Ru
16:40 / 23 Fevral 2026

Almaniya hava yollarında qalmaqal – 500 sərnişin gecəni təyyarədə keçirdi

Almaniya hava yollarında qalmaqal – 500 sərnişin gecəni təyyarədə keçirdi
Eye

Almaniyanın Münhen hava limanında güclü qar yağışı səbəbindən yaranan xaos nəticəsində yüzlərlə sərnişin gecəni təyyarələrin salonunda keçirməyə məcbur qalıb. Hadisə ötən həftəsonu axşam saatlarında baş verib.

Bakupost.az “Bild” qəzetinə istinadən xəbər verir ki, “Lufthansa” aviaşirkətinə məxsus “Airbus A320” təyyarəsi yerli vaxtla saat 21:30-da Münhendən Kopenhagenə uçmalı idi. Güclü qar səbəbindən reys bir neçə dəfə təxirə salınıb, daha sonra sərnişinlər təyyarəyə mindirilib. Lakin bir müddət sonra reysin tamamilə ləğv edildiyi elan olunub.

Sərnişinlərin sözlərinə görə, onlara təyyarəni tərk edərək terminala aparılacaqları bildirilib, lakin avtobuslar uzun müddət gəlməyib. Danimarkalı sərnişin Soren Taym “Ekstra Bladet” qəzetinə deyib ki, hər yarım saatdan bir qeyri-müəyyən məlumatlar verilsə də, problem həll olunmayıb. Daha sonra ekipaj sərnişinlərə hava limanının faktiki olaraq bağlandığını, avtobus sürücülərinin isə evə getdiyini bildirib. Bu səbəbdən sərnişinlərin təyyarəni tərk etməsinə icazə verilməyib.

Nəticədə 123 nəfər sərnişin təxminən beş saat ərzində təyyarənin salonunda qalıb. Taym bildirib ki, sərnişinlərə yemək və içki təklif olunmayıb, halbuki onun yanında iki azyaşlı uşağı və həyat yoldaşı da olub.

“Simple Flying” nəşrinin yazdığına görə, sərnişinlər ekipajdan terminala piyada getməyə niyə icazə verilmədiyini soruşublar. Cavab olaraq hava limanında qüvvədə olan sərt təhlükəsizlik qaydaları əsas gətirilib. Eyni qaydalar “Lufthansa”nın problemi alternativ nəqliyyatla həll etməsinə də imkan verməyib, çünki hava limanı ərazisinə yalnız xüsusi icazəli nəqliyyat buraxılır.

Almaniyanın “Bild” nəşrinin məlumatına görə, eyni gecə Münhen hava limanında “Lufthansa”nın Sinqapur və Qdansk, eləcə də “Air Dolomiti”nin Qrats və Venesiya reyslərinin sərnişinləri də təyyarələrdə gözləməli olub. Ümumilikdə hadisədən təxminən 500 sərnişin zərər çəkib.

“Lufthansa” aviaşirkəti baş verənlərlə bağlı dərin təəssüfünü ifadə edib və sərnişinlərə yaşadılan narahatlığa görə üzr istəyib.

Cavid, BakuPost
Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar