Çinin Cənubi Qafqazda təsirinin artması, xüsusilə Azərbaycanla strateji tərəfdaşlığının güclənməsi Rusiyada diqqətlə izlənilir. Bununla belə, Moskvanın əsas narahatlığının Pekinin regiondakı fəallığı deyil, Cənubi Qafqazda dəyişən geosiyasi vəziyyət olduğu bildirilir.
"Bakupost" Musavat.com-a istinadla xəbər verir ki, bu barədə Rusiyanın Ali İqtisadiyyat Məktəbinin Kompleks Avropa və Beynəlxalq Araşdırmalar Mərkəzinin direktoru Vasili Kaşin müsahibəsində danışıb.
Rusiyalı ekspert bildirib ki, Çinin Cənubi Qafqaz siyasətində Azərbaycan və Gürcüstan xüsusi yer tutur. Onun sözlərinə görə, Gürcüstan uzun müddətdir Pekinin regiondakı tərəfdaşıdır və Çinlə əməkdaşlıqda digər Cənubi Qafqaz ölkələri üçün müəyyən istiqamət formalaşdırıb.
Kaşin Azərbaycanın Çinlə münasibətlərini fəal şəkildə inkişaf etdirdiyini xüsusi vurğulayıb.
“Biz Çinin, ilk növbədə, Azərbaycanla, eləcə də ənənəvi olaraq Gürcüstanla münasibətlərində böyük irəliləyiş görürük. Aydındır ki, Azərbaycan hazırda Çinlə tərəfdaşlığını gücləndirməyə çox fəal çalışır və buna böyük əhəmiyyət verir”, – deyə o bildirib.
Ekspert Azərbaycanın hərbi-texniki əməkdaşlığında da Çinin rolunun artdığına diqqət çəkib. O, Azərbaycana 24 ədəd JF-17 döyüş təyyarəsinin tədarükünü Çinin postsovet məkanının silah bazarına mühüm çıxışı kimi qiymətləndirib.
Kaşin qeyd edib ki, təyyarələr formal olaraq Pakistan istehsalı sayılsa da, onların hazırlanmasında Çin texnologiyaları və intellektual mülkiyyəti mühüm yer tutur.
Rusiyalı ekspertin fikrincə, Ermənistan isə Cənubi Qafqaz ölkələri arasında Çinlə əməkdaşlıq istiqamətində ən zəif irəliləyən dövlətdir. O, bunu İrəvanın Avropaya inteqrasiya meyilləri və Hindistanla hərbi-texniki tərəfdaşlığı ilə əlaqələndirib.
Kaşin xatırladıb ki, Ermənistan hələ 1999-cu ildə Çindən böyük partiya reaktiv yaylım atəş sistemləri alan ilk postsovet ölkəsi olmuşdu. Lakin hazırda Ermənistanın Çinlə əməkdaşlıq istiqaməti Azərbaycan və Gürcüstanla müqayisədə daha zəif görünür.
Ekspertin diqqətçəkən açıqlamalarından biri də ABŞ-nin iştirakı ilə həyata keçirilməsi nəzərdə tutulan və “Tramp marşrutu” kimi tanınan nəqliyyat layihəsi ilə bağlı olub.
Kaşinin fikrincə, ABŞ-nin üstün rol oynadığı nəqliyyat dəhlizi Pekinin maraqları baxımından müəyyən çətinliklər yarada bilər.
“Burada, əlbəttə, “Tramp dəhlizi” ilə bağlı məhdudiyyətlər də ola bilər. Yəni ABŞ-nin üstün rol oynadığı dəhliz çinlilər üçün müəyyən qədər problemli ola bilər”, – deyə rusiyalı ekspert vurğulayıb.
O, Çinlə Türkiyə münasibətlərinə də toxunaraq iki ölkə arasında iqtisadi əməkdaşlığın genişləndiyini, lakin siyasi etimadın aşağı səviyyədə qaldığını söyləyib.
Kaşinin iddiasına görə, Pekin pantürkizm ideologiyasına və siyasi islamın müxtəlif təzahürlərinə mənfi yanaşır. Bununla yanaşı, Çin Türkiyənin tranzit imkanlarından və Ankara ilə praqmatik əməkdaşlığın inkişafından maraqlıdır.
Ekspert hesab edir ki, Türkiyə Çinlə münasibətlərindən Qərbdən asılılığını tarazlaşdırmaq üçün istifadə edir. Pekin isə Ankara ilə iqtisadi və siyasi əlaqələrini genişləndirməyə çalışır.
Rusiyalı ekspert ümumilikdə Çinin Cənubi Qafqazda rolunun artdığını etiraf etsə də, bu prosesin Moskva üçün başlıca geosiyasi problem olmadığını bildirib. Onun qiymətləndirməsinə görə, Rusiyanın regiondakı mövqeləri Çinin fəallığından daha çox digər siyasi amillərin təsiri altında dəyişir.