Ru
15:12 / 26 Sentyabr 2023

24 saatlıq lokal antiterror tədbirləri: separatizmə ölümcül zərbə - Sülh prosesi sürətlənəcək?

24811
Ermənistanın işğalına son qoyulmasından keçən 3 il müddətində Azərbaycanın səylərinə baxmayaraq, təcavüzkar ölkə heç bir halda sülhə gəlmədi, üzərinə götürdüyü öhdəliklərdən yayınaraq danışıqlar prosesini pozdu, müxtəlif hərbi təxribatlarla çirkin əməllərini davam etdirdi. Azərbaycanın Qarabağ bölgəsindəki qanunsuz erməni silahlı birləşmələri tərəfindən ordumuzun mövqeləri daim müxtəlif çaplı silahlardan sistemli şəkildə atəşə tutuldu. Son bir neçə gündə isə bu artıq ardıcıl xarakter almışdı. Separatçılar Azərbaycan Ordusunun bölmələrinə qarşı kəşfiyyat fəaliyyətlərini genişləndirir, mövqelərimizin dərinliyinə sızaraq minalardan təmizlənən ərazilərin və mülki təyinatlı yolları terror-təxribat məqsədilə yenidən minalayırdılar.

1991-ci ildən başlayaraq, ermənilər Azərbaycan ərazisində 1 milyondan çox mina basdırıblar. Ölkəmizə qarşı aparılan mina terroru 3 400 nəfərə yaxın həmyerlimizin həyatına son qoyub. 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatdan sonra Ermənistan yenə də qəddarlığından əl çəkməyib, mina terrorunu davam etdirib, nəticədə Qarabağ və Şərqi Zəngəzurda 314 nəfər həmyerlimiz bu terrorun qurbanı olub. Həmişə olduğu kimi, bu dəfə də beynəlxalq təşkilatlar və özünü haqq-ədalətin, humanizmin, insan hüquq və azadlıqlarının carçısı hesab edən dövlətlər Ermənistanın mina terrorunu susqunluqla qarşılayıb. Dəfələrlə bəyan edilib ki, üçtərəfli bəyanatın 4-cü bəndi kobudcasına pozulur, qanunsuz erməni silahlı qüvvələri Azərbaycan ərazisindən hələ də çıxarılmır, hərbi fəaliyyətləri davam edir və ərazilərimizi minalayırlar. Bu ədalətsizlik və beynəlxalq hüquq normalarına hörmətsizlik Ermənistanı getdikcə daha da azğınlaşdırdı və onlar bir neçə gün əvvəl polis əməkdaşlarının, mülki əhalinin ölümünə səbəb olan növbəti mina terrorunu həyata keçirdilər. Budəfəki terror aktı Azərbaycanın səbir kasasını daşdırdı və Qarabağda lokal xarakterli antiterror tədbirlərinin keçirilməsini qaçılmaz etdi. Mina terroru nəticəsində 9 şəhid verən Azərbaycan antiterror əməliyyatına başladı.

Bir gün davam edən antiterror tədbirlərini analiz etdikdə, bunun yüksək peşəkarlıqla həyata keçirildiyi, stateji hədəflərə tam nail olunduğu aydın görünür.





Prezident İlham Əliyev xalqa müraciətində bu məqama toxunaraq deyib ki, antiterror tədbirləri nəticəsində hərbçilərimiz böyük qəhrəmanlıq, şücaət, peşəkarlıq göstərdilər:


"Ağır relyef şəraitində, düşmən tərəfindən uzun illər böyük mühəndislik işləri nəticəsində istehkamların mövcudluğu şəraitində, düşmən mövqelərinin təpələrdə, əlverişli yerlərdə yerləşdirilməsinə baxmayaraq, bizim hərbçilərimiz qəhrəmanlıq, peşəkarlıq göstərmişlər və qısa müddət ərzində bütün istiqamətlər üzrə əhəmiyyətli dərəcədə hərbi uğurlar əldə etmişlər. Ermənistan dövlətinin Azərbaycan ərazisində qanunsuz yerləşdirilmiş və Ermənistan dövlətinin öhdəliyinə baxmayaraq, bu günə qədər çıxarılmamış ordunun böyük hissəsi tamamilə məhv edilmişdir. Hərbi texnika məhv edilmişdir və sıradan çıxarılmışdır".




Lokal xarakterli antiterror əməliyyatı zamanı Azərbaycan öz vətəndaşlarının təhlükəsizliyini təmin etməyə nail oldu, mülki əhali demək olar ki, zərər görmədi. Azərbaycan Silahlı Qüvvələri ərazidə mülki əhalini hədəf götürmədi, yalnız hərbi hədəflər vuruldu, insanların təhlükəsizliyinin təmin edilməsi, həyatının qorunması üçün tədbirlər görüldü, əhalinin cəmləşdiyi yaşayış məntəqələrinə daxil olunmadı. Əhaliyə qəti şəkildə antiterror tədbirlərinin keçirildiyi ərazilərdə durmamaq, öz evlərindən çıxmamaq, hərbi obyektlərin yaxınlığında olmamaq, yaranan problemlərin həlli ilə bağlı hərbçilərə müraciət etmək tövsiyə olundu, insanların humanitar problemlərinin həlli üçün zəruri işlər görüldü. Həmçinin Azərbaycan tərəfi sülhməramlıların öz funksiyalarını yerinə yetirməsi üçün tam şərait yaratdı.

Beləliklə, 1 gün davam edən əməliyyat separatçıların təslim olması və Bakının şərtlərini qəbul etməsi ilə yekunlaşdı.




Hərbi ekspert Ədalət Verdiyevin sözlərinə görə, Azərbaycan tərəfi Ermənistana dəfələrlə xəbərdarlıq etmişdi ki, qanunsuz silahlı dəstələrini Qarabağdan çıxarılsın. Lakin Ermənistan tərəfi israrla Azərbaycanın haqlı tələblərini 3 il ərzində yerinə yetirmirdi. Nəticədə çox sayda təxribatların törədilməsi Azərbaycan tərəfinə antiterror tədbirləri görməyə vadar etdi.


Ekspert bildirib ki, Azərbaycan Ordusu cəmi 24 saat ərzində hədəflərinə nail oldu: “Qarabağdakı xunta rejimi ağ bayraq qaldıraraq, təslim olduğunu açıqladı. Azərbaycan Ordusu bu əməliyyatları kifayət qədər böyük peşəkarlıqla və yüksək dəqiqlikdə nöqtə zərbələri endirməklə icra etdi. Nəticə etibarilə bütün dünyaya Azərbaycan Ordusunun imkan və potensialının nə qədər yüksək olduğunu bir daha göstərdi”.



“Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları” İctimai Birliyinin sədri Bəhruz Məmmədzadənin dediyinə görə, Azərbaycan bölgədə hər zaman sabitliyin olmasına tərəf olub. Ona görə də 44 günlük Vətən müharibəsindən sonra üç ilə yaxındır ki, səbr edirdi. Lakin törədilən son terror hadisəsi səbrimizi tükəndirdi. Müzəffər Ali Baş Komandanın dediyi kimi, Azərbaycan dərhal lazımi addımlar ataraq düşməni layiqincə cəzalandırdı. Şanlı Ordumuz lokal xarakterli antiterror tədbirlərinə başladı və qarşıda duran bütün vəzifələr cəmi bir gün ərzində yerinə yetirildi. Terrorçular cəzalandırıldı və bir daha Ermənistana göstərildi ki, onların istənilən təxribatına layiqli cavab veriləcək:


“Ordumuzun bölmələri qanunsuz erməni silahlı birləşmələrinə aid hərbi hədəfləri peşəkarlıqla darmadağın edərək mühüm əraziləri təmizlədi. Qarşı tərəfin mövqeləri təpələrdə, əlverişli yerlərdə olda da, hərbçilərimiz böyük qəhrəmanlıq, şücaət, peşəkarlıq göstərdi və düşməni məğlub etdi. Bununla da erməni separatçıları silahı yerə qoyaraq, Vətən müharibəsində olduğu kimi, ağ bayraq qaldırdılar. Danışıqlar üçün başqa ölkələrə yox, bizim təyin etdiyimia yerə - Yevlaxa gəldilər”.


B.Məmmədzadə əlavə edib ki, antiterror tədbirlərinin xarakteri mülki əhalinin və mülki obyektlərin hədəf götürülməməsi, yalnız hərbi hədəflərin sıradan çıxarılması və məhv edilməsi idi. Bunun nəticəsində mülki əhali heç bir zərər görmədi:


“Bu tədbirlər həm də ona görə çətinlik yaradırdı ki, erməni silahlı birləşmələri hərbi obyektləri mülki insanların arasında cəmləyirdi. Məqsəd dünyaya car çəkmək idi ki, Azərbaycan mülki əhalini hədəfə alır, amma niyyətləri baş tutmadı. Səsgücləndiricilərlə və başqa müxtəlif vasitələrlə mülki insanların təhlükəsiz yerə yönəldilməsi ilə hərbi obyektləri zərgər dəqiqliyi ilə məhv etdilər. Nəticədə mülki əhalinin heç biri zərər görmədi”.





Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin eksperti, siyasi elmlər üzrə fəlsəfə doktoru Mətin Məmmədli bildirib ki, Azərbaycan Qarabağda lokal xarakterli antiterror tədbirləri həyata keçirməklə çox möhtəşəm bir qələbə qazandı. Azərbaycan xalqı böyük bir zəfər əldə etdi. Ordumuz Qarabağda 24 saata yaxın antiterror tədbirlərini həyata keçirdi. Bu da kifayət qədər çox qısa bir müddət idi. Bu qısa müddətdə də ordumuz çox böyük uğurlara nail oldu:



“Qısa antiterror tədbirləri nəticəsində bölgədəki separatçı rejimin qalıqları təslim olmağa məcbur edildi. Bununla da qondarma separatçı cinayətkar rejim süquta uğradı. Təbii ki, bu qələbə Azərbaycan dövlətinin, ordusunun və xalqının tarixi bir qələbəsidir. Regionda, xüsusən də, Qarabağda sülh quruculuğu inşası prosesi daha da sürətlənəcək. Eyni zamanda, bu tədbirlər ordumuzun yüksək döyüş qabiliyyətini, əzmini bir daha nümayiş etdirdi. Hesab edirəm ki, bu, bölgədə sülh quruculuğu proseslərinə əhəmiyyətli dərəcədə ciddi təsir göstərəcək”.





Millət vəkili Elşad Mirbəşiroğlunun sözlərinə görə, Azərbaycan tərəfi 2020-ci ildə öz torpaqlarını işğaldan azad etdikdən sonra regionda dayanıqlı sülhün bərqərar olması üçün bütün imkanlarını səfərbər etdi. Ermənistan tərəfinə sülh şərtlərini təqdim etməklə yanaşı, Azərbaycan ərazisində yaşayan ermənilərlə də dialoqa hazır olduğunu göstərdi, onlara reinteqrasiya təklifi irəli sürdü. Lakin ötən zaman ərzində nə Ermənistan tərəfi, nə də Azərbaycan ərazisində yaşayan ermənilər Azərbaycanın çağırışlarına lazımi reaksiya nümayiş etdirmədilər. Azərbaycana qarşı davam etdirilən təxribatlar, həm hərbi, həm də siyasi xarakter daşıyırdı:



“Bütün dünya gördü ki, Azərbaycan bir neçə il öncə danışıqlar prosesində iştirak edərək, məsələnin dinc yolla həllinə çalışırdısa, bu sadəcə olaraq humanizm və regionda sülh xatirinə idi. Azərbaycanın gücü hər zaman torpaqlarımızın hərbi yolla azad edilməsinə imkan verib. Məhz bunu da 2020-ci ildə 44 günlük müharibə və 2023-cü ildə lokal xarakterli anti-terror tədbirləri ilə nümayiş etdirdik. Cəmi bir gün davam edən antiterror tədbirləri bir daha nümayiş etdirdi ki, Azərbaycan olduqca güclü və geniş hərbi potensiala malikdir. Separatizm dövlətin konstitusiya quruluşuna qarşı birbaşa çağırışdır. Azərbaycan ərazisində separatizmin köklərini tam kəsməyincə, tam təhlükəsizlik mühitindən danışmaq mümkün deyil. Buna görə də antiterror tədbirlərini həyata keçirməklə milli və dövlət təhlükəsizliyinə olan təhdidlərin aradan qaldırılması üçün çox təsirli addım atdıq”.




Millət vəkili Kamran Bayramov bildirib ki, Azərbaycan Ordusunun Qarabağda başlatdığı lokal xarakterli antiterror tədbirlərinin qısa müddətdə öz müsbət nəticəsini verməsi, separatçıların təslim olması ölkəmizin növbəti tarixi qələbəsidir. Bu, bir daha göstərir ki, ölkəmiz regionda sülhün və sabitliyin əsas təminatçısıdır. Prezident İlham Əliyev beynəlxalq hüququn tətbiqi ilə ərazi bütövlüyümüzün təmin olunmasına səy göstərərək ən yüksək tribunalardan bəyan etdi ki, ölkəmizin ərazi bütövlüyü danışıqlar mövzusu deyil və ola da bilməz. Azərbaycanın konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə sentyabrın 19-da bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanıldı. Bundan bir gün sonra 20 sentyabr tarixində bu tədbirlərin dayandırılması barədə razılığın əldə olunması, separatçıların təslim olması qalib ölkəmizin böyük uğuru olaraq hər birimizdə qürur hissi yaratdı.



Millət vəkilinin dediyinə görə, Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı birləşmələrinin silahı yerə qoyması, döyüş mövqelərindən və hərbi postlardan çıxması və tam şəkildə tərksilah olunaraq ərazilərini tərk etməsi, qeyri-qanuni erməni silahlı dəstələrinin buraxılması, eyni zamanda, paralel şəkildə bütün silah-sursat və ağır texnikanın təhvil verilməsi ilə bütün ölkə ərazisində suveren hüquqlarımız tam bərqərar olur.




Millət vəkili Bəhruz Məhərrəmovun söylədiyinə görə, 1 sutkadan daha az bir zaman kəsiyində Ermənistan silahlı qüvvələrinin birləşmələri və qeyri-qanuni erməni silahlı dəstələrinin ağ bayraq qaldırıb silahı yerə qoymaları, döyüş mövqelərindən və hərbi postlardan çıxaraq tam şəkildə tərksilah olunmaları milli dövlətçilik tariximizdə yeni qəhrəmanlıq salnaməsidir:


“Azərbaycan antiterror tədbirlərinə start verərkən tamamilə aydın və legitim hədəflərlə yola çıxmışdı. Biz Qarabağda erməni silahlı qüvvələri tərəfindən gözlənilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, dinc əhali, o cümlədən ərazidə aparılan bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunmasını tələb edirdik. Yekun məqsəd isə separatçıların mövcud olduğu boz zonada Azərbaycanın konstitusion quruluşunu bərpa etməyi hədəfləyirdik. Sirr deyil ki, qarşımızda muzdlu döyüşçülərdən ibarət şəxsi heyət dayanırdı və irəliyə addım atmaq üçün yarmalı olduğumuz illərlə möhkəmlənmiş müdafiə mövqeləri var idi. Üstəlik, hərbi mövqelər qəsdən yaşayış məskənləri arasında, iaşə obyektlərinin yaxınlığında yerləşdirilmişdi ki, hər hansı hərbi əməliyyat çərçivəsində mülki əhalidən sipər kimi istifadə edilsin. Habelə siyasi situasiya da kifayət qədər mürəkkəb idi və aralarında BMT Təhlükəsizlik Şurasının daimi üzvləri də olmaqla bəzi dövlətlər tərəfindən separatçılara açıq formada dəstək verilirdi. Belə mürəkkəb hərbi-geosiyasi şəraitdə mümkün ehtimallardan daha qısa zaman kəsiyində düşmənin diz çökdürülməsi dünya hərb tarixinin qızıl səhifələrindən biridir”.





Politoloq Məhəmməd Əsədullazadə deyib ki, Azərbaycan Ordusunun antiterror tədbirləri uğurla başa çatdı. Qarabağdakı separatçıların, silahlı dəstələrin təslim olması çox mühüm nailiyyətdir:


"Təslimin şərtləri var. Əsas tələblərdən biri silah-sursatın təhvil verilməsi, hərbi birləşmələrin buraxılması və Ermənistan hərbçilərinin Azərbaycanı tərk etməsidir. Digər önəmli məqam isə Qarabağdakı ermənilərin reinteqrasiya məsələsidir. Əlbəttə, Qarabağdakı ermənilər rəsmi Bakı qarşısında hansısa şərt irəli sürə bilməz. Ermənilər Bakı ilə dialoqa, müzakirə aparacaqlarına razılıq veriblər. Ola bilsin, görüşlərdə, təmaslarda Rusiya sülhməramlılarının nümayəndələri də iştirak etsin. Amma antiterror tədbirlərindən əvvəlki vəziyyət olmayacaq. Bundan sonra Qarabağla bağlı bütün proses Azərbaycan Konstitusiyası çərçivəsində həyata keçiriləcək. Qarabağda yaşamaq və vətəndaşlıq almaq istəyən ermənilər də rəsmi Bakının bütün şərtlərinə, tələblərinə qeyd-şərtsiz əməl etməlidirlər. Ya da torpaqlarımızı tərk etməlidirlər, başqa yol yoxdur".


Sevinc
BakuPost


Qeyd: Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq "Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük “Vətən Müharibəsi”ndə
qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə
cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə
çatdırılması” mövzusunda hazırlanıb.






Şərhlər
  • Yasin Tərziyev

    Milyonlarla soydaş ailələrimizə qarşı 1987ci ildən 2020ci ilə qədər Ermənistan dövlətinin etnik deport, əski DQMV sovetliyi ermənilərinin 33 illik vəhşi-hərbi soyqırım terroru cinayətlərinə qarşı BMT TŞnın ədalətli bərpa qətnaməsinə uyğun, çoxdan gözlənilən adekvat təbii- 2020ci ildə 44 günlük və daha qısa 19-20.09.2023 tarixli preventiv müdafiə zərbələri təbii ki, sarsıdıcı olmalıydı! Təəssüf ki, Kremlin 2020ci il Noyabr Sülh razılaşmasınadan sonra da Ermənistan 13-14.06.2022, əski DQMV teror mərkəzi isə 19-20.09.2023 tarixlərdə erməni daşnaq-nasistləri azərbaycanlı əhaliyə və dövlətinə qarşı bir daha ciddi müharibə cəhdində olmuş və hər dəfə Azərbaycan dövlətinin qanuni vəzifəsini icra edən yüzlərlə qulluqçusunu terror cinayəti ilə məhv ediblər? Səhv etmirəmsə, *Zəfər*dən sonra da *Düşmən ordusu*nun qalmadığını, yalnız ikitərəfli (delimitasiya, sərhədd xətini dəqiqləşdirmə) Sülh şəraitini təyinetmə işlərinin qaldığını bəyan edirdik?

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər