Ru
17:46 / 16 Yanvar 2026

Zamanı yenən adam: Sabir Abdin portreti

Zamanı yenən adam: Sabir Abdin portreti
Eye

Zaman hər kəsi eyni cür sınağa çəkmir. Kimini tez yorur, kimini tez sındırır, kimini də səssiz səssiz özünə bənzədir. Amma elə adamlar var ki, zaman onları dəyişmir, sadəcə dərinləşdirir. Sabir Abdin də həmin adamlardandır. Bir vaxtlar gəncliyin tələskənliyi ilə addımlayan bu adam bu gün yaşın gətirdiyi sakitliklə yol gedir. Saçları ağarıb, baxışları ağırlaşıb. Amma sözünün və ruhunun nəfəsi dəyişməyib.

1962- ci il yanvarın 16-da anadan olan Sabir Məzlumağa oğlu Abdin taleyini əvvəldən çətin seçib. Qanunla sözü eyni çiyində daşımaq asan deyil. Yardımlıda orta məktəbi bitirib Bakı Dövlət Universitetinin hüquq fakültəsində təhsil alan Sabir Abdin uzun illər prokurorluq orqanlarında çalışıb. Bu yol təkcə vəzifə pillələri deyil, insan talelərinin içindən keçən ağır bir yoldur. Dövlət ittihamı, ağır cinayətlər, müraciətlər, qərarlar. Bu yol insanı ya daşlaşdırır, ya da sındırır. Sabir Abdin isə bu yolun içində ruhunun saflığını, sözə sədaqətini qorumağı bacaranlardandır. O, qanunun sərtliyini vicdanın yumşaqlığı ilə tarazlayan adamlardandır.

Yardımlı rayon prokurorunun köməkçisi, Kürdəmir rayon prokurorunun köməkçisi və böyük köməkçisi, Baş prokurorluqda idarə prokuroru, Mingəçevir şəhər prokurorunun müavini, prokuror əvəzi, Fizuli rayon prokuroru, Baş prokurorluğun Müraciətlərə baxılması idarəsinin prokuroru, Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifələrində çalışıb. Baş ədliyyə müşaviridir.

Prokurorluq orqanlarında xidməti vəzifələrinin yerinə yetirilməsində göstərdiyi xidmətlərə görə 2008-ci ildə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif edilib.

O, uzun illərdir ki, bədii yaradıcılıqla məşğuldur. Müxtəlif illərdə şeirləri müntəzəm olaraq "Azərbaycan", "Ulduz", "Mütərcim", "Kür-Araz", "Mingəçevir leysanı", "Söz" jurnallarında, "Ədəbiyyat və incəsənət", "Ədəbiyyat naminə", "525-ci qəzet", "Ədalət", "Yeni Azərbaycan", "Kredo", "İnam" və digər qəzetlərdə, habelə "Dağların söz xəzinəsi" ("Açıq dünya" nəşriyyatı, 2007-ci il), "Poeziya günü" ("Poeziya günü" nəşrlər evi, 2010-cu il), "Qayalardan süzülən söz" ("UniPrint" nəşriyyatı, 2013-cü il) almanaxlarında dərc edilib.

"Demə, mənə heç nə demə" ("Bilik" Maarifçilik cəmiyyətinin "Bayatı" nəşriyyatı, 1997-ci il),
"Qınamasın bu yurd məni" ("Bilik" Maarifçilik cəmiyyətinin "Bayatı" nəşriyyatı, 1998-ci il),
"Mənə dəniz verin" ("Azərbaycan Milli Ensiklopediyası" nəşriyyatı, 2002-ci il),
"Sənə məktublarım" ("Açıq dünya" nəşriyyatı, 2007-ci il), "Sizsiz, sizinlə…" ("Vektor" beynəlxalq elm mərkəzi, 2010-cu il) kitablarının müəllifidir.

Tanınmış bəstəkarlar Nadir Əzimov, Vüqar Camalzadə, Vüsal Qurbanov, Rauf Məmmədov, Sahil Əliyev və başqaları tərəfindən 100-dən çox şeirinə mahnılar bəstələnib.

2001-ci ildə bəstəkar Nadir Əzimov tərəfindən şeirlərinə yazılmış nəğmələrdən ibarət "Dünyadan böyük sevgimiz" adlı audio kaset və disk böyük tirajla müsiqisevərlərin ixtiyarına verilib.

Onun sözlərinə yazılmış "Mənə dəniz verin", "Yağış istədim", "Bağışla" (ifaçı Eyyub Yaqubov), "Gəlmədin" (ifaçı Qədir Qızılsəs), "Xəbərin yox" (ifaçı Zülfiyyə Xanbabayeva), "Bilirəm, getmisən" (ifaçı Zaur Rzayev), "Yarpaq yağışı" (ifaçı İlhamə Quliyeva), "Bir gün" (ifaçı Mətanət İsgəndərli), "Bu gecə" (ifaçı Rüfət Mehdiyev), "Bu axşam" (ifaçı Emin Nəsirli) və digər mahnılar dillər əzbəridir.

Özümdən özümə çəkilən yolam,
Qəlbimdən dünyaya uzanan qolam,
Həmişə gözləri yol çəkən yolam,
Yolçu yolda gərək, qalx gedək, ömrüm.

Bu yol dayanacaq tanımır. O, durduğu yerdə qocalmır, gedə gedə yaş alır. Sabir Abdin üçün həyat dayanmaq yox, davam etməkdir.

Onun poeziyasında sevgi səssizdir, amma möhkəmdir. Sevgi sığınacaqdır, nümayiş deyil.

Nə xoşbəxtdi əllərim,
Saçlarında gizlənib.
Sənsiz gözümdə dünya
Dərələnib, düzlənib.

Amma Sabir Abdinin şeiri yalnız fərdi hisslərin sərhədində qalmır. Onun söz yaddaşı torpağın yaddaşı ilə qovuşur. Vətən onun poeziyasında coğrafiya deyil, taledir.

Bir vaxtlar qanınız axan yerdə
indi çiçəklər, güllər açır.
Ruhunuz hər axşam sübhə kimi
göy üzündə işıq saçır.

Bu işıq bəzən qar kimi yağır. Səssiz, ağ, ağır.

Yollarını örtdü qar,
Gözlərini öpdü qar.
Ağ yuxular səpdi qar,
Füzuliyə qar yağır.

Bağlı qalıb hər qapı,
Kim oynasın qartopu.
Mənə bir uşaq tapın,
Füzuliyə qar yağır.

Sinəsinə qar düşdü,
Yağan qar da üşüdü.
Orda ruhlar görüşdü,
Füzuliyə qar yağır.

Bu qar soyuq deyil, xatirəlidir. Bu qarın altında uşaq səsi də var, itki də var, torpaq da var. Füzuli Sabir Abdinin poeziyasında şəhər adı deyil, o zaman işğal altında olan bir yurdda qartopu oynamağa uşaq axtarışını ünvanıdır. Bu ünvan dəyişmir.

Və bu yaddaşın üzərində göylərdən gələn bir səs var.

Hər səhər dan yeri qızaranda
Günəşin al şəfəqləri
zülməti boğacaq.

Hər şey yaxşı olacaq deyən səs təsəlli vermir, möhkəmlik verir. Bu, ümidin yox, inamın səsidir.

Sözü məsuliyyət kimi daşıyan, sözün dəmir qanunlarına sadiq qalan və peşəsində də qanun aliliyini insan naminə qoruyan Sabir Abdinin 64 yaşı tamam olur. Bu yaş hesabat üçün deyil, dərinlik üçündür. Sabir Abdin bu illəri səs küylə yox, sözlə ölçüb. O, zamanın içindən keçib, amma zamana oxşamayıb. Qanunla sözün, ağrı ilə ümidin, torpaqla göyün arasında dayanmağı bacarıb. Və ən vacibi, insan qalmağı bacarıb.

Belə adamlar qocalır.
Amma zaman onları ötə bilmir. Bu mənada Sabir Abdin öz həqiqətləri və sözü ilə həm də zamana qalib gələn adamdır.

Samir Əsədli

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar