Ru
17:28 / 16 Noyabr 2026

Yüksək maaş kişiləri də müəllimliyə cəlb edəcək: Əməkhaqqı 1300 manatı keçdi

Yüksək maaş kişiləri də müəllimliyə cəlb edəcək: Əməkhaqqı 1300 manatı keçdi
Eye

Sertifikasiya imtahanında 51-dən çox bal toplayan müəllimlərin orta aylıq əməkhaqqı 1320 manata çatıb. Bütün müəllimlər üzrə bu göstərici isə 1030 manat təşkil edir. Sertifikasiya nəticələrinə görə əməkhaqqının artırılması müəllimlərin motivasiyası və təhsil sahəsinə yeni kadrların cəlb olunması məsələsini yenidən gündəmə gətirir.

Təhsil üzrə ekspert Səbuhi Abdullayev “Bakupost”a bildirib ki, qəbul edilmiş qərara əsasən, sertifikasiya imtahanında 31 və 51 bal hədlərini keçən müəllimlərin əməkhaqlarında artım nəzərdə tutulub. Xüsusilə 51 və daha yüksək bal toplayan müəllimlər üçün artım faizi daha çoxdur. Onun sözlərinə görə, bu yanaşma müəllimlərin motivasiyasına müsbət təsir göstərir.

Ekspert qeyd edib ki, sertifikasiya prosesinin əsas məqsədlərindən biri də təhsil sistemində kadr yenilənməsinə şərait yaratmaqdır. Onun sözlərinə görə, Elm və Təhsil Nazirliyinin açıqlamalarında da bildirildiyi kimi, bu proses nəticəsində uzun illər çalışan bəzi müəllimlərin əmək müqavilələrinə xitam verilir, onların yerinə isə yeni nəsil, daha yüksək nəticə göstərən məzunlar işlə təmin olunur.

S.Abdullayev hesab edir ki, bu yanaşma gənclərin müəllimlik ixtisasına marağının artmasına da xidmət edir. O bildirib ki, müəllimlərin əməkhaqqının kifayət qədər yüksək olması təkcə qadınların deyil, kişilərin də bu peşəyə marağını artıra bilər. Beləliklə, əməkhaqqının yüksəlməsi müəllimlik peşəsinin gənclər üçün daha cəlbedici olmasına şərait yaradır.

Ekspert sertifikasiyanın beş ildən bir keçirilməsini də müsbət qiymətləndirib. Onun fikrincə, bu müddət müəllimlərin daim hazırlıqlı və peşəkar formada qalmasına xidmət edir. Müəllimlər mütəmadi olaraq öz üzərlərində işləməli, biliklərini yeniləməli və peşəkar inkişaflarını davam etdirməlidirlər.

S.Abdullayev vurğulayıb ki, sertifikasiya müəllimləri yeni tendensiyalarla, test modelləri və sual tipləri ilə, eləcə də tədris proqramları ilə daim işləməyə sövq edir. Bu istiqamətdə müntəzəm hazırlaşan müəllimlər daha yüksək nəticə əldə edə və bunun müqabilində daha yüksək əməkhaqqı ala bilərlər. Ekspertin fikrincə, beşillik sertifikasiya dövrünün əsas məqsədlərindən biri də müəllimlərin bilik və hazırlıq səviyyəsini daim aktual saxlamaqdır.

Vüsalə Hüseynova,
BakuPost

Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar