"ATV” telekanalının dublyaj etdiyi cizgi filmləri
"ARB Günəş”in efirində yayımlanacaq.
BakiPost.az xəbər verir ki, məsələ ilə bağlı "ATV”
telekanalından rəsmi açıqlama verilib. Həmin açıqlamanı təqdim edirik:
"Biz balaca tamaşaçılarımız üçün çeşidli cizgi filmlərini
dublyaj edirik. Bu məhsullar efir torumuzda geniş şəkildə yer alır. Lakin biz
tematik telekanal olmadığımız üçün, efirmizdə məhsullarımızın yalnız bir hissəsinə
yer verə bilirik. Bu səbəbdən, istehsal etdiyimiz məhsulların bir bölümünü "ARB
Günəş” telekanalına hədiyyə edəcəyik. Azyaşlı tamaşaçılarımız məhsullarımızın
bir hissəsini bir ildən artıqdır uğurlu fəaliyyəti ilə diqqət çəkən, uşaq
telekanalı "ARB Günəş”in efirində izləyə biləcəklər”.
"ARB Günəş”
televiziyasının rəsmi açıqlamasında "ATV”-nin bu addımı yüksək qiymətləndirilib:
"Bu addım bizim üçün çox xoş oldu. "ATV”
telekanalının rəhbərliyinə dərin minnətdarlığımızı bildiririk. Bu bizim üçün olduqca sevindirici haldır.
"ARB Media Qrup”un tərkibində fəaliyyət göstərən, ölkənin ilk uşaq telekanalı
"ARB Günəş” 1 ildən çoxdur ki, azyaşlı tamaşaçılarımız üçün maraqlı telelayihələr
və cizgi filmləri təqdim edir. Efir torumuzu daim yeniləyərək, balaca
tamaşaçılarımızı sevindirməyə çalışırıq. Qısa müddət ərzində telekanalımız
uşaqların sevimlisinə çevrilib. Lakin maliyyə imkanlarımız məhsullarımızın
sayını daha da artırmağa hələ ki, imkan vermir. "ATV”-nin bu dəstəyi bizim üçün
çox dəyərlidir. Bu təkcə bizə deyil, yüz minlərlə azyaşlı tamaşaçılara da bəxş
olunan çox qiymətli hədiyyədir”.
Qeyd edək ki, "ARB Günəş” telekanalını peykdə və
kabel televiziyaları vasitəsilə izləmək mümkündür.