ABŞ Federal təhlükəsizlik qüvvələri yanvarın 17-i Minneapolisdə daha bir nəfəri güllələyərək öldürüblər.
Bakupost.az BBC-ə istinadla xəbər verir ki, hadisənin görüntüləri anbaan videoya alınıb və sosial şəbəkələrdə paylaşılıb.
Yerli rəsmilər bildirirlər ki, öldürülən şəxs Minneapolisdə yaşayan və tibb işçisi işləyən ABŞ vətəndaşı, 37 yaşlı Aleks Prettidir.
Sərhəd Patrul Xidmətinin komandiri Qreq Bovino bildirib ki, Pretti agentlərə "9 mm-lik yarıavtomat" tapança ilə yaxınlaşanda agentlər hədəf immiqrasiya əməliyyatı həyata keçirirdilər.
Bovino Prettinin silahı çıxarıb-çıxarmadığını dəqiq bilməsə də, agentlərin onu tərksilah etməyə çalışdığını və onun "zorakı müqavimət göstərdiyini" bildirib. Komandir bildirib ki, daha sonra Sərhəd Patrul Xidmətinin zabiti müdafiə atəşləri açıb.
Şahidlər, yerli rəsmilər və zərərçəkənin ailəsi isə bu iddianı təkzib edərək, onun əlində silah yox, telefon olduğunu qeyd ediblər.
Aleks Prettinin valideynləri administrasiyanı baş verənlər barədə "ürəkbulandırıcı yalanlar" yaymaqda günahlandırıblar.
Atışmadan əvvəlki anların videolarında isə Prettinin küçənin ortasında telefonu ilə agentləri çəkdiyi görünür, açıq əlini isə havaya qaldırır.
Arxa fonda ətrafdakıların fit və qışqırıq səsləri eşidilir. Patrul əməkdaşları ona yaxınlaşdıqca Pretti geri çəkilir. Polislər Prettini mühasirəyə alaraq, onu yerə yıxır, zor tətbiq edir, baş nahiyyəsinə zərbələr endirirlər. Bu vaxt başqa bir patrul əməkdaşı yaxınlaşıb, yerdə uzadılan Prettinin belindən silah olduğu bildirilən bir əşya götürərək uzaqlaşır.
Ancaq həmin silahın Minneapolisdə istifadəsinin icazəli olduğu qeyd olunur.
Videoda Prettinin yerə uzadılarkən, üstündə azı 6 patrul agentinin olduğu görünür. Ardınca Prettinin yanında duran polislərdən biri ona atəş açır. Ancaq 1 güllə ilə kifayətlənmirlər. Agentlər yerdə uzanan, hərəkətsiz Prettiyə ümumilikdə 10 atəş açırlar.
Bu, Tramp administrasiyasının bu ay immiqrasiya qanunvericiliyinə qarşı mübarizə tədbirləri zamanı şəhərdə güllələnərək öldürülən ikinci şəxsdir.
Asena,
BakuPost