Ukraynanın işğal olunmuş Xerson vilayətinə pilotsuz uçuş aparatlarının (PUA) hücumu nəticəsində azı 24 nəfər ölüb, 50-dən çox insan isə müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralıların və ölü sayının arta biləcəyi bildirilir.
Bakupost.az xəbər verir ki, məlumata görə, 3 ədəd PUA Qara dəniz sahilində yerləşən kafe və otelə zərbə endirib. Hadisə zamanı obyektlərdə Yeni il bayramını qeyd edən insanlar olub.
Vilayətin Rusiya tərəfindən təyin olunmuş rəhbəri Vladimir Saldonun sözlərinə görə, pilotsuz uçuş aparatlarından biri yanıcı qarışıqla təchiz olunub. Bu səbəbdən yanğının söndürülməsi çətinləşib və alov yalnız səhər saatlarına yaxın nəzarət altına alınıb.
Hücum nəticəsində həlak olanlar arasında bir uşağın da olduğu bildirilir. Yaralananların bir qismi ağır vəziyyətdədir. Hazırda həkimlər yaralıların həyatını xilas etmək üçün mübarizə aparırlar.
Hadisə ilə bağlı əlavə məlumatların açıqlanacağı gözlənilir.
Cavid, BakuPost