ABŞ administrasiyası TRIPP layihəsi çərçivəsində Tehrana İranla sərhəd ərazilərdə (Zəngəzurda – red.) ABŞ hərbi və ya təhlükəsizlik qüvvələrinin olmayacağına dair zəmanət verməyə hazırlaşır.
“Bakupost” xəbər verir ki, bu barədə ABŞ Yaxın Şərq İnstitutunun baş elmi işçisi Aleks Vatanka “Ermənistandakı bir neçə yüksək vəzifəli ABŞ diplomatına” istinadən məlumat verib.
Qeyd edək ki, İran TRIPP layihəsindən narahatdır və ona özünün regiondakı maraqlarına təhdid kimi baxır.
Amma son zamanlar İranın bu məsələdə mövqeyində bir qədər yumşalma hiss olunur. Bir müddət əvvəl İranın Ermənistandakı səfiri Xəlil Şirqulami Tehranın mövqeyinin layihənin geosiyasi və ya geoiqtisadi təhlükəsizlik təhdidi yaradıb-yaratmamasından asılı olacağını bildirib. O, həmçinin sözügedən məsələ ilə bağlı Tehranın İrəvanla əməkdaşlıq etmək istəyini də diqqətə çatdırıb.
Görəsən, Vaşinqtonun TRIPP-lə bağlı narahat olan Tehrana təhlükəsizlik zəmanəti verməyə hazırlaşması İranı bu məsələdə razı salacaqmı?
Konfliktoloq Azər Hüseynov
“BakuPost”a bildirib ki, TRIPP layihəsi çərçivəsində Amerikanın bölgədə, xüsusilə də İran sərhədi yaxınlığında hər hansı hərbi qüvvə yerləşdirilməyəcəyi ilə bağlı mövqeyi maraq doğurur:
“Ümumiyyətlə, Azərbaycan dövləti dəfələrlə rəsmi şəkildə bəyan edib ki, onun ərazisində heç bir qonşu dövlətə qarşı yönəlmiş hər hansı hərbi birləşmənin və ya qüvvənin yerləşdirilməsi mümkün deyil və belə bir ehtimalı istisna edir”.
Amma ekspert qeyd edir ki, TRIPP layihəsinin Ermənistan ərazisindən keçən hissəsi ilə bağlı vəziyyət bir qədər fərqlidir:
“Ermənistanın bu məsələdə analoji zəmanət verib-verə bilməyəcəyi hələ də açıq sual olaraq qalır. ABŞ-nin isə belə bir zəmanət verməyə hazırlaşması diqqət çəkir”.
Müsahibimiz hesab edir ki, İranın bu layihəyə qarşı mövqeyinin yumşalması, ilk növbədə, Yaxın Şərqdə ABŞ ilə mövcud olan hərbi qarşıdurmanın hüquqi və siyasi çərçivədə nizamlanmasından asılı olacaq:
“Əks təqdirdə, Tehran bu tip regional layihələrə daha ehtiyatlı və şübhə ilə yanaşacaq, onların arxasında öz təhlükəsizliyi üçün müəyyən risklər görməkdə davam edəcək”.
Bu baxımdan, konfliktoloqun fikrincə, İranın TRIPP layihəsinə münasibətinin yumşalması yalnız layihənin özündən deyil, həm də regiondakı daha geniş geosiyasi proseslərdən, xüsusilə Hörmüz boğazı ətrafında yaranmış problemin həllindən asılıdır:
“Əgər həmin məsələ ABŞ və İran arasında siyasi və hüquqi müstəvidə nizamlanarsa, TRIPP layihəsinin Tehran tərəfindən əvvəlki qədər kəskin qarşılanmaması ehtimalı da arta bilər”.
Rüfət Sultan,
BakuPost