Ru
15:50 / 23 Dekabr 2025

Nazirlik məhkəmə qərarını saymadı – Vəzifəli şəxslərin inanılmaz vəhşiliyi - VİDEO/FOTO

Nazirlik məhkəmə qərarını saymadı – Vəzifəli şəxslərin inanılmaz vəhşiliyi - VİDEO/FOTO
Eye

Şirvan Milli Parkı ərazisində bir ailəyə, onun təsərüfarına qarşı nə qanuna, nə də insanlığa sığmayan zorakı addımlar atılıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin səlahiyyətli şəxsləri məhkəmə qərarını heçə sayaraq bir ailəni qışın ortasında təsərrüfatından zorla çıxarıb, yüzlərlə heyvan isə səhraya buraxılıb və tələf olur.
Təsərrüfatın sahibi Əmir Abdullayev Bakupost.az -a müraciət edərək, səsinin aidiyyəti qurumlara çatdırılmasını xahiş edib, onlardan aman diləyib.

Onun sözlərinə görə, 1963-cü ildən etibarən Şirvan ərazisində heyvandarlıqla məşğul olan Abdullayevlər ailəsinə qarşı son bu aylarda məqsədli təzyiqlər başlanıb. Ailənin başçısı Əmir Abdullayevin sözlərinə görə, Şirvan Milli Parkına yeni təyin olunmuş direktor Nizaməddin Tağıyev onlardan park ərazisində qalmaq üçün 20 min manat pul tələb edib.


O iddia edir ki, bu məbləği ödəməkdən imtina etdikdən sonra vəziyyət kəskin şəkildə dəyişib.

“Pulu vermədik, əməkdaşlar göndərildi”

Ailə üzvlərinin sözlərinə görə, Nizaməddin Tağıyevin göstərişi ilə parkın əməkdaşları fermaya göndərilib və məcburi qaydada heyvanlar ərazidən çıxarılıb:

“Dedilər ki, ya çıxırsınız, ya da heyvanları buradan aparırıq. Heç bir sənəd, heç bir qərar göstərilmədi.”

Əmir Abdullayevin sözlərinə görə, Apelyasiya Məhkəməsi nazirliyin iddiasını təmin etdikdən indiki vaxta qədər həmin ərazidə qalmaq üçün müəyyən vəsaitlər ödəyiblər və bunu sübut edəcək ödəniş çekləri qalır. Lakin yeni direktor vəsaiti xeyli qaldırdıqdan sonra aradakı münasibət korlanıb. Buna görə də ailə Salyan məhkəməsjnə müraciət edərək ərazini boşaltmaq üçün 6 ay möhlət istəyib. Məhkəmə də iddianı təmin edib. Lakin bu qərar nazirlik əməkdaşları tərəfindən saya salınmayıb, onların dərhal ərazini tərk etməsini tələb ediblər. Hətta buna nail olmaq üçün əraziyə hücum çəkərək, Abdullayevlərə qarşı qeyri-insani hərəkətlər ediblər.



İddialara görə, park əməkdaşları qoyunları və digər heyvanları tövlələrdən çıxarıb, 5–6 kilometr uzaqlıqda, səhralıq əraziyə buraxıblar. Bundan başqa, ailənin fermaya yaxınlaşmasına və heyvanlara sahib çıxmasına imkan verməyiblər.

Yeni doğmuş quzular səhrada qaldı

Ən faciəli məqam isə odur ki, səhraya buraxılan heyvanların böyük hissəsi yeni bala vermiş qoyunlar olub. Onlar bir ərazidə, quzular isə başqa tövlədə saxlanıldıgı üçün körpə quzular tələf olmağa başlayıb.

“Qışdır, səhradır, nə yem var, nə su. Quzular anasını tapmır, aclıqdan qırılırlar. Bu, artıq faciədir. Yenicə bala vermiş 38 baş qoyunu aparıb ərazidən uzaqlaşdırıblar. Sizə göndərdiyim videodan da görünür ki, həmin qoyunları balalarından ayırıb aparırlar. Dünən səhərə kimi axtarmışıq, müxtəlif ərazilərdən 11 baş heyvanı tapdıq, qalanısa yoxdur. Yeni doğulmuş quzulardan 8-ci acından ölüb. Bizə müsibət yaşadırlar. İnsanlıqdan xəbəri olmayan adamlardı bunlar. Nə qanun tanıyırlar, nə də Allah”, -deyə təsərrüfat başçısı bildirib.

Məhkəmə qərarı niyə icra olunmur?


Qeyd etdiyimiz kimi, Salyan Rayon Məhkəməsi 10 dekabr 2025-ci il tarixli qərarla Şirvan Apellyasiya Məhkəməsinin qətnaməsinin icrasına 6 ay möhlət verib. Qərarda açıq şəkildə göstərilir ki, qış mövsümündə dərhal icra ailənin hüquqlarını poza bilər.

Lakin ailənin iddiasına görə, park rəhbərliyi bu qərarı tanımır və açıq şəkildə bildirir ki, “məhkəmə qərarı məni maraqlandırmır”.

“Bu, rüşvət iddiasıdır və araşdırılmalıdır”

Ailənin iddiasına görə, baş verənlərin kökündə 20 min manatlıq tələb dayanır. Onlar bildirir ki, pul ödənilmədiyi üçün bu zorakı addımlar atılıb. Ailə əlindəki sübut üçün materialları aidiyyəti qurumlara təqdim etməyə hazırdır.

Hazırda ailə Baş Prokurorluqdan, Ombudsman Aparatından, Ekologiya və Təbii Sərvətlər Nazirliyindən
təcili araşdırma aparılmasını, Salyan rayon məhkəməsinin qərarının icra olunmasını və heyvanların tələf olmasının qarşısının alınmasını tələb edir.

Şirvan Milli Parkının direktoru Nizaməddin Tağıyev Bakupost.az-a açıqlamasında pul tələbi ilə bağlı ittihamları rədd edib və bunun şər-böhtan olduğunu deyib. O, həmin şəxslərin ərazidən çıxarılmasının Ali Məhkəmənin qərarına uyğun həyata keçirildiyini bildirib.

Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə sorğu ünvanlamışıq.

Zaur, BakuPost









Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar