdür. Bu gün həm də Milli Musiqi Günü kimi qeyd edilir. Üzeyir bəy Azərbaycanın taleyini dəyişən insanlardan biridir. O bizə taleyin hədiyyəsidir. Son iki yüz ildə Tanrının bizə üç böyük nemət bəxş edib: Axundov, Xalq Cümhuriyyəti və Üzeyir bəy... Əlbəttə, başqa böyük şəxsiyyətlər də var, lakin mənim baxdığım humanitar-kulturoloji pyedestalda bu üç abidə hamısından böyük görünür.

Mən nə dədə-babasını bəylərə bağlana insanları sevirəm, nə də bəy sözündən elə xüsusilə xoşum gəlir. Lakin bu söz Üzeyir bəyə çox yaraşır. Görünür, söz öz yerində olanda işıq saçır və insanlara xoş enerji ötürür.
Üzeyir bəy təkcə ideoloq və nəzəriyyəçi deyildi. O həm də irəli sürdüyü fikir və düşüncələri praktiki həyata keçirirdi. Üstəlik, onu yeni nəslə bir müəllim kimi öyrədirdi. Bildiyiniz kimi, onun övladı olmayıb. Bunun özü Tanrının bir işarəsidir. Çünki onun şinelindən çıxan bütün perspektivli gənclər onun övladı idi. Onların bir çoxu deyir ki, tələbələri öz valideynlərindən görmədiyi qayğını Üzeyir bəydən görüblər. Maddi dəstəkdən tutmuş, işə, yaradcılığa, şəxsi qayğılara qədər...

Bu qədər zəhmətin içində uşaqlara Azərbaycan dilində hesab dərsliyi yazmağa da vaxt tapdı.

Məhz bu keyfiyyətlərinə görə Üzeyir bəy böyük bir mədəniyyət epoxası yarada bildi və biz bu gün həmin epoxada yaşayırıq.

Biz azərbaycanlılar da öz ənənəvi keyfiyyətimizi ortaya qoyub, Üzeyir bəyə sonsuz sevgimizlə yanaşı, onun həyatdan köçməsini sürətləndirməyi də bacardıq. Öz yaxınları, hətta öz qohumları ondan Mir Cəfər Bağıırova rəzil donoslar yazırdılar. Bir yandan erməni dşanakları, bir yandan millətçi bolşeviklər, o biri yandan da özümüzünkülər... Şəkər xəstəliyi var idi, hər sıxıntı, hər sarsıntı həyatını bir az da qısaldırdı. Lakin Tanrı insanı qoruyanda qoruyur. O, Stalin kimi müstəbidin ət maşınından salamat çıxa bildi. Stalin onun yanında dayanmaqla fəxr edirdi. Çünki Üzeyir bəyi bizimkilərin bir çoxundan daha yaxşı tanıyırdı. Elə Tanrının bu möhləti ilə də o öz müqəddəs missiyasını başa vurmağı bacardı.

Xalq böyük şəxsiyyətlərini yaratdığı kimi, böyük şəxsiyyətlər də öz xalqını yaradır. Bu mənada Azərbaycan xalqı Üzeyir bəyi yaratdı, o da Azərbaycan xlqını. Üzeyir bəyin xalqı artıq modern mədəniyyətin daşıyıcısı idi və biz proqressiv gələcəyə yalnız onun qoyduğu yolla gedə bilərik. Ruhu şad olsun.



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar