Ru
12:16 / 18 Yanvar 2022

"20 Yanvar"da teatrlarda hansı tamaşalar göstəriləcək? - Araşdırma

6676
Azərbaycan tarixinə qanlı yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrinin növbəti il dönümü yaxınlaşır. Xalqımız indiyədək bu faciənin ağrı-acısı ilə yaşayır. Hər il şəhidlərin xatirəsi yad edilir, onların uyuduğu Şəhidlər Xiyabanı ziyarət olunur . Dövlət qurumlarında, ictimai təşkilatlarda, təhsil müəssisələrində 20 Yanvara həsr olunan anım tədbirləri keçirilir.

Bəs anım günü ərəfəsində paytaxt teatrlarında hansı tamaşalar nümayiş olunacaq? 20 yanvar günü teatrların repertuarına hansı tamaşalar daxil edilib?

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında yanvarın 19-u Xalq yazıçısı İlyas Əfəndiyevin əsəri əsasında hazırlanan “Qarabağnamə” ​ tamaşası nümayiş olunacaq.​

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında yanvarın 19-u bəstəkar Fikrət Əmirovun “Sevil” operası, ​ Azərbaycan Dövlət Akademik Musiqili Teatrında isə Samir Qulamovun "Bir nəfəs qədər" tamaşası nümayiş etdiriləcək.

Azərbaycan Dövlət Akademik Filarmoniyasında da sözügedən tarixdə 20 Yanvar faciəsinin qurbanlarının xatirəsinə həsr olunan anım mərasimi keçiriləcək.

Teatrlardan verilən məlumata görə, yanvarın 20-si ölkədə qeyri iş günü olduğu üçün anım günü ilə bağlı tamaşalar bir gün öncə, yəni yanvarın 19-u​ nümayiş olunacaq.

Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrı, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı, Azərbaycan Dövlət “Yuğ” Teatrı, ​ Azərbaycan Dövlət Pantomima Teatrıvə Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının repertuarına isə 20 Yanvar faciəsi ilə bağlı heç bir tamaşa daxil edilməyib.

Bu teatrlarda tamaşalar bir gün sonra, yəni yanvarın 21-i nümayiş etdiriləcək. Sözügedən tamaşalar​ isə anım gününə həsr olunmayıb.​ ​



Görəsən nə səbəbdən bu teatrların repertuarında​ 20 Yanvar faciəsi ilə bağlı tamaşalar yoxdur?

Məsələ ilə bağlı əlaqə saxladığımız ​ Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrı, Azərbaycan Dövlət “Yuğ” Teatrı, Azərbaycan Dövlət Pantomima Teatrından bildirildi ki, yanvarın 20-si ölkədə matəm günə və eyni zamanda qeyri iş günüdür. Bu səbəbdən də həmin gün teatrların repertuarına tamaşa daxil edilməyib.

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrından qeyd olundu ki, hazırda teatr təmirə bağlanıb və əsasən səyyar fəaliyyət göstərilir. Bu səbəbdən də teatrda ​ faciənin ildönümü ilə əlaqədar ​ tamaşa nümayiş olunmayacaq. ​

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrından isə bildirildi ki, sözügedən teatrda uşaqlar üçün ancaq şən tamaşalar nümayiş olunur. Uşaqları stressə salacaq tamaşaların nümayişi məqbul hesab edilmir.

Teatrlardan fərqli olaraq iri ticarət mərkəzləri olan “Mallar”da fəaliyyət göstərən Park Cinemalarda 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar filmlər nümayiş etdiriləcək. Tamaşaçılar filmlərə 20 yanvar günü baxa bilərlər.

Park Bulvarda fəaliyyət göstərən Park Cinemada və Alov qüllələri kompleksində Park Cinema Flame Towersdə də Vahid Mustafayevin “Qanlı yanvar” filmi namyiş olunacaq.​ Park Cinema Zaqulba AVM-də isə “Kod 355” ​ filmi namayiş etdiriləcək.

Park Cinemalardan qeyd olundu ki, ənənəvi olalaq hər il 20 yanvar günü, faciənin ildönümü ilə əlaqədar “Qanlı yanvar”​ və bu mövzulu filmlər nümayiş olunur. Belə filmləri izləməyə gələn tamaşaçıların da sayı az deyil.




Məsələ ilə bağlı əlaqə saxladığımız ​ Azərbaycan Respublikası Mədəniyyət Nazirliyindən Bakupost.az -a bildirildi​ ki, hər il 20 Yanvar faciəsi ərəfəsində patyaxtdakı aparıcı teatrlarının repertuarına mövzuya aid tamaşalar daxil edilir və nümayiş olunur. Bu il də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında və Azərbaycan Dövlət Akademik Musiqili Teatrında faciəyə həsr olunan tamaşalar göstəriləcək. Eyni zamanda Azərbaycan Dövlət Akademik Filarmoniyasında 20 Yanvar qurbanlarının xatirəsinə həsr olunan anım mərasimi keçiriləcək.

Nazirlikdən vurğulandı ki, hazırda Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında​ təmir işləri aparılır. Teatrın böyük zalı təmirə bağlandığı üçün tamaşalar müvəqqəti olaraq​ R.Behbudov adına Mahnı Teatrının və Kukla Teatrının səhnəsində oynanılır. Bu səbdən də bu il sözügedən teatrda 20 Yanvar faciəsinin ildönümünə həsr edilən tamaşa nümayiş olunmayacaq. Ancaq ötən il teatrda Xalq yazıçısı Anarın eyniadlı pyesi əsasında hazırlanan 20 Yanvar faciəsinə həsr olunmuş “Şəhərin qış gecələri”tamaşası, həmçinin "Mən gəldim, qızlar", “Müharibə” tamaşaları nümayiş olunub.

Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrı, Azərbaycan Dövlət “Yuğ” Teatrı, Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrı, Azərbaycan Dövlət Pantomima Teatrı və Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının repertuarında mövzuya aid tamaşalar olumadığı üçün nümayiş olunmayacaq.

Sevinc
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər