ABŞ-də güclü qar fırtınası nəticəsində ölənlərin sayı 42 nəfərə yüksəlib.
Bakupost.az xəbər verir ki,
həlak olanlar arasında Nyu-York, Arkanzas, Kanzas, Luiziana, Massaçusets, Missisipi, Nyu-Cersi, Ohayo, Pensilvaniya, Texas və Cənubi Karolina ştatlarının sakinləri var.
Əlverişsiz hava şəraiti təxminən 200 milyon ABŞ sakininə təsir göstərib. Bəzi bölgələrdə qar örtüyünün hündürlüyü 40 santimetrə çatıb.
Çətin hava şəraiti səbəbindən ölkə üzrə 20 minə yaxın aviareys ləğv edilib. “PowerOutage” monitorinq resursunun məlumatına əsasən, hazırda 448 mindən çox istehlakçı işıqsız qalıb. Elektrik enerjisinin kəsildiyi ərazilər arasında Tennessi (147 373 nəfər) və Missisipi (128 462 nəfər) ştatları üstünlük təşkil edir.
ABŞ Milli Meteorologiya Xidmətinin qiymətləndirməsinə görə, qar fırtınasından zərər çəkən bəzi ştatlar son onilliklərin ən uzunmüddətli və sərt soyuq hava dalğası ilə üzləşə bilər.