Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdülkadir Uraloğlu Zəngəzur dəhlizi ilə bağlı diqqətçəkən açıqlama verib.
Bakupost.az Müsavat.com-a istinadla xəbər verir ki, CNN Türk-ə danışan nazir bildirib ki, Zəngəzur dəhlizinin tikintisi 2030-cu ildən əvvəlyekunlaşacaq.
Onun sözlərinə görə, Türkiyə Orta dəhlizin əsas həlqəsidir və hazırda daşımaların həcmi arzu olunan səviyyədə deyil:
“Hazırda istədiyimiz qədər yük daşıya bilmirik. Lakin Bakı, Tiflis və Xəzər dənizi üzərindən keçən marşrutlar sayəsində bu potensial gündən-günə artır. Zəngəzur dəhlizi də buraxılış qabiliyyətinin yüksəlməsinə böyük töhfə verəcək”, – deyə nazir qeyd edib.
Uraloğlu vurğulayıb ki, Zəngəzur dəhlizi türk dövlətlərini və Uzaq Şərqi birləşdirən ən qısa yol olacaq.
Türkiyəli nazirin sözlərinə görə, Azərbaycan artıq Naxçıvandan Ermənistan sərhədinədək dəmir yolunun çəkilişini həyata keçirir:
“Horadizdən Bakı istiqamətində olan hissə demək olar ki, tamamlanmaq üzrədir. Bu dəhliz boyunca həm dəmir yolu, həm də avtomobil nəqliyyatı hərəkət edəcək”, – deyə Abdülkadir Uraloğlu əlavə edib.
Qeyd edək ki, Zəngəzur dəhlizi regionun nəqliyyat-logistika xəritəsini dəyişəcək strateji layihə kimi qiymətləndirilir və onun reallaşması Türk dünyası ilə Asiya bazarları arasında yük və sərnişin daşımalarında inqilabi dönüş vəd edir.