Fransanın paytaxtı Parisdə həyat bahalılığına qarşı kütləvi etirazlar davam edir.
"Bakupost" BFMTV-yə istinadən xəbər verir ki, bugünkü aksiyada 46 minə yaxın etirazçı iştirak edib.
Aksiyaya həmkarlar ittifaqlarının, tələbə və gənclər təşkilatlarının nümayəndələri də qoşulublar. Paralel olaraq, "Sarı jiletlər" hərəkatının tərəfdarları ayrıca nümayiş keçirməyi planlaşdırsalar da, hökumət bu aksiyanı qadağan edib.
Təhlükəsizliyin təmin olunması üçün ölkə üzrə təxminən 70 min polis və jandarm əməkdaşı səfərbər edilib. Parisdə ictimai nəqliyyatın fəaliyyətinə də məhdudiyyətlər tətbiq olunub, bir sıra metro stansiyaları bağlanıb.
Qeyd edək ki, Fransada kütləvi etirazlar sentyabrın ortalarında təhsil müəssisələrindəki vəziyyətdən narazı olan məktəblilərin aksiyaları ilə başlayıb. Sonradan qiymət artımına və həyat səviyyəsinin aşağı düşməsinə etiraz edən vətəndaşlar da hərəkata qoşulublar.
Ən çoxsaylı aksiya oktyabrın 17-də keçirilib. Fransa Daxili İşlər Nazirliyinin məlumatına görə, həmin gün təxminən 550 min nəfər küçələrə çıxıb. Əvvəlki nümayişlər zamanı polislə etirazçılar arasında toqquşmalar baş verib. Hüquq-mühafizə orqanları gözyaşardıcı qazdan, səs qumbaralarından və su şırnaqlarından istifadə ediblər.