Ru
16:09 / 10 Aprel 2026

Yağışlar əkinləri yuyub apardı: Bazarlarda bahalaşma başlayacaq?

Yağışlar əkinləri yuyub apardı:  Bazarlarda bahalaşma başlayacaq?
Eye

Ölkə ərazisində son günlər müşahidə olunan qeyri-sabit hava şəraiti və güclü yağışlar kənd təsərrüfatına ciddi ziyan vurub.

Hər gün seldən, subasmadan zərər çəkən əkin sahələri və fermerlərin Aqrar Sığorta Fonduna ünvanladığı müraciətlərin sayı artır.
Son məlumatlara görə, 27 mart – 9 aprel 2026-cı il tarixlərində Fonda ümumilikdə 601 sığorta müqaviləsini əhatə edən 93 müraciət daxil olub. Müraciətlər müxtəlif bitkilərin əkildiyi 6541 hektar sahəni əhatə edir.

Zərər görən ərazilərin böyük hissəsi – 6256 hektarı sel-subasma ilə bağlıdır.

Bəs zərərin iqtisadi təsiri hansı səviyyədədir? Bazarda qiymət artımı olacaqmı?

Mövzu ilə bağlı Bakupost.az -a açıqlama verən iqtisadçı Eldəniz Əmirov bildirib ki, 6541 hektarlıq zərərçəkmiş ərazi makro səviyyədə kritik hesab olunmur:

“Bu həcm respublika miqyasında ciddi fəsad yarada biləcək səviyyədə deyil. Makro səviyyə dedikdə ümumi iqtisadi mənzərə nəzərdə tutulur. Yəni 10 fermerin və yaxud da 100 fermerin təsirlənməsi makro səviyyə demək deyil”.

İqtisadçının sözlərinə görə, mikro səviyyədə zərər isə kifayət qədər böyükdür:

“Bu, fermerlərin xərclərini artıracaq və onları böyük ölçüdə gəlirdən məhrum edəcək. Növbəti mərhələ üçün vəsait çatışmazlığı yarana bilər, bərpa xərcləri üçün əlavə vəsaitə ehtiyac yaranar. Hətta bəzi fermerlərin ümumiyyətlə fəaliyyətinin məhz bu yağışın nəticəsi olaraq dayandırılması, ümumiyyətlə bu fəaliyyətlə bir daha məşğul olmaması kimi ağır nəticələr də mümkündür”.

E. Əmirov qeyd edib ki, belə halların təsirini azaltmaq üçün əsas mexanizm aqrar sığortadır:

“Azərbaycanda da sığorta mexanizmi aqrar sektorda kifayət qədər geniş tətbiq edilməkdədir. Düşünürəm ki, bu qiymətləndirmələrdən sonra fəaliyyəti üzrə sığortalılar zərər qarşılığında kompensasiyanı əldə edəcəklər. Çünki zərərin kompensasiya olunması həm ölkədə növbəti il üçün məhsuldarlığa, iqtisadi aktivliyə, bazarın təchizat səviyyəsinə, eyni zamanda ümumilikdə istehsal həcmlərinə öz təsirini göstərir”.

İqtisadçı vurğulayıb ki, mövcud zərər həcmi bazarda qiymət artımına səbəb olacaq səviyyədə deyil:

“Ölkəmizdə 4,7 milyon hektar kənd təsərrüfatı təyinatlı torpaq var, onun 2 milyon hektardan çoxu əkin sahələridir. Bu rəqəmlə müqayisədə 6-7 min zhektar zərərdən bəhs ediriksə, bu, heç 1 faizin yarısı da deyil. Yəni bu kontekstdə qeyd etmək istəyirəm ki, bu fəsadlar real olaraq bazarlarda qiymət şoku yarada bilməz. Təbii ki, ayrı-ayrı fermerlər üçün çox böyük zərər olub və mümkün qədər kompensasiya edilməlidir. Sığorta olmadığı halda isə proses bir qədər çətin olacaq”.

Lalə,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar