İran ilə ABŞ arasında razılaşmanın əldə edilməsi üçün fürsət yaranıb.
Bunu İran Prezidenti Məsud Pezeşkian deyib.
"Bəzən razılaşma əldə etməyin zəruriliyi barədə danışırlar və mən hesab edirəm ki, indi bunun üçün ən yaxşı vaxtdır, çünki ölkədə həmrəylik, güc və birlik müşahidə olunur", - o qeyd edib.
Pezeşkian həmçinin qeyd edib ki, İran müharibədə qalib tərəf kimi qəbul olunur.
Siyasi şərhçi Abutalıb Səmədov
Bakupost.az-a bildirib ki, Pezeşkianın İranın qalib gəldiyi barədə söylədikləri əslində danışıqlara əngəl olur:
“Pezeşkianın bəyanatından əvvəl İran ABŞ qarşısında ultimativ şərtlərlə çıxış edərək, ondan üzr istəməsini, təzminat verməsini, qoşunlarını çıxarması və aktivləri həbsdən azad etməsini tələb edib. Təbiidir ki, ABŞ bu şərtləri qəbul etməyəcək və etmir də. Pezeşkianın bu fonda İranın müharibədə qalib gəldiyi barədə söylədikləri də təbii ki, danışıqlara ciddi şəkildə maneə olur. İran bu savaşda 5 minə yaxın hərbçi və dinc insan itirib. Ona dəyən ziyan 300 milyard dollardan çoxdur. Ölkə iqtisadiyyatı daha ağır duruma düşüb. Bu vəziyyətdə olan bir dövlət qalib sayıla bilər?
Ekspert qeyd edir ki, eyni məsuliyyətsiz bəyanatları ABŞ rəhbərliyi də verir.
Müsahibimiz İranla ABŞ arasında razılaşmanın əldə edilməsi üçün fürsətin yarandığı qənaətində deyil:
“Hadisələrin gedişi də göstərir ki, Pezeşkianın dediyi kimi, saziş imzalamaq nəinki mümkündür, əslində bu şərtlər daxilində qeyri-mümkündür”.
Onun fikrincə, tərəflər saziş əldə etməkdən daha çox, yeni, daha geniş miqyaslı müharibəyə yaxındırlar:
“Tərəflər danışıqlara münasibətini dəyişməsə yaxın günlərdə müharibə yenidən qızışacaq və daha dəhşətli nəticələr törədəcək. ABŞ özünü böyük dövlət kimi deyil, diplomatiya təcrübəsi olmayan bir dövlət kimi aparır. Verilən bəyanatlar qarşı tərəfi ağır vəziyyətə alır, güzəşt imkanlarını aradan qaldırır. İran da ultimativ bəyanat və tələblərlə çıxış etməklə danışıqları mümkünsüz edir. İran rəsmiləri dərk etməlidir ki, qarşı tərəfin müəyyən güzəştlərə getməsi üçün bu sayaq bəyanatlardan çəkinməlidir. Ancaq nə İran, nə də ABŞ rəsmiləri bunu anlamır. Bu səbəbdən də müharibə ehtimalı daha çoxdur, nəinki sülh sazişinin imzalanması”.
Rüfət Sultan,
BakuPost