Körfəzdəki ərəb ölkələrindən bəziləri çalışır ki, ABŞ Prezidenti Donald Tramp İrana qarşı daha sərt tədbirlərə əl atsın.
"Bakupost" xəbər verir ki, “Bloomberg” agentliyinin məlumatına görə, Vaşinqtonun Körfəzdəki müttəfiqlərinin bəziləri uzun sürən münaqişədən əsəbiləşərək ABŞ prezidenti Donald Trampı İrana qarşı daha sərt tədbirlər görməyə, o cümlədən quru hücumuna və Xarq adasındakı əsas neft terminalının ələ keçirilməsinə çağırıblar.
Onların iddiasına görə, Tehranın güclü təzyiq olmadan Hörmüz boğazında güzəştə gedəcəyi gözlənilmir. Habelə, uzun sürən münaqişə investorları və turistləri də ruhdan salır.
Trampın birinci prezidentlik müddətində Yaxın Şərq üzrə keçmiş ABŞ diplomatı və hazırda Vaşinqton Yaxın Şərq Siyasəti İnstitutunun əməkdaşı olan Devid Şenker bildirib ki, bir çox ərəb rəsmiləri durumdan narahatdırlar. Mövcud dinamika İranı nə boğazda, nə də nüvə proqramında güzəştə getməyə məcbur etmir deyə, onlar daha ciddi addımlara ehtiyac olduğunu düşünürlər.
Görəsən, yenidən gərginliyin alovlanması fonunda Tramp Körfəzin ərəb ölkələrinin bu istəyinə müsbət cavab verəcəkmi?
Siyasi şərhçi
Taleh Əliyev "Bakupost"a bildirib ki, son günlər İran mətbuatı da ABŞ-nin quru əməliyyatına başlaya biləcəyilə bağlı əhali arasında müdafiə maarifləndirilməsi istiqamətində məlumatlar paylaşır:
“Qərb mətbuatında isə İrana qarşı quru əməliyyatının Körfəzin ərəb ölkələrinin tələbi əsasında gerçəkləşəcəyi barədə informasiyalar yayılır. Bu məsələ artıq məhdud çevrədə deyil, daha geniş hərbi kontingentin iştirakı ilə müzakirə olunur. Belə bir məlumat İran tərəfinə də sızdırıldığından Tehran da prosesə indidən hazır olmaq üçün əhali arasında iş aparır”.
Amma ekspert hesab edir ki, Tramp körfəz ölkələrinin təhrikilə İrana qarşı quru əməliyyatlarına getməyəcək:
“Bunun baş verməsi inandırıcı deyil. Əksinə, İrana qarşı quru əməliyyatlarda özəl ordu birləşmələrindən istifadə üçün Körfəz ölkələrinin maliyyəsindən istifadə oluna bilər. Amma bütün hallarda Trampa təzyiq göstərmələri inandırıcı deyil. Ona görə də “Bloomberg”in məlumatını əksinə oxumaq lazımdır. Yəni təzyiq Trampa deyil, onun tərəfindən Körfəz ölkələrinə müharibədə birbaşa, həm də dolayısı ilə iştiraka təhrik etmək formasında ola bilər”.
Rüfət Sultan,
BakuPost