Ru
21:24 / 01 İyun 2019

700 bal toplayan abituriyentlər hara yox oldu? - Davamı ağlamalı olacaq

9679
1992-ci ildən bəri tətbiq olunan test üsulu ilə tələbə
qəbulunun tarixində ən aşağı göstərici bu il qeydə alınıb. Yüksək bal toplayan
yoxdur.   Həmişə ilin bu günləri toplanması mümkün 700 balın
700-nü də toplayan vunderkindlərin adını tanıyar, tanımaza-bilməzə onlarla
qürur duyardıq (vətən övladlarıdır, millətin gələcəyidir deyə).   Jurnalistlər o uşaqlardan, müvəffəq abituriyentlərdən
müsahibələr götürərdilər, hamı onların necə də aydın zəkaya malik olduqlarını,
irəlini düşündüklərini, ölkəyə yararlı kadr olmağa hazırlaşdıqlarını görərdi.   Son 27 ildə ilk dəfədir ki, maksimum bal toplayan
olmadı.   Ancaq bu gözlənilirdi. Hələ keçən il Dövlət İmtahan
Mərkəzi qurulmuş İsveçrə saatı kimi işləyən testlə qəbul mexanizminin
ora-burasını söküb-yığanda, "təkmilləşdirəndə” aydın idi ki, bu mexanizm
pozulacaq və onun mənfi nəticəsi özünü növbəti imtahan ilində göstərəcək. Budur, ölkənin "vunderkind övladları” yoxa çıxıb.   Bəs bu necə oldu? Təcrübə göstərir ki, builki
abituriyentlər keçənilkilərdən (eləcə də 10, 20 il öncəkilərdən) daha çox
oxuyur, daha çox hazırlaşırlar.   Buna əmin olmaqdan ötrü şəhərin hər tərəfində səhərin
altoranlığında əliçantalı abituriyentlərin repetitor yanına getdiyini görmək
yetər. Bir səhər o başdan deyil, axşam saat 7-8-də, hətta 9-da belə repetitor
yanından qayıdan abituriyentlərə rastlaşmaq mümkündür. Tələbə olmaq istəyən gənclər oxuyurlar, özlərinə cəfa
verirlər, gözlərinin nuru gedir, arıqlayıb çöpə dönürlər. Valideynlər hər ay
200-600 manat aralığında əlavə xərc çəkərək övladlarının ali məktəbə bilik
gücünə daxil olmasını təmin etməyə çalışırlar. Hazırlıq kurslarına və fərdi repetitorlara ödənilən
məbləğin arasında disbalans o üzdəndir ki, şəhərin mərkəzi ilə şəhərətrafı
qəsəbələr arasındakı tariflər eyni deyil. Üstəlik, adları "bunker müəllimi”
kimi çıxmış, həqiqətən də öhdələrinə götürdükləri abituriyentlərin maksimum bal
toplamasını təmin edən müəllimlər öz əməklərinin qiymətini elə maksimum həddə
müəyyən ediblər.   Valideynlər bu durumdan çox da narazı deyil. Onların
başlıca məqsədi odur ki, övladları maksimum bal toplasın və ən yaxşı
universitetlərin ən yaxşı fakültələrinə daxil olsunlar ki, ali məktəbdən məzun
olduqdan sonra işsiz qalmasınlar.   Bəs DİM-in məqsədi nəydi ki, saat kimi işləyən
mexanizmi korladı və builki abituriyentlər maksimum bal toplaya bilmədilər?
İndi bizim gözümüzü 700 bala dikməyimizlə deyil, bu, o deməkdir ki, 650-690 bal
toplayanlar da azalıb. 500 bal toplayanlar 450 ilə kifayətlənib, 400 bal
toplayası gənclər isə 300-dən də aşağı ballarda dayanıblar. Bəzi müşahidəçilərin fikrincə, DİM-i bu islahata vadar
edən başlıca səbəb ildən-ilə 700 və 650-690 bal toplayan abituriyentlərin
sayında artım olmasıydı.   Belə çıxırdı ki, abituriyentlər maksimum bal
toplamağın çəmini tapmış, sirrini çözmüşdülər və DİM "islahat” keçirərək, bu
uğur düsturunu onların əlindən almaq istədi.

Dərindən düşünəndə isə aydın olur ki, bu işdə heç bir
sirr-filan yox idi, sadəcə, gənclər özlərindən əvvəlki abituriyentlərin də
təcrübəsini əxz etmiş, təhsil alarkən boşluq buraxmır, hansı fənləri necə
mənimsəməyi, hardan başlayıb, harda bitirməyi öyrənmişdilər. Bu, onlara aylarla
yuxusuz gecə keçirmək, tətil, istirahət bilməmək hesabına başa gəlir. Heç də
asan deyil. Heç kim durduğu yerdə 700 bal toplaya bilməz. Bundan ötrü bir dərsi
bəlkə də 700 dəfə oxuyub-danışmaq lazımdır.

Ancaq DİM dövlət sifarişi ilə qəbul olunanların
sayının minumum olmasını təmin etmək üçün belə bir "islahat” keçirdi və budur,
"islahat”ın meyvəsi göz önündədir. Maksimum ballar dövlət sifarişinə düşənlərin
minimum sayda olmasına qurban verilib. Zatən, illərdir bir gizli mübarizə gedirdi ki, son 27
ildə ölkədə ən uğurlu islahat kimi tarixə düşən test üsulu ilə qəbula necə
barmaq eləsinlər və qəbul məsələsi sovet dövründə olduğu kimi, müəllim tamahı
və vicdanının öhdəsinə qalsın. O vaxtlar vicdansız müəllimlər o qədər əlaçı
şagirdə "bala, get, gələn il gələrsən” deyə, ağlada-ağlada evə yola salırdılar
ki.   Test üsulu ilə qəbul isə o ağlaşmaya son qoymuşdu.   Belə görünür ki, yavaş-yavaş əski əyyamlara dönürük.
Bu, hələ jurnalıdır. Davamı ağlamalı olacaq.

 

Xalid Kazımlı

Musavat.com
700 bal toplayan abituriyentlər hara yox oldu?  - Davamı ağlamalı olacaq
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər