ABŞ Prezidenti Donald Tramp Avropa İttifaqının "Google" şirkətini 3,5 milyard dollar cərimələmək qərarına cavab verməyə məcbur olacağını bildirib.
Bakupost.az xəbər verir ki, ABŞ lideri özünün "Truth Social" sosial şəbəkə hesabında yazıb: "Bu gün Avropa başqa bir böyük Amerika şirkəti olan "Google"u 3,5 milyard dollar cərimə ilə vurdu.
Biz Amerika şirkətinə qarşı belə bir addımın atılmasına icazə verə bilmərik və əgər belə olarsa, mən bu vergi ödəyən Amerika şirkətlərinə tətbiq edilən ədalətsiz cəzaları ləğv etmək üçün "301-ci bölmə" prosesini başlatmağa məcbur olacağam".
Qeyd edək ki, "301-ci bölmə" Birləşmiş Ştatların Prezidentinə Amerika ticarətinə mənfi təsir göstərən və ya beynəlxalq müqavilələrə zidd olan digər dövlətlərin siyasətləri və ya hərəkətləri ilə mübarizə aparmaq üçün tariflərin artırılması da daxil olmaqla, bütün müvafiq tədbirləri görməyə icazə verir.
Xatırladaq ki, bu gün Avropa Komissiyası (AK) Amerikanın "Google" korporasiyasına reklam bazarında yol verdiyi sui-istifadələrə görə 3,5 milyard dollar cərimə kəsib.
Komissiya vurğulayıb ki, "Google"un Avropa rəqəmsal reklam bazarında inhisarçı mövqeyi ona reklam xidmətləri üçün həddindən artıq ödəniş etməyə imkan verir ki, bu da avropalı istehlakçıların xərclərini artırır.
Avropa Komissiyası cərimə ilə məhdudlaşmayıb və Amerika şirkətinə Avropa onlayn reklam xidmətlərini müstəqil operatorlara satmaq üçün 60 gün vaxt verib.