“Financial Times” nəşri İranın ali lideri Əli Xameneinin öldürülməsi ilə bağlı yeni təfərrüatlar yayıb.
Bakupost.az Bizim.media-ya istinadən xəbər verir ki, nəşrin məlumatına görə, İsrail “Nərildəyən Aslan” əməliyyatına hazırlıq çərçivəsində Tehrandakı yol müşahidə kameralarına sızaraq yüksək rütbəli iranlı rəsmilərin gündəlik həyatını izləyib. Həmin əməliyyat zamanı Xameneinin öldürüldüyü bildirilir.
Məqalədə qeyd olunur ki, Xameneinin ətrafında Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) agent şəbəkəsinə daxil olan mənbə də olub. Hesabatda bildirilir ki, İsrail kəşfiyyatı Xameneinin və onun mühafizə xidmətinin “həyat tərzini”, o cümlədən hərəkət marşrutlarını, iş qrafiklərini və adətən onun yanında olan yüksək vəzifəli şəxslərin kimliyini müəyyən edib.
Nəşr həmçinin vurğulayır ki, İsrail İran rəhbərliyi və onların hərəkətləri barədə toplanmış böyük həcmli məlumatların emalı üçün süni intellekt alətləri və xüsusi alqoritmlərdən istifadə edib.
Bundan əlavə, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin təqdim etdiyi əlavə mənbə Xameneinin öldürüldüyü gün onun dəqiq yerləşdiyi yeri təsdiqləyib.
Bildirilib ki, İsrail Xameneinin qorunduğu binalar kompleksinə “Sparrow” tipli raketlərlə zərbə endirib. Taktiki sürpriz effekti əldə etmək üçün təyyarələr gündüz saatlarında havaya qaldırılıb, baxmayaraq ki, İranda yüksək döyüş hazırlığı səviyyəsi mövcud olub.
Ümumilikdə kompleksə 30 raket atılıb. Əraziyə yaxın mobil rabitə qüllələri sıradan çıxarılıb ki, mühafizə əməkdaşlarının telefonları xəbərdarlıq zənglərini qəbul edə bilməsin.
Əməliyyat radioelektron kəşfiyyat, mobil şəbəkələrə sızma və ABŞ mənbəyinin görüşün baş tutduğunu təsdiqləməsi kimi mərhələləri əhatə edib.
Nəşr qeyd edir ki, əməliyyatın planlaşdırılmasına hələ 2001-ci ildə başlanılıb. O vaxt sabiq baş nazir Ariel Şaron “Mossad”a göstəriş verib ki, İran əsas hədəf seçilsin.