ABŞ prezidenti Donald Trampin administrasiyasının Venesuela Prezidenti Nikolas Maduronu qoruyan hərbi birlikləri hədəfə almağı da əhatə edə biləcək şəkildə Venesuelaya qarşı mümkün hərbi əməliyyat üçün variantları və riskləri qiymətləndirdiyi bildirilib.
Bakupost.az xəbər verir ki, bu barədə “The New York Times” qəzetinin ABŞ rəsmilərinə istinadla yaydığı məlumatda qeyd edilir.
Tramp hələ Venesuelaya qarşı hərəkət edib-etməmək barədə qərar verməyib. Buna baxmayaraq, ABŞ prezidentinin müşavirələrinin Maduronu qoruyan hərbi birliklərə zərbə, narkotik kartellərinə qarşı əməliyyatlar və neft yataqlarının ələ keçirilməsi kimi müxtəlif variantları müzakirəyə çıxardıqları vurğulanır.
Ədliyyə Nazirliyi Ağ Evin hüquqi rəy tələbinə uyğun olaraq, dəlil təqdim olunmadan həyata keçiriləcək hərbi əməliyyat üçün qanuni əsas axtarışındadır.
Daha əvvəl Trampın imzaladığı fərmana əsasən, Latın Amerikası mənşəli narkotik kartellərinə qarşı ordudan daha geniş şəkildə istifadə olunması tapşırılıb. ABŞ avqust ayının sonlarında Venesuela sahillərinə sualtı qayıq və döyüş gəmilərindən ibarət dəniz qüvvəsi göndərib. Müdafiə naziri Pit Heqset də açıqlamalarında ordunun rejim dəyişikliyi əməliyyatlarına hazır olduğunu deyib.
Nikolas Maduro isə buna cavab olaraq ölkədə 4,5 milyonluq səfərbərlik etdiyini və hər hansı bir hücumu dəf etməyə hazır olduğunu bəyan edib.
Cavid, Bakupost