Ru
13:03 / 23 Yanvar 2026

Avropalı alimlərin Azərbaycan sərgüzəştləri – Bakıda yüksək məbləğdə cərimələndilər – FOTO

Avropalı alimlərin Azərbaycan sərgüzəştləri – Bakıda yüksək məbləğdə cərimələndilər – FOTO
Eye

Azərbaycan meşələri təkcə gözəl mənzərələri ilə deyil, həm də sirli göbələkləri ilə avropalı alimlərin gündəminə gəlib. İsveçrə Meşə və Landşaft Araşdırmaları Mərkəzi (WSL) alimləri Luis Ever Vega Kabrera və Karolina Kornejo “TreeFunAZ” layihəsi çərçivəsində ötən ilin mayında ölkəmizin müxtəlif bölgələrində ekspedisiyaya çıxıblar. Məqsəd, ağac yarpaqlarında yaşayan göbələklərin Avropa ağaclarına təhlükə yaradıb-yaratmayacağını müəyyənləşdirmək idi.

Bakupost.az WSL-in saytına istinadən xəbər verir ki, Azərbaycanın əməkdaşlıq etdiyi laboratoriya avadanlıqsız olduğundan, tədqiqatçılar lazım olan materialları İsveçrədən gətirib və mini-laboratoriya qurmalı olublar.



Alimlərin sözlərinə görə, ekspedisiya başlanğıcdan-sona qədər çətinliklərlə dolu keçib. İlk sərgüzəşt aeroportda yaşanıb: “Hava limanında çoxsaylı böyük çamadanlarımızı yoxladılar, təhlükəsizlik yoxlamasından keçdik və bir saat gecikmə ilə təyyarəyə mindik. Birdən texniki problem elanı gəldi və düşməli olduq. Qısa müddət sonra ikinci bir elan gəldi. Daha bir uçuş ləğv edildi. Qarışıqlıq və xaosun içində, bir çox insanın çarəsiz şəkildə məlumat axtardığı bir vaxtda, bütün günü hava limanında keçirməyə məcbur olduq. Səhəri gün Bakıya səyahəti üçün alternativ bir yol tapdıq. Bu səbəbdən Azərbaycandakı ilkin marşrutumuzu dəyişdirməli olduq. Çünki Bakıya çatanda bizi daha çox sürpriz gözləyirdi”.



Planlarını dəyişməli olan tədqiqatçılar yollarını Talış meşələri və Hirkan qoruğuna salıblar: “Dörd nəfərlik komandamız ilə Bakıdan cənuba doğru yola düşdük. Təxminən 400 yarpağın səthlərini dezinfeksiya etmək üçün müvəqqəti laboratoriyalar qurduq. Ara-sıra yağış, duman və ildırımla qarşılaşdıq, palçıqlı yollardan keçdik. Qaban, bizon və ilanlarla üz-üzə gəldik. Amma bütün çətinliklər baxmayaraq, Azərbaycan gözəl meşələrinin nəfəskəsici mənzərələri, ləzzətli yeməklər, çay və çörəkdən də həzz aldıq”.








Alimlər qeyd ediblər ki, meşələrdə ağacların tapılması çətin olsa da, “Fagus”, “Quercus”, “Carpinus” və “Castanea” növlərinə aid bir neçə nümunə toplamaq mümkün olub. Tədqiqatçılar gün ərzində nümunələri toplayaraq axşamları hotellərdə yarpaqların səthini dezinfeksiya edib.







Səfərin sonunda isə geri dönüş zamanı tədqiqatçılar müxtəlif inzibati çətinliklərlə qarşılaşıblar: “15 gündən çox müvafiq qeydiyyat olmadan qaldığımız üçün qısa müddət Bakıdakı miqrasiya idarəsində saxlanıldıq. Bu pozuntuya görə böyük bir cərimə ödəməli olduq”.

Layihə alimlərə göbələklərin Avropadakı ağac növlərinə potensial təsirini qiymətləndirmək və gələcəkdə beynəlxalq ticarət yolu ilə yayıla biləcək patogenləri erkən müəyyən etmək imkanı verib. Bu ekspedisiya Azərbaycan meşələrinin bioloji zənginliyini əyani göstərib.

Cavid, BakuPost


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar