ABŞ Prezidenti Donald Tramp ehtimal edir ki, Rusiya lideri Vladimir Putin Ukraynada atəşkəslə bağlı danışıqlara yalnız "ərazi mübadiləsi məsələsinin müzakirəsi” halında başlaya bilər.
Bakupost.az xəbər verir ki, bu barədə Bloomberg mənbələrə istinadən məlumat yayıb.
Qeyd olunur ki, Ağ Evin sahibi belə bir ehtimalı Ukrayna prezidenti Vladimir Zelenski və bir sıra Avropa ölkələrinin liderləri ilə telefon danışığı zamanı dilə gətirib.
“Danışığın məzmunundan xəbərdar olan bir neçə nəfərin sözlərinə görə, Tramp atəşkəs ehtimalını müsbət qiymətləndirib”, – deyə məqalədə vurğulanır.
Xatırladaq ki, avqustun 6-da Kremldə Vladimir Putin və ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff arasında danışıqlar baş tutub. Görüş zamanı tərəflər Ukrayna münaqişəsini, həmçinin Moskva ilə Vaşinqton arasında strateji əməkdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər. Bundan əlavə, Rusiya prezidenti Tramp ilə şəxsən görüşmək istədiyini qeyd edib.
Lalə,
BakuPost