ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Con Retkliffin Moskvaya səfəri geniş rezonans doğurub.
“Bakupost” xarici mətbuata istinadən xəbər verir ki, “Boeing C-17A Globemaster III” hərbi təyyarəsi bu səhər Riqadan Moskvanın “Vnukovo” hava limanına enib.
Təyyarə Latviya paytaxtına isə Merilenddən gəlib. Məlumata görə, orada ABŞ Hərbi Hava Qüvvələrinin prezident təyyarəsi də yerləşir.
İddialara görə, Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Rusiya Prezidenti Vladimir Putinə Ukrayna və ABŞ-nin Rusiyanın cənub limanlarını bloklaya biləcək əməliyyatlar hazırladıqları barədə xəbərdarlıq edib və Donbasla bağlı güzəşt təklif edib.
Ukraynanın “Telegram” kanallarının məlumatına görə, Putin buna cavab olaraq “üç dəfə daha güclü zərbə endirəcəyini” bildirib.
Putinin mətbuat katibi Dmitri Peskov isə “The Washington Post”a (WP) bildirib ki, Mərkəzi Kəşfiyyat İdarəsinin direktorunun Moskvaya səfərinin məqsədi “kəşfiyyat orqanları arasında əlaqələr” olub. O, Retkliff ilə Putin arasında heç bir təmasın olmadığını da diqqətə çatdırıb.
“The Moscow Times”ın iddiasına görə isə Putin 605, 606 və 607 nömrəli üç məxfi fərman imzalayıb. Bildirilir ki, Rusiya Prezidenti bu fərmanları məhz Mərkəzi Kəşfiyyat İdarəsinin direktorunun Moskvaya səfərindən sonra imzalayıb.
“Yeni Nəsil” Azərbaycan Jurnalistlər İttifaqının sədri, siyasi şərhçi Arif Əliyev
“BakuPost”a bildirib ki, MKİ direktorunun səfəri Rusiya-Avropa münasibətləri və Ukrayna məsələsinin həllinin Moskvaya verəcəyi dividendlərlə bağlı ola bilər:
“ABŞ-nin bir çox məsul şəxsləri, o cümlədən xüsusi xidmət orqanlarının rəsmiləri ara-sıra Moskvada olurlar. Amma son aylarda ABŞ-nin istər Ukrayna, istərsə də Avropa-Rusiya münasibətləri ilə əlaqədar şəxslərinin Moskvaya səfərləri haqda məlumatlar çoxalıb. Açıqlanan informasiyalara əsasən, Retkliffin səfərinin nə ilə bağlı olduğunu birmənalı söyləmək çətindir. Amma böyük ehtimalla, səfər Rusiya-Avropa münasibətləri, eyni zamanda Ukrayna probleminin həlli variantının Moskvaya hansı dividendlər gətirə biləcəyi ilə əlaqədardır”.
Ekspertin sözlərinə görə, Tramp təbliğat və şirnikləndirmə üsullarından istifadə edərək Rusiyaya təsir imkanlarını bərpa etməyə çalışır:
“Ancaq bunun ciddi nəticə verəcəyini zənn etmirəm. Çünki bu məsələdə həm Avropa ilə Amerikanın yanaşma tərzlərində fərqlər qalmaqda davam edir, həm də Rusiya elə bir vəziyyətdədir ki, onun hansısa cəbhədə geri addım atacağını düşünmürəm”.
Putinin MKİ şefinin səfərindən sonra məxfi fərmanlar imzalaması barədə informasiyaya gəldikdə isə müsahibimiz qeyd edir ki, belə bir hadisə baş veribsə, bu cür fərmanlar bir gün ərzində hazırlanıb imzalanmır:
“Sözsüz ki, bunlar əvvəlcədən düşünülmüş, danışılmış məsələlərlə bağlıdır. Bu fonda Rusiya mətbuatına çox da bel bağlamaq lazım deyil. Rusiya mətbuatı bir şeyin həqiqiliyini xəbər verməyincə, onun yalan olduğuna inanmır. Odur ki, bu xəbərlərin arxasında tamam başqa məsələlər də dayana bilər. Belə məxfi fərmanlar növbəti səfərbərlik məsələsinə, döyüşlərdə könüllü iştirak edənlərə əlavə güzəştlərə və s. məsələlərə aid ola bilər”.
Rüfət Sultan,
BakuPost