Xəbər verdiyimiz kimi, bu gün səhər saatlarında Bakı metropoliteninin “20 Yanvar” stansiyasının yeraltı keçidlərində fəaliyyət göstərən mağazalar fəaliyyətini dayandırıb.
Məsələylə bağlı Bakupost.az -a danışan mağaza sahibi Ş.Abbasov onlara dünən bununla bağlı müdriyyət tərəfindən məlumat verildiyini bildirib:
“Bir neçə gün öncə mətbuatda yeraltı keçiddə fəaliyyət göstərən mağazaların insanların gediş-gəlişinə mane olmasıyla bağlı məlumat yayıldı. Ardınca isə dünən müdriyyət tərəfindən bizə bildirildi ki, sabah mağazanı açmayın, günortadan sonra biz deyəndə açarsınız”.
Ş.Abbasov ərazidən 100-də çox mağazanın fəaliyyət göstərdiyini və əgər mağazalar açılmasa, ən azı 100 ailə başçısının işsiz qalacağını deyib:
“İndi isə baxırıq ki, deyəsən, heç mağazaları açmağa icazə verməyəcəklər, birdəfəlik bağlayıblar. Nə edəcəyik, bilmirik. Çox pis oldu. Gərək heç olmasa, bununla bağlı bizə 1-2 ay öncədən məlumat verəydilər. Mağazada mallarımız var, onları yerbəyer edərdik”.
Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) ilə əlaqə saxladıq. Qurumdan Bakupost.az -a bildirildi ki, mağazalar onlara aid deyil.
Qeyd edək ki, Bakı Şəhər İcra Hakimiyyəti və “Bakı Metropoliteni” QSC də mətbuata açıqlamasında bu məsələnin onlara aidiyyatı olmadığını bildiriblər.
Vasif Əlihüseyn
BakuPost