ABŞ-ın texnologiya nəhəngi “Apple Inc.” sanksiya siyahısına düşmüş rusiyalı deputatların “iPhone” və digər “Apple” cihazlarına bağlı şəxsi hesablarını bloklamağa başlayıb.
Bakupost.az xəbər verir ki, bu barədə “Vedomosti” qəzeti məlumat yayıb.
Nəşrin yazdığına görə, Rusiya Dövlət Dumasının iki deputatı redaksiyaya bildiriblər ki, onların şəxsi “Apple ID” hesablarının bloklanması ilə bağlı bildiriş alıblar. Deputatlar texniki məhdudiyyətlərin detalları və hansı funksiyaların dayandırıldığı barədə əlavə məlumat verməyiblər.
Məsələ ilə bağlı “Apple” tərəfindən hələlik rəsmi açıqlama verilməyib. Lakin şirkət əvvəllər də ABŞ və Avropa Birliyinin sanksiya tələblərinə uyğun olaraq müəyyən istifadəçilərə və regionlara xidmətlərin məhdudlaşdırılması praktikasını tətbiq edib.
Ötən ay Rusiyada bir sıra istifadəçilər “Apple” texnikasında problemlərlə üzləşdiklərini bildirmişdilər. Şikayətlərin bir qismi istifadəçi ad və soyadlarının beynəlxalq sanksiya siyahılarındakı şəxslərlə üst-üstə düşməsi ilə əlaqələndirilib. Nəticədə bəzi hallarda sistem tərəfindən avtomatik məhdudiyyətlər tətbiq edildiyi iddia olunur.
Hazırda bloklamaların yalnız konkret sanksiyaya məruz qalmış şəxslərə şamil olunub-olunmadığı və ya texniki filtrasiya zamanı səhv uyğunlaşmaların baş verib-vermədiyi tam aydın deyil. Mütəxəssislər qeyd edirlər ki, qlobal texnologiya şirkətləri maliyyə və ixrac nəzarəti qaydalarına riayət etmək üçün sanksiya siyahıları ilə avtomatlaşdırılmış uyğunluq mexanizmlərindən istifadə edir və bu da bəzən eyni ad-soyadlı şəxslər üçün texniki problemlər yarada bilər.
Mövzu Rusiyada siyasi və hüquqi müzakirələrə səbəb olub. Rusiya qanunvericiləri əvvəllər xarici texnologiya şirkətlərinin ölkə daxilində fəaliyyətini tənzimləmək üçün əlavə mexanizmlər hazırlanacağını bildirmişdilər.
Hazırda bloklama hallarının miqyası və neçə deputatı əhatə etdiyi barədə dəqiq məlumat açıqlanmayıb.
Cavid, BakuPost