Hindistan Hərbi Hava Qüvvələrinin yüksəkrütbəli zabiti Pakistan kəşfiyyatı ilə əlaqəli olduğu ehtimal edilən qadına məxfi hərbi sirləri ötürməkdə ittiham olunur.
"Bakupost" “Qafqazinfo”ya istinadən xəbər verir ki, Dehli polisinin hazırladığı ittihamnaməyə əsasən, komandir Manorat Sinqh Sabharval ona göndərilən açıq-saçıq fotolar müqabilində müharibə planlarını, strateji hava bazası barədə məlumatları və pilotsuz uçuş aparatları (PUA) ilə bağlı əməliyyat detallarını qarşı tərəfə sızdırıb.
Məlumata görə, 2026-cı il mayın 30-da saxlanılan zabit məxfi sənədləri “WhatsApp” üzərindən paylaşıb.
İstintaq materiallarına görə, hadisə qadının “WhatsApp” vasitəsilə zabitə mesaj yazaraq özünü psixoloq axtaran və şəxsi problemləri olan şəxs kimi təqdim etməsi, həmçinin nömrəni səhv yığdığını bildirməsi ilə başlayıb. Qısa müddətdə tərəflər arasında yaxın münasibət yaranıb. İttiham aktında qeyd olunur ki, qadın ona açıq-saçıq şəkillər göndərdikdən sonra komandir gizli müharibə planının bir səhifəsini paylaşıb və hər yeni fotoşəkil müqabilində sənədin növbəti səhifəsini göndərməyi təklif edib.
Sızdırılan məlumatlar sırasına strateji əhəmiyyətli Leh Hava Bazasının əməliyyat imkanları, məxfi PUA bölməsinin şəxsi heyətinin strukturu, sınaq fəaliyyətləri və silah sistemləri daxildir. Bundan əlavə, istintaq zamanı məlum olub ki, qadın komandirdən tabeliyində olan beş hərbçinin telefonuna və rabitə cihazlarına zərərli casus proqram yükləməsini də istəyib. Polis bu addımın digər hərbi qulluqçuların da yazışmalarına və məlumatlarına çıxış əldə etmək məqsədi daşıdığını bildirir.
Texniki araşdırma nəticəsində tərəflər arasında ümumilikdə 3008 mətn mesajı, 65 foto, 42 səsli zəng və 4 videozəng qeydə alındığı üzə çıxıb. Rəsmi Sirlər Qanunu çərçivəsində ittiham olunan Sabharvalın işi üzrə ittiham aktı iyulun 30-da məhkəməyə təqdim edilib. Hazırda məhkəmə prosesinin davam etdirilməsi üçün müvafiq dövlət qurumlarının rəsmi icazəsi gözlənilir.