Respublika Perinatal Mərkəzdə baş vermiş yanğınla bağlı cinayət məsuliyyətinə cəlb edilmiş direktor Mehriban Abasquliyeva, Anesteziologiya, reanimasiya və intensiv terapeya şöbəsinin müdiri Hamlet Mustafayev, Dəstək xidmətləri şöbəsinin müdiri Elnur Əhmədlinin məhkəməsi keçirilib.
Bakupost.az Teleqraf-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrlik etdiyi prosesdə şahidlər ifadə verib.
Şahid qismində dindirilən Əliyeva Validə ifadəsində bildirib ki, hadisənin birbaşa şahidi olub:
“Həmin gün mən növbədə idim. Sözügedən xəstəxanada neonatoloq kimi işləmişəm. Növbədə iki tibb bacısı və iki sanitarka çalışırdı. Mən iki otağa, Leyla xanım isə digər iki otağa baxırdı. Növbəmiz axşam saat 2-də başlamışdı. Həmin gün uşaq çox idi və dörd otaq işlək vəziyyətdə idi. Yanğın baş verən otaqda doqquz uşaq var idi.
İşə gələndə uşaqları müayinə etdim. Hadisənin dəqiq vaxtını deyə bilmirəm. Bir müddət sonra baxanda şüşədə alovun əksini gördüm. Əvvəlcə elə bildim ki, çöldə nəsə yanır. Daha sonra yaxınlaşdım və yanğın olduğunu gördüm. Yanğını ilk mən görmüşəm. Qışqıraraq qaçıb kömək çağırdım. Həmin vaxt şüuraltı bilmirəm mənə nə oldu, çox qorxdum. Küvəzlər pəncərəyə yaxın idi. Köməyə gələnlərlə birlikdə su ilə alovu söndürməyə çalışdıq.
Sonra Leyla xanım "yanğınsöndürən balonu gətirin" deyə qışqırdı. Bizdə işləyən oğlan balonu götürüb qaçaraq yanğın olan otağa gəldi. Otağın içi artıq qatı tüstü ilə dolmuşdu. Yanğınsöndürən balonu gətirən oğlan özündən gedib yerə yıxıldı. O vaxta qədər biz beş uşağı çıxarmışdıq.
Mən 30 ildir ki, xəstəxanada işləyirəm, amma belə bir hadisə ilə ilk dəfə qarşılaşıram. Tibb bacıları bir neçə nəfəri cərəyan vurduğunu demişdilər. Elektrik uzadıcılarından istifadə olunurdu".
Növbəti məhkəmə prosesi noyabrın 3-nə təyin edilib.
Qeyd edək ki, ötən il yanvarın 9-da Respublika Perinatal Mərkəzində inzibati binasında yanğın baş verib. Baş Prokurorluq Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işi başladıb, ibtidai istintaq Baş Prokurorluğun İstintaq idarəsinə tapşırılıb.
İstintaqla müəyyən olunub ki, Mərkəzin Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin Yenidoğulmuşların intensiv terapiya bölməsinin yerləşdiyi dördüncü mərtəbədəki palatasında baş vermiş yanğın nəticəsində 7 yenidoğulmuş körpə ölüb, 4 nəfər xəsarət alıb, müəssisəyə isə ümumilikdə 361 min manat məbləğində maddi ziyan vurulub.
Bundan başqa, Mehriban Abasquliyevanın 27 dekabr 2022-ci ildə Mərkəzin direktoru təyin edilməsindən sonra müəssisənin tibbi təminat resursları və potensialını nəzərə almadan xəstə qəbulu sayını iki dəfəyədək artırması nəticəsində müəssisənin elektrik təsərrüfatının artıq yüklənərək sonda yanğına səbəb olmasına əsaslı şübhələr müəyyən edilib.
Eyni zamanda istintaqla, Fövqəladə Hallar Nazirliyi tərəfindən Mərkəzdə yoxlamalar aparılaraq yanğın təhlükəsizliyi qaydaları, xüsusən də, mövcud avtomatik yanğın xəbərverici siqnalizasiya qurğusunun nasazlığı, daxili yanğın su kranlarının işlək olmaması və elektrik təsərrüfatında nöqsanların olması Mərkəzin rəhbərliyinə bildirilsə də, direktor və Mərkəzin Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin müdiri Hamlet Mustafayev və Dəstək Xidmətləri şöbəsinin müdiri Elnur Əhmədlinin nöqsanları aradan qaldırmamalarına əsaslı şübhələr müəyyən edilib.
Mərkəzin direktoru vəzifəsində işləmiş Mehriban Abasquliyeva Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 225.3-cü (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri, həmin mərkəzin şöbə rəisləri vəzifəsində işləmiş Hamlet Mustafayev və Elnur Əhmədli isə Cinayət Məcəlləsinin 225.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək onlara həmin maddələrlə nəzərdə tutulan ittiham elan edilib.
Cinayət işi üzrə Respublika Perinatal Mərkəzi, bundan başqa, Elçin Gülmalı oğlu Nəcəfov, Vaqif İntiqam oğlu Hacıyev, Aynurə Qalib qızı Əhmədova, Gülbahar Zülfüqarova zərərçəkmiş qismində tanınıblar.