ABŞ Maliyyə Nazirliyinin dənizdə olan İran neftinə tətbiq edilən məhdudiyyətləri müvəqqəti dayandırmasından sonra İran rialı kəskin bahalaşaraq dollar qarşısında 6,7% dəyər qazanıb.
Bakupost.az Musavat.com-a istinadən xəbər verir ki, bu qərardan sonra hazırda bir dollar 1,559 milyon rial səviyyəsində qərarlaşıb.
"The Wall Street Journal"ın məlumatına görə, bu, müharibənin başlamasından bəri rialın ilk əhəmiyyətli artımıdır.
İranın geosiyasi məsələləri üzrə məsləhətçi, "Pakzad & Co." analitik şirkətinin rəhbəri Mustafa Pakzad bildirib ki, valyutanın möhkəmlənməsi birbaşa ABŞ-nin sanksiya yumşalmaları ilə bağlıdır.
Ekspert həmçinin əlavə edib ki, İran büdcəsinə daxil olacaq vəsaitin böyük hissəsinin hərbi xərclərə yönəldiləcəyi gözlənilir.
ABŞ-nin maliyyə naziri Skott Bessent martın 21-də "X" sosial şəbəkəsində verdiyi açıqlamada bildirib ki, 2026-cı il martın 20-dən etibarən gəmilərə yüklənmiş İran mənşəli xam neft və neft məhsullarının ixracına və satışına icazə verən ümumi lisenziya verilib.
Sözügedən lisenziya 2026-cı il aprelin 19-na qədər qüvvədə olacaq.
Nazirin sözlərinə görə, məhdudiyyətlərin müvəqqəti götürülməsi dünya bazarına təxminən 140 milyon barel neft çıxarmağa imkan verəcək ki, bu da qiymətlərin sabitləşməsinə xidmət etməlidir. Bununla belə, Bessent vurğulayıb ki, bu tədarüklərdən əldə olunan gəlirlər ciddi nəzarət altında saxlanılacaq, İranın vəsaitlərə çıxışı məhdud olacaq və Tehrana qarşı "maksimum təzyiq" siyasəti davam etdiriləcək.
Bessent iddia edir ki, ABŞ "Epik Qəzəb" (Epic Fury) əməliyyatını davam etdirərək, İran neftindən qiymətləri cilovlamaq üçün bir alət kimi istifadə edir. "Axios"un jurnalisti Barak Ravid isə qeyd edib ki, bu, 1996-cı ildən bəri ABŞ-nin İran neftini almağa başladığı ilk haldır. Məlumata görə, İran bu sövdələşmədən ABŞ-dən təxminən 14 milyard dollar vəsait əldə edəcək.