Ru
14:13 / 18 Avqust 2021

1341 ildir sönməyən işıq

4733

Elxan Şükürlü

Sabah Kərbəla faciəsinin – Peyğəmbərimizin sevimli nəvəsi Həzrəti Hüseynin və doğmalarının amansızlıqla qətlə yetirilməsinin növbəti ildönümüdür. Düz, 1341 ildir ki, gerçək müsəlmanlar bu faciəni onun ağrısını təkrar yaşaya-yaşaya, ancaq həm də böyük bir qürur hissiylə qeyd edərlər. Üstəlik, ilk vaxtlar çox gizlicə və məhdud sayda insanın iştirakıyla qeyd edilən bu faciənin ildönümünü indi dünyanın hər yerində milyonlar böyük yanğı, coşğu və sevgiylə anırlar. Hər il də bu say arta-arta gedir, coğrafiya genişlənir.


Bilirsiniz niyə?

Çünki dünyadakı ədalətsizliklər, qeyri-bərabərliklər və zülm artdıqca, ona paralel şəkildə də Kərbəlada yaşananlar araşdırıldıqca, öyrənildikcə, bu hadisənin təkcə İslam tarixində deyil, ümumiyyətlə, bəşəriyyətin mübarizə tarixində necə böyük və örnək bir nümunə olduğu daha yaxşı dərk edilir, anlaşılır.
Artıq Həzrəti Hüseynin həyatı, əxlaqı, davranışları, zalıma boyun əyməmək və ideyası uğrunda ölümə yürümək örnəyi təkcə zülm və zorakılğın yayılıb artdığı Şərqdə - İslam coğrafiyasında deyil, ədalətsizliyin və haqsızlığın oduğu hər yerdə, o cümlədən xristian Qərb dünyasında da böyük maraqla və həvəslə öyrənilir, tədqiq edilir. Hər il Kərbəla hadisəsinə, onun qəhrəmanlarına həsr olunmuş, bu hadisəyə müxtəlif baxış və rəyləri əks etdirən nə qədər kitablar, əsərlər, məqalələr yazılır. Və istisnasız olaraq da, bu əsərlərin əksəriyyətində İmam Hüseynin adı gerçək lider necə olmalıdır nümunəsini yaratmışların önündə gəlir artıq...

Əlbəttə, hər kəs Kərbəlanı anlaya, hər kəs Hüseynə ağlaya və onu sevə bilməz! Heç bu, hər kəsdən gözlənilmir də! Çünki yalnız soyu-qanı təmiz, ideyasına və prinsiplərinə sadiq, həqiqi ləyaqət və şərafət sahibi olan gerçək dava adamları Hüseyni və tərəfdarlarını daha yaxşı başa düşər, anlayar, onları sevər, hörmətini də hər yerdə saxlayar! Axı yalnız onlar daha yaxşı bilir və qəbul edirlər ki, Kərbəlada yaşananlar təkcə iki ərəbin - Hüseynlə Yezidin hakimiyyət savaşı deyildi!

Bu, Əli oğlu Hüseynlə Müaviyə oğlu Yezidin timsalında soylu ilə soysuzun, haqqla nahaqqın, imanla imansızın, dürüstlə nadürüstün, mərdlə namərdin, ləyaqətlə alçaqlığın, sədaqətlə xəyanətin, işıqla zülmətin savaşıydı!

Əgər Əli oğlu Hüseyn Müaviyə oğlu Yezidin beyət təklifini qəbul etsəydi, babası Peyğəmbərin soyuna, söylədiklərinə, gətirdiyi Kitaba xəyanət etmiş və özünün halal haqqından imtina etmiş olardı; nadürüstlər və namərdlər ondan sonra hər yerdə qürrələnib önə, başa keçər, dürüst və mərdləri küsdürər, alçaqların ləyaqətlilər üzərində hökmranlığını əbədi edərdi; daha heç kəs ləyaqətə, sədaqətə və etibara fikir verməz, dünya xəyanət yuvasına çevrilərdi; Allahı anladan işıqlı kəlmələrsə birdəfəlik sönər, zülmət hər yeri qaranlığa qərq edərdi!
Nə yaxşı ki, Hüseyn beyət etmədi və yenicə közərən o işığı da sönməyə qoymadı!

İmam Hüseynin 680-ci ildə Kərbəlada, Fərat sahilində öz ölümüylə yandırdığı o işıq 1341 ildir ki, azadlıq və ədalət istəyən, haqqı uğrunda mübarizə aparan və bunun üçün canını belə çəkinmədən verən insanların yolunu aydınlaşdıran nura, mayaka, əbədi məşələ çevrilib!
Azərbaycan insanı o yolda yürüyənlərin nələrə nail olduğunu 44 günlük Qarabağ savaşında bir daha gördü, anladı...
Bu gün şəhidlər sərvəri İmam Hüseyni və Qarabağımızda şərəfimiz, namusumuz, ləyaqətmiz, Vətənimiz üçün öz canından keçən hər bir Şəhidimizi dərin hörmət və ehtiramla anırıq!

Başınıza döyməyin, Şəhidlərimizi başa keçirin, onların həyatını dərindən öyrənin və onları heç vaxt unutmayın!
Onda görəcəksiniz ki, onlar, həqiqətən, həmişə diridirlər və bizimlə birgə yaşayırlar...

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər