Ru
17:22 / 17 Mart 2023

40 nəfəri aldadan “imam”ın azadlıqdakı "vəkili" - Saxta qazi indi də "İran kartı"ndan istifadə edir

9320
“12-ci imam”, “Sahib əz-Zaman Mehdi” adı ilə 40-dan çox insanın milyonlarla pulunu ələ keçirən və cinayət məsuliyyətinə cəlb edilən Aqil Babayevi “xilas etməyə” çalışan Ceyhun Məhərrəmov bu "missiyası"nı yerinə-yetirmək üçün yeni-yeni "fənd"lərə əl atır.

C.Məhərrəmovun böhtan və şantajına məruz qaldığını idda edən Faiq Abdullayev Bakupost.az -a bununla bağlı yeni təfərrüatları açıqlayıb.

Onun sözlərinə görə, C.Məhərrəmov dələduzluqla məşğul olan və hazırda həbsxanada cəza çəkən Aqil Babayevi müdafiə etmək üçün uzun müddət "Qarabağ qazisi" olduğunu iddia edib:

"Aqil Babayev barəsində olan cinayət işi üzrə zərərçəkmiş şəxslərə təzyiq göstərmək, həmçinin "12-ci imam"ı müdafiə etmək üçün C.Məhərrəmov 2022-ci ilin may ayından başlayaraq yaxın vaxtalara qədər bir sıra xəbər portallarında özünü Qarabağ qazisi kimi təqdim edib və həqiqətə uyğun olmayan məlumatlar yayıb. O, bu yolla mənə və digər zərərçəkənlərə böhtan atıb. C.Məhərrəmov bu saxtakarlığı ilə hüquq-mühafizə orqanları və məhkəmələrin işinə kölgə salıb".

F.Abdullayevin sözlərinə görə, C.Məhərrəmov Azərbaycanın ərazi bütovlüyü uğrunda gedən döyüşlərdə iştirak edərək düşmən ordusu tərəfindən müxtəlif güllə və qəlpə yaraları aldığını desə də, bütün bunlar yalandır:

"Ceyhun Məhərrəmov ümumiyyətlə, nə birinci, nə də ikinci Qarabağ müharibəsində iştirak edib. Onun “Qarabağ qazi”si olması barədə iddiaları rəsmi sənədlərlə ifşa olunub. Ancaq buna baxmayaraq, o, yenə də saxtakarlığını davam etdirir. Bunun məsuliyyətindən çəkinməyərək hazırda da bir sıra xəbər portallarında mənə və Aqil Babayevin işində zərər çəkən digər şəxslərə qarşı qarşı qarayaxma kampaniyasını aparır".

Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Bakupost.az -a verilən məlumata görə, 1980-ci il təvəllüdlü Ceyhun Bəhrəm oğlu Məhərrəmovun “Əlillik” altsistemində 1999-cu il 1 yanvarda xəsarət aldığı qeyd edilir. Həmin tarixdə heç bir savaş baş vermədiyindən, C.Məhərrəmovun qazi olmadığı aydın olur. Başqa sözlə, C.Məhərrəmov həqiqi hərbi xidmətdə olarkən, təlim zamanı ehtiyatsızlıqdan xəsarət alıb. O, nə Aprel və Tovuz savaşlarında, nə də İkinci Qarabağ savaşında iştirak edib.

F.Abdullayev deyir ki, Qarabağ qazisi olmadığı sübuta yetirildikdən sonra C.Məhərrəmov yeni "fənd"ə al atıb. Belə ki, o, guya İran kəşfiyyatının təsiri altında olan adamlar tərəfindən fiziki təzyiqlərə məruz qalıb:

"Lakin qazi məsələsi kimi, bu da ağ yalandır. C.Məhərrəmov sadəcə, hiyləgərlik edir, bilir ki, Azərbaycan cəmiyyətdə İranın təsirində olan insanlar barədə birmənalı mənfi münasibət var. O, zərərçəkmişlərə qara yaxmaq üçün bu məsələdən istifadə edir. Təəssüf ki, bir sıra xəbər portalları da C.Məhərrəmovun bu oyununa gedirlər. Onun təqdim etdiyi məlumatları dəqiqləşdirmədən ictimaiyyətə təqdim edirlər.

Digər zərərçəkən Kavə Füzuli oğlu Araz da C.Məhərrəmovun ona və Faiq Abdullayevə böhtan atdığını bildirib:

"Ceyhun Məhərrəmov xəbər portallarına müraciət edərək, guya mənim İrandan gələrək onu dövlətə verdiyi ifadəsini dəyişdirmək üçün döydüyümü deyib. Eləcə də həqiqətə uyğun olmayan bir sıra digər məlumatlar yayıb. Bildirirəm ki, mən, valideynlərim və bütün ailə üzvlərim Bakı şəhərində anadan olmuşuq, Azərbaycan vətəndaşlarıyıq. C.Məhərrəmov məni 17 ildir ki, tanıyır və bütün bunlardan tam məlumatlıdır. Onun ifadəsi ilə və yaxud hər hansı başqa bir işlə əlaqədar ona qarşı heç bir təzyiq etməmişəm. Sadəcə, 03.05.2022-ci ildə bizim (mənim və C.Məhərrəmovun) yaşadığı evin qarşısında o, ünvanıma nalayiq küçə söyüşləri işlədib. Həmçinin dostum Faiq Abdullayevi vuraraq, ona xəsarət yetirib. Bu səbəbdən aramızda qarşılıqlı dava-dalaş baş verib. C.Məhərrəmov Xətai Rayon Məhkəməsinə verdiyi ifadəsində mənim ona zəng etmədiyimi və hər hansı təzyiq göstərmədiyimi etiraf edib".

Zərərçəkənlər onu da bildirib ki, C.Məhərrəmov və A.Babayevin tərəfdarları tərəfindən müxtəlif xəbər portallarına verilən məlumatlar Nərimanov və Binəqədi rayon məhkəmələri tərəfindən araşdırılıb:

"Həmin məlumatların həqiqətə uyğun olmadığı müəyyən edilərək müvafiq qərarlar qəbul edilib. Özünü "12-ci İmam" kimi təqdim edib dələduzluqla məşğul olan, vətəndaşlara xüsusilə külli miqdarda ziyan vuran Aqil Babayevin cinayət işi üzrə zərərçəkmiş şəxs F.Abdullayevə C.Məhərrəmov tərəfindən xuliqanlıq niyyəti ilə xəsarətlər yetirilib. Bu faktı üzrə Ceyhun Məhərrəmovun barəsində Xətai rayon Məhkəməsində Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə cinayət işi açılıb və araşdırma davam edir. Hazırda isə saxta qazi C.Məhərrəmov xəbər portallarına guya İran İslam Respublikasının vətəndaşları tərəfindən döyülərək təzyiqlərə məruz qaldığını bildirir. Bu, tamamilə cəfəngiyyatdır".

Qeyd edək ki, təqsirləndirilən Aqil Babayev aldatma və etibardan sui­istifadə etməklə Faiq Abdullayevə 354.600 manat, Zaur Abdullayevə 134.000 manat, Bəhruz Kavəyə 72.000 manat, Araz Kavəyə isə 17300 manat məbləğində maddi ziyan vurmaqla, ümumilikdə 40-dan çox şəxsin 2 milyondan artıq pulunu ələ keçirib. Cinayət işinə başlanar-başlanmaz isə “İmam Mehdi”ni fanatcasına müdafiə edənlər peyda olub və onlar cidd-cəhdlə Aqil Babayevin qanunsuz əməllərindən zərər çəkən şəxslərin şikayət ərizələrini geri götürməsinə və “İmam Mehdi”nin azadlığa çıxmasına nail olmağa çalışırlar.

Zərərçəkənlər bu kampaniyanı təşkil edən əsas simalardan birinin Ceyhun Məhərrəmov olduğunu bildirirlər. Onların dediyinə görə, C.Məhərrəmov hələ də Aqil Babayevin əməllərindən zərər çəkən şəxslərə təzyiq göstərərək, müxtəlif üsullarla onlardan iddialarını geri götürməsini tələb edir.







Zaur
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər