15:54 / 09 Noyabr 2021

5 dil bilən gənc diasporçumuz: “Rusiya erməniləri qarşımızda susur” - VİDEO

3299
Rusiyanın Novosbirsk şəhərində Azərbaycanın təbliği ilə məşğul olan, ölkəmizi neçə-neçə tədbirlərdə layiqincə təmsil edən bir tələbə var.

Həmin tələbə - Nigar Cəbrayılova gördüyü işlərlə bağlı Bakupost.az -a geniş açıqlama verib.

Nigar Cəbrayılova 09.03.2000-ci ildə Rusiyanın Novosbirsk şəhərində doğulub. Atası Biləsuvar rayonunda məktəbi bitirdikdən sonra, gənc yaşında Rusiyaya qonaq kimi qardaşlarının yanına gedib. Rusiyada bir az yaşadıqdan sonra, burada işləməyə başlayıb və daimi olaraq Novosibirskdə yaşamağa qərar verib. Nigar qarşısına ali bir məqsəd qoyub ki, Azərbaycanı nəinki Rusiyada, eləcə də bütün dünyada layiqincə tanıtsın və təbliğ etsin: "Rusiyada tamamilə fərqli bir mentalitet və ənənələr var. Ümumiyyətlə, burada hər şey fərqlidir: hava, təbiət, insanlar, həyat dəyərləri. Belə bir stereotip var ki, ruslar soyuqqanlıdırlar. Amma mən heç vaxt belə insanlarla rastlaşmamışam. Nənə və baba kimi müraciət etdiyimiz qonşularımız var idi. Dörd məktəb dəyişmişəm, onların heç birində özümə qarşı soyuq münasibət görməmişəm, əksinə, onlar mənim ənənələrimə hörmət edirlər və mənim hekayələrimdən sonra Azərbaycanda olmaq istəyirlər”.

Nigar bildirir ki, ölkəmizi təmsil etmək üçün yüksək təhsil almaq onun əsas məqsədlərindən biridir:

“Təhsil mənim üçün birinci yerdədir. Dərslərim alman və ingilis dillərində keçirilir. Özüm beş dil bilirəm: Azərbaycan, rus, ingilis, alman və türk dilləri. Hal-hazırda italyan dilini öyrənirəm. Azərbaycanı Rusiyada təmsil etməyə 7-ci sinifdən başlamışam. Mən vətənimə çox bağlıyam və rus xalqının Azərbaycanın zəngin ənənələri və gözəl mədəniyyəti ilə tanış olması üçün əlimdən gələni edirəm. Martın 31-də 2019-cu ildə NDU-nun mədəniyyət komitəsinin direktoru mənə təklif etdi ki, inter həftədə Azərbaycanı təqdim edim. Bu tədbirdə 34 ölkənin tələbələri öz adət-ənənələrini və mədəniyyətlərini təqdim edirlər. Azərbaycanı heç vaxt NDU-da təmsil edən olmamışdı. Mən birinci azərbaycanlı idim ki, öz vətənimi NDU-da təmsil etdim. Bunu etməkdə valideynlərim və azərbaycanlı rəfiqələrim yardım etdi. Biz Azərbaycanın ən məşhur xörəklərini və şirniyyatlarını hazırladıq. Azərbaycan cəmiyyətinin köməkliyi ilə biz milli atributlarımızdan olan xalçanı, carıqları, milli geyimləri və digər atributları gələn qonaqlara nümayiş etdirdik. Mən qonaqlara XII əsir Azərbaycan ədəbiyyatından və zəngin mədəniyyətimizdən danışdım. Tədbirin ikinci hissəsində Azərbaycan himni və şeirlə açılış etdik. Milli rəqslərimizi təqdim etdik. Münsiflər heyətinin bütün üzvləri, müəllimlər və tələbələr Azərbaycanı belə yüksək səviyyədə təqdim etdiyimizi bəyəndilər. Novosibirsk Dövlət Universitetinin rektoru isə məni minnətdarlıq məktubu ilə təltif etdi. 04 noyabr 2019-cu ildə Azərbaycanı xalqlar birliyi günündə təmsil etməyi Azərbaycan cəmiyyəti tərəfindən təklif aldım və layiqincə təmsil etdim. Buna görə şəhər meri mənə minnətdarlıq məktubu təqdim etdi”.

O bildirib ki, diaspor fəaliyyətilə bağlı hələ indiyə kimi hər hansı maneəyə rast gəlməyib:

“Mən hələ Azərbaycanı təmsil etmək üçün maneələrlə rastlaşmamışam. Əksinə, Novosibirsk məmurları xalqların dostluq şəraitində yaşaması və bir-birini öz ənənələri ilə tanış etməsi üçün hər cür şərait yaradırlar. Sadəcə təşəbbüskarlıq və zəhmət çəkmək lazımdır. Novosibirsk gənc şəhərdir. O, daim inkişaf edir və burada çox yaxşı inkişaf etmiş infrastrukturu var. Novosibirsk "Akademgorodok"da - (Elmlər şəhəri) olan bir çox elmi və tibbi mərkəzlərilə Rusiyada çox məşhurdur, mənim təhsil aldığım universitet də orada yerləşir”.

N.Cəbrayılova yaşadığı şəhərdə ermənilərlə azərbaycanlılar arasında normal münasibətlər var:

“Novosibirskdəki azərbaycanlılara gəldikdə isə oxuduğum məlumatlara görə, bu şəhərdə yetmiş mindən çox azərbaycanlı yaşayır. Novosibirskdə ermənilərlə azərbaycanlılar arasında münaqişələrin olmasını eşitməmişəm. Mənim bir sinif yoldaşım erməni idi. Aprel döyüşləri zamanı biz bunu tarix müəllimimizlə və şagirdlərlə müzakirə etdik. O, buna heç cür reaksiya vermədi. O heç nəyi inkar eləmədi. Sadəcə susdu. Sonra mən 9-cu sinifdən liseyə keçdim və ondan sonra ermənilərlə qarşılaşmamışam. NDU-nun birinci kursunda vokal yarışında iştirak edəndə "Sarı gəlin" mahnısını ifa etdim. Mən ikinci yeri tutdum. Amma tamaşaçı rəğbəti nominasiyasında birinci yeri qazandım. Münsiflər heyətinin biri erməni idi, o Novosibirsk Dövlət Akademik Opera Teatrının solistidir”.

Gənc diasporçunun ən böyük arzusu ölkəmizi bütün dünyada təmsil etməkdir:

“Mən gələcəkdə də Azərbaycanı Rusiyada təmsil etməyi planlaşdırıram və bunu təkcə Rusiyada deyil, Avropa səviyyəsində etmək istərdim. Gələcəkdə çox istərdim ki, dillər məktəbim olsun. Bu məktəbdə yalnız gənc müəllimlər fəaliyyət göstərsin. Bu haqda başqa dilləri bilən dostlarımlada tez-tez söhbətlərimiz olur. Bu məktəbin bünövrəsi olaraq “YouTube” da "iCan.today" kanalını yaratmışam və orada insanlara azərbaycan, rus və ingilis dillərində interaktiv dərslər hazırlayıb paylaşıram. Bununla əlaqədar Azərbaycan diasporunun rəhbəri Rasim Babayev paylaşdığım dərsləri bəyəndiyini bildirdi və çox gözəl təklif irəli sürdü. O, beynəlxalq şəhər mərkəzində mənə Azərbaycan dili dərslərini keçməyimi məsləhət gördü. Əlbəttə ki, mən bu təklifə çox sevindim və pandemiya təhlükəsi keçəndən sonra inanıram ki biz bu arzunu həyata keçirməyə nail ola biləcəyik. Mənim böyük dəstəkçim ailəm və yaxınlarımdır. Uşaqlıqdan bu vaxta kimi ən böyük dəstəyi, həvəsi babamdan - Aydın Əbilovdan alıram. O mənim ən yaxın dostumdur. Mən bir işə başlamaq istəyəndə, valideynlərimdən icazə alıram və sonra mütləq babamdan xeyir-dua alıram. Onun fikri mənim üçün çox önəmlidir. Beş nəfərdən ibarət sadə Azərbaycanlı ailəsindən ibarətik. Atam Anar sahibkardır, o, orta təhsillidir. Anam Qənirə, evdar xanımdır, ali təhsillidir, ixtisası filoloqdur.

Novosibirsk Dövlət Universitetində, dilçilik fakültəsində təhsil alıram. Uşaqlıqdan dostlarımı, sinif yoldaşlarımı, tələbə yoldaşlarımı, müəllimlərimi Azərbaycanın mədəniyyəti və tarixi ilə fəxrlə tanış edirəm. Ruslar Azərbaycana və onun xalqına hörmətlə yanaşırlar, biz də - azərbaycanlılar, rus adət-ənənələrinə maraq və hörmətlə yanaşırıq. Rusların özləri Azərbaycan xalqının adət-ənənələrinin necə olması ilə çox yaxından maraqlanırlar. Mən rus rəfiqələrimi evimə tez-tez dəvət edirəm və onlarla Azərbaycan yeməklərini birlikdə hazırlayırıq, onları mədəniyyətimizin böyük xadimləri ilə tanış edirəm. Onu da qeyd etmək istəyirəm ki, universitetimizdə dünyanın hər yerindən tələbələr təhsil alırlar. Azərbaycanla yalnız Rusiyadan deyil, həm də İspaniyadan, Böyük Britaniyadan, İtaliyadan, Qazaxıstandan və Tatarıstandan olan dostlarımda maraqlanırlar. Onlarla birlikdə Azərbaycana səfər etməyi planlaşdırırıq”.

Müsahibimiz bildirib ki, Novosibirskdəki Azərbaycan diasporu ölkəmizi yüksək səviyyədə təmsil edir:

“Novosibirsk şəhərinin yerli Azərbaycan Milli-Mədəni Cəmiyyətin sədri, hörmətli Rasim Babayev hər zaman gəncləri dəstəkləyir. O, Novosibirskdə çox tanınmış və hörmətli şəxsdir. Rasim müəllim və Azərbaycanın diasporu mənim Azərbaycanın təbliğıylə bağlı fəaliyətimi dəstəkləyir. Hər il Novosibirskdə türk dilli xalqlar arasında Novruz bayramı keçirirlər. Hər il də Azərbaycan beynəlxalq festivallarda təmsil olunur. Mədəniyyət və təhsil üzrə Azərbaycan diasporunun sədr müavini Kəmalə xanım Kərimova məni daim Azərbaycan tədbirlərində iştirakımı alqışlayır və millətlər arası tədbirlərə dəvət edir. Kəmalə xanım çox bacarıqlı və vətənini sevən bir xanımdır. 20 ildir ki canla başla Azərbaycanımızı təmsil edir. Bu il Azərbaycan cəmiyyəti növbəti Novruz bayramını təşkil etməyi planlaşdırırdı, mən də dəvət olunmuşdum və orada iştirak etməyə hazırlaşırdım, lakin pandemiyaya görə tədbir ləğv olundu.

Rus Azərbaycan gənclər təşkilatı Tatarskiy rayonundan deputatı Tofiq Hüseynov məhsuldur. O gənclər və yeniyetmələr arasında tez-tez müsabiqələr təşkil edir. Sonuncu müsabiqə məktəblilər arasında 9 may qələbə bayramına həsr olunmuşdu. Novosibirskdə yaşayan azərbaycanlılar arasında tanınmış inşaatçılar, biznesmenlər, həkimlər, hüquq-mühafizə orqanları işçiləri, gənc alimlər var. Gənclər arasında isə Tibb Universitetinin tələbəsi Xanım Əliyeva xalq rəqsləri məktəbinin yaradıcısıdır. O, öz tələbələri ilə birlikdə Azərbaycanı təmsil etdiyimiz bir necə tədbirlərdə mənimlə çıxış edib. Mənim üçün Azərbaycançılıq, vətəni sevmək və sevdirmək tarixini, dinini mədəniyyətini dilini tanıtdırmaq və təbliğ etməkdir. Mən hələ ki, adi bir tələbəyəm gördüyüm işlərin miqyası o qədərdə geniş deyil. Ancaq gələcəkdə daha geniş miqyasda doğma Azərbaycanımızı dünya arenasında təbliğ, tanıtdırmaq arzusundayam".

Azər
Baku Post


Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi youtube-da izləyin

Şərhlər
  • Zeynəb Tağıyeva

    ALQIŞ OLSUN BELƏ PATRİOT GƏNCLƏRİMİZƏ

  • Hafiz Rüstəm

    Bu diasporçumuz Nigar Cəbrayılovla müsahibəni qürurla dinlədim. Uzaq Novosibirskdə Azərbaycanı ləyaqətlə təmsil edən bu gənc qız poliqlotdur, tələbədir, tariximizin, mədəniyyətimizin, adət-ənənlərimizin, fərqli mentalitetimizin təbliğatçısı və təşviqatçısıdır. Allah saxlasın!

Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər