Almaniyada yaşayan tanınmış hüquqşünas Əlövsət Əliyev bu günlərdə Azərbaycana səfəri zamanı işğaldan azad olunan ərazilərə də baş çəkib. Sonuncu dəfə 1991-ci ildə Qarabağda olan hüquqşünas 34 illik fasilədən sonra yenidən Ağdam, Şuşa, Xocalı, Əsgəran və Xankəndini gəzib və səfər təəssüratlarını qələmə alıb.
İşğaldan azad olunan rayonlarda ilk ayaq basdığım yer Ağdam oldu. Ağdamın bugünkü halını – viran qoyulmuş şəhəri, yerlə-yeksan edilmiş kəndləri, dağıdılmış və məhv edilmiş həyatı, vaxtilə 200 mindən çox insanın yaşadığı o geniş yaşayış məntəqələrində bircə qara daşın belə qalmadığını görəndə insanın qəlbində yalnız bir hiss baş qaldırır: Nifrət.
Bəli, nifrət! Və təkcə işğalçılara deyil, bu vəhşiliklərə göz yuman, onun üstünü örtən və ya susqun qalan bütün ölkələrə, demokratik institutlara və onları idarə edən fərdlərə qarşı...
Amma bu nifrət, içimizi illərlə dağlayan yanğı, Ağdama, Şuşaya, Xocalıya, Əsgərana, Xankəndinə baxanda, o torpaqlarda aparılan bərpa işlərini, qurulan infrastruktur layihələrini görəndə yerini sakit bir qürura verir. Və anlayırsan ki, ölkə başçısı, Ali Baş Komandan İlham Əliyev bu torpaqları azad etməklə təkcə ərazilərimizi deyil, xalqın ləyaqətini, şəxsiyyətini, tarixi yaddaşını da geri qaytarıb. Onun “demokratiya” və “insan hüquqları” adı altında ölkəmizə təzyiq göstərən xarici dairələrə, böyük dövlətlətə qarşı sərgilədiyi qətiyyətli və prinsipial mövqenin dərin mənasını indi daha aydın dərk edirəm. Bu, sadəcə siyasət deyil, tarixi ədalətin bərpası uğrunda dayanaqlı bir mübarizədir.

Şuşanın tarixi abidələrinin – Yuxarı Gövhər Ağa məscidinin, Şuşa qalasının, Bülbülün ev muzeyinin, Xurşidbanu Natəvanın sarayının, Vaqifin məqbərəsinin, Şirin su hamamının bərpası isə təkcə memarlıq uğuru deyil. Bu, uzun illər bayquşların uladığı, həyatın donduğu ərazilərdə mədəniyyətin və mənəviyyatın dirçəlişidir. O müqəddəs torpaqlarda addımladıqca insan sanki tarixə toxunur, ruhu dinclik tapır, şəhidlərimizin ruhuna rahatlıq nəqş olunur.
1991-ci ilin qışında ermənilər rus hərbçilərinin köməyi ilə məni Xankəndindən müstəntiq yoldaşım İbayevlə birlikdə zorla çıxarmışdılar. Həmin gündən sonra bir daha o torpaqlara qayıda bilməyəcəyimi düşünmüşdüm. Həm də orada Azərbaycan xalqına qarşı düşmənçilik siyasəti aparan rus hərbi birləşmələrinin ermənilərə açıq-aşkar dəstəyinin şahidi olmuşdum.
Amma uzun illərdən sonra – 27 iyul 2025-ci ildə mən yenidən Xankəndinə qayıtdım. Orada gecələdim. Və bu gecə həyatım boyu ən rahat yatdığım, təhlükəsizliyin və azadlığın ləzzətini hiss etdiyim unudulmaz bir gecə oldu. Bu hissi yalnız mənim kimi o torpaqlardan qovulanlar, orada yaşayanlar, bu torpaqlar uğrunda döyüşənlər və illərlə bu anı həsrətlə gözləyənlər daha yaxşı anlayar.
Bu günü bizə bəxş edən hər bir insana – şəhidlərimizə, qazilərimizə, əsgərlərimizə, dövlətimizə və xüsusilə də Ali Baş Komandana minnətdarlığımı qürurla və ehtiramla ifadə edirəm.
Bu hissləri yaşamaq, bu torpaqlarda yenidən nəfəs almaq mənim üçün bir ömürlük xoşbəxtlikdir.