Son vaxtlar Bolt şirkətinin “ayıq sürücü” xidməti ilə bağlı şikayətlər sürətlə artır. Müştərilər bildirirlər ki, sifariş verdikdən sonra qarşılaşdıqları vəziyyət nə xidmət anlayışına, nə də təhlükəsizlik tələblərinə uyğun gəlir.
Bakupost.az-a müraciət edən istifadəçilərin sözlərinə görə, tətbiqdə göstərilən qiymətlər real vəziyyətdə dəyişdirilir, sürücülərin davranışı isə bəzən qorxu və gərginlik yaradır.
İddialara görə, sifariş təsdiqləndikdən sonra sürücülər müştərilərə zəng edərək göstərilən məbləğlə razılaşmır və azı 50 faiz, bəzən isə ikiqat artıq pul tələb edirlər. Bu, istifadəçilər tərəfindən aldatma və dələduzluq cəhdi kimi qiymətləndirilir.
Daha narahatedici məqam isə qiymət artımına etiraz edən müştərilərə qarşı bəzi sürücülərin hədə-qorxu gəlməsi, aqressiv danışması və psixoloji təzyiq göstərməsi ilə bağlı iddialardır. Şikayətçilərin sözlərinə görə, “Bolt” sürücülərini cinayətkar aləmin nümayəndələri, küçə üslubunda davranan şəxslər təəssüratı yaradır.
İstifadəçilər bildirirlər ki, sürücülər bəzən ümumiyyətlə, ünvana gəlmədən əvvəlcədən zəng edərək qiyməti ikiqat artırır, digər hallarda isə ünvana çatdıqdan sonra əlavə pul tələb edərək müştərini fakt qarşısında qoyurlar. Bu isə birbaşa olaraq insanların təhlükəsizliyini risk altına salır.
Bu faktlar “Bolt”un sürücü seçimində və nəzarət mexanizmlərində ciddi boşluqların olduğunu göstərir. Şirkət sürücü qəbul edərkən şəxslərin keçmişini, davranışlarını və etik uyğunluğunu lazımi səviyyədə yoxlamır, əsas diqqəti isə xidmətin keyfiyyəti və müştəri təhlükəsizliyi deyil, say və gəlir üzərində cəmləyir.
Qanunvericiliyə görə, nəqliyyat və şəxsi təhlükəsizliklə bağlı xidmət göstərən platformalar:
• müştərilərin təhlükəsizliyini prioritet saymalı,
• sürücülərin şəxsiyyətini və uyğunluğunu yoxlamalı,
• tətbiqdə göstərilən qiymət şərtlərinə əməl etməli,
• istehlakçılara qarşı təzyiq, hədə və aldatmaya yol verməməlidir.
Ekspertlər bildirirlər ki, sifariş təsdiqləndikdən sonra qiymətin dəyişdirilməsi və xüsusilə də təzyiq yolu ilə əlavə pul tələb edilməsi artıq sadə narazılıq yox, hüquqi məsuliyyət doğuran hal kimi qiymətləndirilə bilər.
Mətbuatda “Bolt”la bağlı narazılıqlar daha əvvəl də işıqlandırılıb. Məsələn, Bakıda “Bolt” taksi sürücüsünün müştərini söyərək təhqir etdiyi və inzibati qaydada həbs olunduğu
xəbərləri yayılmışdı.
Bundan başqa sürücülərin sərnişinləri təhqir və təhdid etməsi faktları da dəfələrlə
ictimailəşib.
Qlobal kontekstdə də Bolt-la bağlı təhlükəsizlik narahatlıqları mövcuddur. Məsələn, Phuket (Tailand) polisinin bir Bolt sürücüsünü gecə səfəri zamanı sərnişinə qarşı cinsi hücumla bağlı saxladığı xəbərləri yayılıb.
Bu halların ictimaiyyət arasında müzakirə olunması göstərir ki, zaman-zaman “Bolt”un xidmət keyfiyyəti və sürücü davranışları ilə bağlı narazılıqlar mətbuatda yer alır və ictimai qınaq şirkətə təsir göstərmir.
Buna görə də aidiyyəti dövlət qurumları bu şirkətin fəaliyyətini yalnız müştəri–sürücü münasibətləri çərçivəsində deyil, təhlükəsizlik və keyfiyyət baxımından də ciddi şəkildə yoxlamalıdır.
“Ayıq sürücü” xidməti insanlara təhlükəsiz şəkildə evə çatmaq üçün lazımdır. Amma görünən odur ki, bəzi hallarda bu xidmət təhlükəsizlik deyil, stress və qorxu mənbəyinə çevrilir. Gecə saatlarında, kömək axtaran müştəri birdən-birə əlavə pul tələbi, aqressiv zəng və təzyiqlə üz-üzə qalır.
Məsələ ilə bağlı “Bolt” şirkətinin mövqeyini öyrənmək mümkün olmayıb. Şirkət açıqlama verərsə,
Bakupost.az qarşı tərəfin mövqeyini dərc etməyə hazırdır.
Azər
Bakı Post