Ru
10:21 / 03 Noyabr 2026

Avtomobil nəhəngləri Avropanı tərk edir: Niyə hamısı Çinə köçür?

Avtomobil nəhəngləri Avropanı tərk edir: Niyə hamısı Çinə köçür?
Eye

Dünyanın bir sıra nəhəng avtomobil şirkətləri Çinə köçərək, öz fəaliyyətlərinin mühüm bir hissəsini orada davam etdirməyə başlayıblar.

Ənənəvi avtomobil nəhəngləri (“Volkswagen”, BMW, “Mercedes-Benz”, “Volvo” və “Hyundai”) Çinin inkişaf etmiş elektromobil (EV) ekosistemi, proqram təminatı və tədarük zəncirindən asılı hala gələrək istehsal və Ar-Ge (R&D) mərkəzlərini kütləvi şəkildə Çinə daşımağa məcbur olublar. Yəni bu şirkətlər artıq istehsalı, texnologiyanı və strateji gücü Çinə yönəldirlər.

Əvvəllər bu şirkətlər texnologiyanı Qərbdə hazırlayıb Çində sadəcə yığırdılarsa, hazırda əks proses gedir. Çin artıq bu nəhənglər üçün həm əsas qlobal innovasiya mərkəzinə, həm də digər ölkələrə avtomobil ixrac etmək üçün əsas qlobal istehsal bazasına çevrilir.

“Volkswagen” şirkəti artıq Çini özünün qlobal ixrac mərkəzinə çevirib. Çində hazırlanan və istehsal olunan bu avtomobillər Cənubi Amerika və Afrikaya ixrac ediləcək.

BMV isə Çindəki yerli istehsal payını 95%-ə çatdırmağı hədəfləyir. Yeni nəsil "Neue Klasse" platformasına aid elektromobillərinin istehsalını və inkişafını tamamilə Çinə köçürür. Şirkət Çinin “Huawei” və “Momenta” kimi texnologiya nəhənglərinin proqram təminatından istifadə edir.

“Mercedes-Benz” də Avropadan Çinə avtomobil idxalını minimuma endirərək, komponent tədarükünü demək olar ki, 100% Çin daxilinə keçirir. Məsələn, yeni elektrikli E-Class modeli tamamilə Çin hissələri ilə orada istehsal olunacaq.

İsveç markası olan “Volvo” da qlobal rəqabətdə sağ qalmaq üçün Avropa yönümlü texnologiyalardan imtina edərək, növbəti illərdə buraxacağı yeni modellərini tamamilə Çindəki elektron arxitekturası, bulud texnologiyaları və yerli süni intellekt sistemləri üzərində qurur.

Cənubi Koreyanın “Hyundai Motor” şirkəti də Çini özünün qlobal bazarlar üçün əsas ixrac qovşağı elan edib. Şirkət özünün ən qabaqcıl texnologiyalarını Çində tətbiq edir və burada istehsal olunan yeni nəsil avtomobilləri dünyanın digər regionlarına göndərirlər.

ABŞ isə bu prosesdə özünü müəyyən dərəcədə qoruya bilib. Belə ki, ABŞ adminstrasiyası Amerikadan olan şirkətlərin Çinə axınının qarşısını almaq üçün rüsumları qaldıracağı ilə hədələyib ki, bu da ümumən öz nəticəsini verib.

Avropa avtomobil nəhənglərinin Çinə axınının səbəbi nədir və bu tendensiyanın marka sahibi olan ölkələrə nə kimi zərəri dəyə bilər?

Azərbaycan Avtomobil Dillerləri Assosiasiyası İdarə Heyətinin sədri Eyyub Əliyev “Bakupost”a bildirib ki, iri avtomobil şirkətlərinin Çinə meyl etməsi yenə deyil, bu illərə dayanmış hadisədir:

““Toyota”, “Hyunday”, BMW, “Mersedes” zatən neçə illərdir Çin bazarında işləyir. Onların Çində istehsal zavod və müəssisələri var”.

Ekspertin sözlərinə görə, Çin bazarının böyük olması həmin şirkətlər üçün əlavə imkandır:

“Yəni bu kimi şirkətlərin Çinə meyl etməsi həm illər öncə onların Pekinlə bağladıqları sazişlərlə, həm də burada avtomobil sənayesinin inkişafına töhfə vermək məqsədi daşıyır. Bu meyllilik Çinin daxili bazarının böyüklülüyündən qaynaqlanır”.

Müsahibimizə görə, hazırki məqamda isə avropalı istehsalçıların “köhnə qitə”də və digər bölgələrdə mövqelərini daha da itirmələri onların bir çoxunu fəaliyyətlərini Çində genişləndirməyə sövq edib:

“Çində işçi qüvvəsinin ucuz olması, qiymətin, xammalın dəyərinin aşağı olması da onları Çinə aparan amillərdən idi. Amma indi artıq bu proses Çinin özündə də ucuz başa gəlmir.

Çin avtomobil sənayesinin inkişafı Avropa və Yaponiyanın bir çox avtomobil markalarını artıq iflic vəziyyətə salıb. Bu mənada düşünürəm ki, bəzi markaların Çinə meyl etməsi təkcə istehsalçının özünün təkbaşına verdiyi qərar deyil. Həmçinin, yerli istehsalçılara dəstək üçün onun məxsus olduğu ölkələrin də verməli olduğu qərarlar var”.

Həmsöhbətimiz hesab edir ki, bu gedişlə Avropada bir çox avtomobil markaları müflisləşəcək:

“Belədə, onların gələcəkdə fəaliyyətlərini hansı formada davam etdirəcəkləri də bəlli deyil”.

Rüfət Sultan,
BakuPost

Şərhlər
This site is protected by reCAPTCHA.
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar