Ru
22:58 / 10 Sentyabr 2026

Dilqəm Əsgərovun məhkəməsində qalmaqal: “Mən bunu güllələyəcəyəm”

Dilqəm Əsgərovun məhkəməsində qalmaqal:  “Mən bunu güllələyəcəyəm”
Eye

Sentyabrın 9-da 7 il erməni girovluğunda olmuş keçmiş əsir Dilqəm Əsgərovun cinayət işi üzrə Şəmkir Rayon Məhkəməsində növbəti proses keçirilib.


"Bakupost" xəbər verir ki, NOCOMMENT.az-a açıqlamasında Dilqəm Əsgərovun oğlu Kürdüoğlu Əsgərov hakim Nazilə Heydərovanın sədrliyi ilə keçirilən məhkəmə iclasında növbəti prosesin sentyabrın 16-na təyin olunduğunu bildirib.

Onun sözlərinə görə, məhkəmə zamanı atası cinayət işinin mahiyyətindən yayınaraq torpaq, ev və pul məsələlərindən danışıb.

“Dilqəm yenə məhkəmədə cinayət işindən yayınaraq torpaq, dava, ev, pul məsələləri ilə bağlı söhbətlər edirdi. Hakim Nazilə xanım yenə ona bildirdi ki, bunların heç biri əsaslı deyil. Dedi ki, mən cinayət işinə baxıram, gəlin sənin cinayət prosesinə qayıdaq”, - deyə Kürdüoğlu Əsgərov bildirib.

O qeyd edib ki, hakim bu məsələləri gündəmə gətirdikdən sonra Dilqəm Əsgərov erməni əsirliyində olması ilə bağlı danışmağa başlayıb:

“Deyir ki, erməni mənə ömürlük həbs vermişdi. Deyir, ermənilər mənə möhürlü kağız veriblər, baxın buna. Mən Şuşa həbsxanasında yatmışam, mənə ömürlük həbs vermişdilər. “Ala, bu da erməninin möhürü” deyərək həmin sənədi göstərir. Belə söhbətlər etməyə başlayır”.
Kürdüoğlu Əsgərovun sözlərinə görə, bundan sonra Dilqəm Əsgərov Şəmkir Rayon Prokurorluğunun ünvanına da ittihamlar səsləndirib.

“Ondan sonra Şəmkir rayon prokurorunu şərləməyə keçdi. Guya mən Şəmkirin prokuroru ilə əlbirəm. Daha sonra məhkəmə gedə-gedə mənə deyir ki, “mən bunu güllələyəcəyəm, bunu öldürəcəyəm”. Deyir ki, “bunların kimilərini mən Qarabağda çox öldürmüşəm””, - deyə o bildirib.

Kürdüoğlu Əsgərov atasının sosial şəbəkələrdə bir sıra yüksək vəzifəli şəxslər və Milli Qəhrəmanlarla bağlı ittihamlar səsləndirdiyini də iddia edib.

“Dilqəm Əsgərov ölkə başçısının Milli Qəhrəman adı verdiyi şəxsləri də sosial şəbəkələrdə şərləyir. Müdafiə naziri cənab Zakir Həsənovu, Xüsusi Təyinatlı Qüvvələrin komandanı Hikmət Mirzəyevi şərləyir. Deyir ki, guya Milli Qəhrəman adı verilən şəxslərin hamısı saxtadır. Bunları özü TikTok platformasında danışırdı. Sonradan həmin videonu silib. Amma onun özünün danışdığı həmin görüntü məndə var”.

O bildirib ki, həmin görüntünü müraciətinə əlavə edərək təxminən bir həftə əvvəl müdafiə naziri Zakir Həsənova da müraciət edib.

“Mən bununla bağlı cənab Zakir Həsənova da müraciət etmişəm ki, bununla bağlı tədbir görülsün. Bu belə getməz. Bu insan ya kimisə bədbəxt edəcək, ya da kiməsə zərər yetirəcək. Mən bir daha ölkə başçısından və aidiyyəti qurumlardan xahiş edirəm ki, bu insanın cinayət işindən yayınmağa çalışmasının qarşısı alınsın, qanun çərçivəsində cinayət məsuliyyətinə cəlb olunsun və layiqli cəzasını çəksin”, - deyə Kürdüoğlu Əsgərov əlavə edib.

Qeyd edək ki, Dilqəm Əsgərov 2014-cü ildə Kəlbəcərdə ermənilər tərəfindən girov götürülüb və uzun müddət əsirlikdə saxlanılıb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar