ABŞ-nin aparıcı texnologiya şirkətləri 2026-cı ilin əvvəlindən bəri təxminən 140 min əməkdaşı işdən çıxarıb. Şirkətlər xərcləri azaltmaqla milyardlarla dolları süni intellekt infrastrukturuna yönəldirlər.
“Bakupost” xəbər verir ki, “Financial Times”ın təhlilinə görə, bu il ABŞ-də texnologiya sektorunda həyata keçirilən ixtisarlar ölkədə ümumi işdən çıxarmaların üçdə birindən çoxunu təşkil edib.
Ən böyük ixtisarlar “Amazon”, “Oracle”, “Meta” və “Microsoft” tərəfindən həyata keçirilib. Bu şirkətlər ümumilikdə təxminən 50 min əməkdaşla yollarını ayırıb.
Bildirilir ki, texnologiya nəhəngləri qənaət etdikləri vəsaiti əsasən məlumat mərkəzləri, qabaqcıl çiplər və süni intellekt layihələrinə yatırırlar. “Amazon”, “Alphabet”, “Meta” və “Microsoft” bu il məlumat mərkəzlərinin inkişafına ümumilikdə 725 milyard dollar, “Oracle” isə 70 milyard dollar sərmayə qoymağı planlaşdırır.
Bəzi şirkətlər ixtisarları süni intellektin yaratdığı məhsuldarlıq artımı ilə əlaqələndirsə də, ekspertlər hesab edirlər ki, bunun əsas səbəblərindən biri pandemiya dövründə həddindən artıq işçi qəbulundan sonra aparılan yenidənqurma prosesidir.
Bununla yanaşı, “OpenAI” və “Anthropic” kimi süni intellekt şirkətləri yeni işçi qəbulunu davam etdirir. Mütəxəssislərin fikrincə, texnologiya sektorunda ənənəvi vəzifələr azalır, süni intellekt sahəsində isə yeni iş yerləri yaranır.
Vüsalə Hüseynova,
BakuPost