Ru
20:13 / 06 Noyabr 2026

Yeni vergi kirayə mənzil bazarında nəyi dəyişəcək? - DETALLAR

Yeni vergi kirayə mənzil bazarında nəyi dəyişəcək? -  DETALLAR
Eye

Vergi Məcəlləsində dəyişikliklər üçün hazırlanan layihədə vergi orqanında uçotda olan fiziki şəxslərin əmlak icarəsi gəlirləri üzrə xərclərin gəlirdən çıxılması və gəlir vergisi dərəcəsinin 20% tətbiq edilməsi təklif olunur.

Vergi Məcəlləsinin hazırda qüvvədə olan müddəalarına əsasən, fiziki şəxslər tərəfindən sahibkarlara əmlakın icarəyə verilməsinə görə ödənilən haqlardan ödəmə mənbəyində vergi tutularkən icarə məbləğindən vergi hesablanır və həmin məbləğlər bir daha vergiyə cəlb olunmur. İcarə haqqı vergi ödəyicisi kimi uçotda olmayan fiziki şəxs tərəfindən ödənildikdə icarəyə verən fiziki şəxs Vergi Məcəlləsinin 124.1-ci maddəsinə uyğun olaraq icarə haqqından 14 faiz dərəcə ilə vergini özü ödəyir. Nəticədə fiziki şəxslərin əmlakın icarəyə verilməsindən əldə olunan gəlirləri xərclər çıxılmadan vergiyə cəlb olunur.

Fiziki şəxslərin yaşayış sahələrini (mənzilləri, evləri) digər fiziki şəxslərə (vətəndaşlara) kirayə verməsindən əldə etdiyi gəlirlərə 10% dərəcə ilə vergi tətbiq edilir.

"Bakupost" xəbər verir ki, Əmlak sahəsi üzrə ekspert Elnur Azadov Ölkə.az-a açıqlamasında daşınmaz əmlakın icarəsindən əldə olunan gəlirdən vergi yayınmalarının kölgə iqtisadiyyatının mühüm hissəsini təşkil etdiyini bildirib:

“Demək olar ki, ölkədə 95% daşınmaz əmlak son dövrə kimi qeyri-qanuni şəkildə icarəyə verilirdi. Çox cüzi - 5%-lik hissə, xüsusən də əmlakını xarici vətəndaşlara kirayə verən şəxslər rəsmi müqavilə bağlayıb ondan vergi ödəyirdilər. Son illərdə biz ekspertlər olaraq bu sahədə vergilərin azadılmasını təklif edirdik. Belə ki, bu zaman daha çox həcmdə icarə müqaviləsi leqallaşa və həyata keçirilən qanunsuz fəaliyyət minimuma düşə bilər. Bununla bağlı ötən il icarə vergisi vətəndaşlar üçün 14%-dən 10%-ə endirildi. Vergi dərəcələri endirildikdən sonra icarəyə verilən mənzillərə, orada qalan şəxslərin qeydiyyata düşüb-düşməməsi ilə bağlı müxtəlif yoxlamalar və baxış həyata keçirildi. Lakin bunun da ciddi təsiri olmadı.

İndi isə Vergi Məcəlləsinə nəzərdə tutulan yeni dəyişikliklərlə, icarədarın daşınmaz əmlaka etdiyi müxtəlif xərcləri – saxlanma, idarəetmə və s. kimi xərcləri çıxdıqdan sonra xalis gəlirindən 20% vergi tutulması təklif edilir”.

Nəzərdə tutulan dəyişikliklərin təsirlərini şərh edən ekspert qeyd edib ki, onsuz da Azərbaycanda vətəndaşlar icarə haqqından ödənilən vergilərdən yayınırlar:

“Vergi dərəcəsinin 14%-dən 10%-ə endirilməsinə baxmayaraq yayınmalar davam edir. Bu sahədə yoxlamalar və nəzarət mexanizmi tətbiq edilməyə çalışılsa da, bunun kütləvi heç bir təsiri olmadı da. Vətəndaşların çox az faizi rəsmiləşməyə keçdilər.

Düşünmürəm ki, yeni dəyişikliklər bazarda nəyisə dəyişəcək. Bu, bazarda heç hiss olunmayacaq. Yalnız daşınmaz əmlakın idarə olunması ilə bağlı böyük həcmdə rəsmi xərcləri olan çox az bir hissə yeni vergi dərəcəsindən sonra icarə müqaviləsini rəsmiləşdirə və vergilərini ödəyə bilər”.

Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar